“Azərbaycana Rusiyadan təhlükə yoxdur”
Mayis Güləliyev: “Amma bütün hallarda Türkiyə ilə münasibətlərin ən geniş həcmdə inkişaf etdirilməsi vacibdir”
2 Sentyabr 2014 13:02 MüsahibəRusiya Federasiyası Ukraynanın ardınca digər müstəqil respublikalara qarşı da ərazi iddiaları baş qaldırır. Son günlər müşahidə edilən Rusiya-Qazaxıstan gərginliyi, eləcə də Polşaya hücum barədə şimal qonşumuzda səslənən fikirlər Kremlin yeni planlarından xəbər verir. Bəs görəsən bu nə dərəcədə realdır və Azərbaycanı hansısa təhlükəyə gözləyirmi? "Vətən" Siyasi Blokunun icraçı katibi Mayis Güləliyev regiondakı Rusiya faktoru və onun mümkün təhlükələrindən danışıb.
-Mayis bəy, Rusiyanın işğalçılıq siyasəti getdikcə daha qabarıq şəkildə özünü göstərir. Belə ki, son günlər Moskva tərəfindən Qazaxıstanla münasibətlərin gərginləşməsi Rusiyanın bu ölkəyə qarşı da hansısa planlarından xəbər vermirmi?
-Mənim bildiyimə görə Rusiya ilə Qazaxıstan arasında ciddi iqtisadi və siyasi əməkdaşlıq var. Digər tərəfdən, bu ölkələrin cəmiyyətləri də çox yaxındır. Qazaxıstan əhalisinin təqribən yarısı rus dilli əhalidir. Bu çox mühümdür. Qazaxıstan iqtisadiyyatı rus iqtisadiyyatı ilə demək olar ki, inteqrasiya edib. Belə olan şəraitdə Rusiya və Qazaxıstan arasında münaqişə yalnız kənar qüvvələrin təhriki ilə ola bilər. Necə ki, bu Ukraynada oldu. Üçüncü qüvvələrin qızışdırdığı münaqişə isə qalan iki tərəfə ziyan vurur. İnanıram ki, Rusiya və Qazaxıstan buna yol verməzlər. Xüsusilə, Qazaxısatn prezidenti uzaqgörən siyasətçidir. O, buna yol verməz.
-Sizcə, Avropanın Rusiyanın bu işğalçılıq siyasətinə qarşı sərgilədiyi seyriçilik münasibəti nədən irəli gəlir?
-Avropa Ukrayna hadisələrinə nəinki seyrçi münasibət bəsləmir, əksinə bu münaqişəni yaradaraq, onu tam çəkildə nəzarətdə saxlayır. "Meydan" hərəkatı məgər Avropadan xəbərsiz başlamışdı? Sonrakı hadisələr də Avropanın tam diqtəsilə və onun tam nəzarətində inkişaf edir. Avropaya bütöv və güclü Ukrayna lazım deyil. Avropaya daha çox parçalanmış və zəifləmiş Ukrayna lazımdır. Güclü Ukrayna Avropa Birliyinə daxil olarsa, orada söz sahibi ola bilər. Odur ki, Avropa daha çox parçalanmış Ukraynaya öz daxilində yer ayıracaq.
-Rusiya təhlükəsi Azərbaycan üçün də real görünürmü?
-Mən bir daha təkrar edirəm ki, indiki şəraitdə Azərbaycana Rusiya təhlükəsi yoxdur. Bu o deməkdir ki, Azərbaycan hakimiyyətinin son 20 ildə apardığı "balanslı xarici siyasət" kursu qonşu ölkələrlə yaxşı münasibətin qurulmasına və qarşılıqlı əməkdaşlığın formalaşmasına şərait yaradıb. Bu gün Rusiya ilə Azərbaycan arasında nə iqtisadi, nə də siyasi zəmində heç bir anlaşılmazlıq yoxdur. İnanıram ki, hakimiyyət gələcəkdə də bu kursu davam etdirəcək. Bizə bizimlə yaxşı münasibətləri olan qonşular lazımdır. Təəssüf ki, Azərbaycanda çoxlu sayda KİV səhərdən axşamacan Rusiyaya qarşı təxribat xarakterli məlumatlar yayaraq Azərbaycan cəmiyyətini Rusiyaya qarşı qoymağa cəhd edirlər. Bu indiki şəraitdə Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirə bilər.
-Bu arada Azərbaycan-Türkiyə münasibətlərinin daha da yaxınlaşması ölkəmizi Rusiyanın təzyiqlərindən nə dərəcədə sığortalayır?
-Artıq qeyd etdim ki, Azərbaycana Rusiyadan təhlükə yoxdur. Amma bütün hallarda Azərbaycanın Türkiyə ilə münasibətlərinin ən geniş həcmdə inkişaf etdirilməsi vacibdir. Türkiyə, Rusiya və İran Azərbaycana qonşu ölkələr kimi, həm də tarixi tellərlə bağlıdırlar. Bu ölkələrin iqtisadi, siyasi əlaqələrinin genişlənməsinə ciddi ehtiyac var.
-Ümumiyyətlə, Rusiyanın imperiyanı bərpa etmək niyyəti mümkün olacaqmı?
-Rusiya bir dövlət kimi özünün milli təhlükəsizliyini əlbəttə hər an qorumağa çalışır. Bu təbiidir. Odur ki, Rusiyaya qonşu olan ölkələrdə bunu nəzərə almalıdırlar. Məsələn, Gürcüstan orada yaşayan azərbaycanlıların rəyini soruşmadan Ermənistan ilə konfederativ dövlət qurmaq istəsə, buna Azərbaycanın reaksiyası necə olacaq? Əlbəttə, Azərbaycan Gürcüstanda olan soydaşlarımızın hüquqlarının qorunmasına çalışacaq. Və yaxud, Ermənistan Gürcüstan ərazisində Azərbaycan sərhədlərinə yaxın olan ərazilərdə hərbi baza yerləşdirmək istəsə, bu məsələyə Azərbaycanın reaksiyası necə olacaq? Əlbəttə, çox sərt! Belə halda Azərbaycan Gürcüstana bildirməlidir ki, onunla münaqişədə olan ölkənin hərbi bazasını niyə mənim sərhədlərimdə yerləşdirirsən? Mən belə çoxlu misal gətirə bilərəm. Ukraynada hazırda baş verən hadisələr 1992-1993-cü illərdə Azərbaycanda baş verən hadisələrə çox oxşayır. Ukrayna və Rus xalqları etnik, dini, dil və tarixi yaxınlığı olan xalqlardır. Təəssüf ki, bəzi fitnəkarlar bu xalqlar arasında nifaq salmağa müvəffəq oldular. Mən bütün ölkələrin , o cümlədən Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü həmişə müdafiə etmişəm. Amma öz müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edən hər bir dövlət də gərək digərləri üçün təhlükə yaratmasın və ya yarana bilən təhlükəyə dəstək verməsin.
S.İsmayılbəyli