“Təmas xəttində baş verən proseslərdən Ermənistan cəmiyyəti şoka düşüb”

Emin Həsənli: “Ermənistan gücü ortadadır, o, ordusu, iqtisadiyyatı olmayan aciz bir ölkədir”

Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənlinin "Olaylar"a müsahibəsi.

- Emin müəllim, cəbhə bölgəsində baş verən son hadisələr Azərbaycan ordusunun döyüş peşəkarlığını ortaya çıxardı. Qarşı tərəfin bütün həmlələri lazımi qaydada cavablandırıldı. Sizin bu məsələyə münasibətiniz necədir?

- Cəbhədə baş verən son hadisələr bir neçə məsələni ortaya çıxardı. İlk olaraq Ermənistanın heç bir hüquq normalara əməl, Azərbaycanın əksinə olaraq, sülh danışıqlarına sadiqlik nümayiş etdirməməsi, separatizm və işğalçılığı davam etdirməsi bəlli oldu. İkinci, beynəlxalq təşkilatların biganəliyi göründü. 20 ildən çoxdur ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin şərtləri yerinə yetirilmir. Minsk qrupu həmsədrləri də baş verənlərə lazımi münasibət bildirmədilər, nə Ermənistanın separatçılıq meylləri, nə də əsirlikdə saxlanılan azərbaycanlılar barədə konkret mövqe ortaya qoymadılar. Eyni zamanda proseslərdə Azərbaycan və Ermənistan ordularının da müharibəyə nə qədər hazır olub-olmaması açıq şəkildə göründü. 90-cı illərdən fərqli olaraq, Azərbaycan ordusunun daha güclü olması, cəmiyyətin bu məsələyə səfərbərliyi göründü. İqtisadiyyatı və dövləti güclü olan Azərbaycanın güclü orduya sahib olması qanunauyğundur. Ölkədə aparılan işlərin nəticəsi olaraq, gənclərdə, veteran döyüşçülərdə, beləliklə bütün cəmiyyətdə vətənpərvərlik ruhunun yüksək olması, döyüşmək istəməsi düşmən ölkəni narahat etdi. Eyni zamanda əvvəlki illərə nəzərən cəbhədə şəhid olmuş hərbçilərimizin dəfnində QHT, dövlət orqanları və media nümayəndələrinin, habelə cəmiyyət üzvlərinin iştirakı sevindirici oldu. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra bu məsələyə xüsusi önəm verir. Şəhid ailələrinə diqqət və qayğı artırılıb. Cənab prezidentin tapşırığı ilə şəhid, veteran və əlil ailələrinə dövlət diqqəti yüksək səviyyədədir. Ermənistan cəmiyyəti isə çaşqınlıq içərisindədir. İqtisadiyyatı olduqca pis vəziyyətdədir. Dövlət müstəqil deyil. İqtisadiyyatı olmayan dövlətin ordusundan söhbət belə gedə bilməz. Azərbaycanda isə peşəkar ordu və mətbuatın formalaşması sevindiricidir. Onlar dövlətimizin milli maraqlarını qoruyur. Ordu və əhali arasında sıx münasibətlər var. Bir müddət əvvəl bir sıra QHT və mətbuat nümayəndələrilə cəbhə bölgəsində olanda, orada ordumuzun yüksək ruhunu gördük. Xüsusilə hospitallarda əsgərlərimizin qısa zamanda sağalıb döyüşmək istəyi ruhunun şahidi olduq. Cəbhə bölgəsində düşmən xofu yoxdur, hərə öz işilə məşğul olur. Bölgədə orduya böyük dəstək var. Ən əsası insanlar qısa zamanda torpaqlarımızın azad olunacağına inanırlar. Xüsusilə şəhid valideynlərinin övladlarının vətən uğrunda həlak olmaları ilə fəxr etməsi qürurlandırıcıdır. Cəbhə xəttində olanda səngərlərdə vəziyyətin xeyli yaxşılaşdırılması, ordunun maddi-texniki bazasının güclənməsi, müasir silah-sursatla təmin edilməsi, əsgər geyimlərinin qaydasında olması, qidasının zənginləşməsini görmək bizi sevindirdi. Ən əsası əsgərlərdə ruh yüksəkliyi var. Hərbi hissələrdə kazarma şəraiti çox yaxşı təşkil edilib. Əgərlərin yüksək səviyyəli tibbi müayinələrdən keçməsi üçün müasir infrastruktur yaradılıb. Hərbi hissələrdə əsgərlər yemək bişirmək və təmizlik işlərindən tamamilə kənardadırlar. Bu işlərin hamısını mülki insanlar həyata keçirir. Qadın aşpazlar əsgərlər üçün çox keyfiyyətli yeməklər bişirirlər. Bu da sırf əsgərlərin döyüş hazırlığı ilə məşğul olmalarını təmin edir. Orduda nizamnamədən kənar hadisələr həmişə bu məsələlər üzərində olurdu. Amma indi ordumuz tamamilə təlim işlərini həyata keçirir. Mənəvi-psixoloji, siyasi-hüquqi hazırlıq yaxşı təmin edilib. İdeologiya yüksək səviyyədədir. 20 ildə ilk dəfə olaraq QHT və media cəbhənin bütün xətti boyunca gəzinti işi həyata keçirdi. Cəbrayıldan Qazaxın ən yüksək nöqtəsinədək cəbhə xəttində oldular. Belə səfərlər tez-tez təşkil ediləcək. Bu həm əsgərlərimizdə döyüş ruhunun yüksəldilməsinə, həm psixoloji hazırlığına müsbət təsir edir, həm də silahlı qüvvələrə ictimai nəzarət prosesi yüksək səviyyədə həyata keçirilir ki, bu zabitlərin öz üzərilərində işləməsinə şərait yaradır. Eyni zamanda ordu ilə xalq arasında isti münasibət yaradır. Digər tərəfdən mətbuat nümayəndələri reallıqları əks etdirən materialları cəmiyyətə təqdim edirlər.

- Sərkisyan Azərbaycanı "S-300" raketlərilə vuracağı ilə hədələdi. O, Azərbaycanı xarabalığa çevirmək gücündə olduqlarını dedi. Fikrinizcə, Ermənistanın bu gün Sərkisyanın dediyi kimi hərbi imkanları var?

- Sərkisyan terrorçudur, cinayətkardır, əlləri azərbaycanlıların qanına batıb. Gec-tez o Azərbaycan məhkəməsi qarşısında cavab verəcək. Sərkisyan Azərbaycanın gücündən xəbərdardır. Başa düşür ki, Azərbaycan gec-tez işğalda olan torpaqlarını azad edəcək. Təmas xəttində baş verən proseslərdən Ermənistan cəmiyyəti şoka düşüb. Erməni ordusunun verdiyi itkilər, erməni diversiya qrupunun məhv edilməsi, müdafiənin təşkil edilməməsini əhali gördü. Digər tərəfdən iqtisadi böhran Ermənistanı pis vəziyyətə salıb. Əhali sürətlə ölkəni tərk edir. Bu gün Ermənistın adından Rusiyadan daha çox danışırlar. Onu bir dövlət kimi saya salan yoxdur. Sərkisyanın yarıtmaz siyasəti nəticəsində ölkədə heç bir nüfuzu qalmayıb. Sərkisyanın səsləndirdiyi fikirlərin heç bir məntiqi əsası yoxdur. Ermənistanın gücü ortadadır, o ordusu, iqtisadiyyatı olmayan aciz bir ölkədir. Rusiya isə Sərkisyanın bu təxribatına getməz. Çünki Ermənistandan fərqli olaraq Rusiyanı ağıllı adamlar idarə edir.

Mənsur Rəğbətoğlu
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31