Müxalifət hər dəfə məğlubiyyətə uğrayıb - Əvəz Temirxan - MÜSAHİBƏ

“Kimin səmimi və qeyri-səmimi olmasına baxmayaraq biz çalışmalıyıq ki, bütün qüvvələr bir araya gəlsin”

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanın "OLAYLAR"-a müsahibəsi

-Əvəz bəy, Azərbaycan müxalifətinin prezident seçkilərinə hazırlıq prosesini necə dəyərləndirirsiniz? Artıq hakimiyyət öz namizədini qeyri-rəsmi olaraq elan etsə də, lakin müxalifət bu prosesdə tələsmir. Sizcə müxalifətin namizədinin müəyyən edilməsinə nə mane olur?

-Nə qədər ki, hazırkı Seçki Məcəlləsi mövcuddur və həmin qanuna əsasən ölkədə bu və ya digər seçkilər keçirilir, o seçkilərdə iştirak etməyin mənası yoxdur. İlk növbədə müxalifət olaraq biz bu məcəlləni, seçki qabağı mühiti dəyişməliyik. Yalnız ondan sonra biz müxalifətin vahid namizədi barədə düşünməliyik. Müxalifət imkan verməməlidir ki, növbəti prezident seçkiləri də mövcud məcəllə ilə keçirilsin. Mən də siyasətçiyəm, müxalifətəm, meydanda mən də varam demək üçün bu seçkilərə getməyə dəyməz.

-Dediklərinizdən belə aydın olur ki, Azərbaycan Liberal Partiyasının prezident seçkilərində öz namizədim olmayacaq?

-Bir daha qeyd edirəm ki, mövcud seçki qanunvericiliyi ilə seçkilərə getmək həm özümüzü, həm də xalqı aldatmaqdır. Birgə fəaliyyət göstərib mövcud şəraiti dəyişdikdən sonra seçkilərə getmək barədə düşünmək olar.

-Azərbaycan Liberal Partiyasının sədri olaraq vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

-Hesab edirəm ki, Azərbaycanda nüfuzu qüvvəsi, iddiası olan qüvvələr ilk növbədə bir araya gəlməli və bütün narazı, islahatçı qüvvələri öz ətraflarında, vahid hərəkatda birləşdirməlidirlər. Biz bu yolla seçkiqabağı mühiti dəyişməli, demokatik seçkilərin keçirilməsinə nail olmalıyıq. Məhz buna nail olduqdan sonra biz müxalifət olaraq seçkilərə getməliyik. Fərqi yoxdur seçkilərə ya vahid namizədlə gedilsin, ya da fərdi qaydada. Bundan sonra kim necə istəyir seçkilərə elə də getsin. Mənim siyasi partiya rəhbəri olaraq istəyim bundan ibarətdir.

-Sizcə, müxalifətdə təmsil olunan bütün qüvvələr belə bir əməkdaşlığa səmimidirlərmi?

-Kimin səmimi və qeyri-səmimi olmasına baxmayaraq biz çalışmalıyıq ki, bütün qüvvələr bir araya gəlsin. Azərbaycan Liberal Partiyası bu kimi məsələlərdə həmişə səmimi olub.

-Bəs indiki halda buna nail olmaq nə dərəcədə mümkündür?

-Qloballaşan, sıxlaşan, sanki bir kəndə çevrilən dünya artıq vahid bir ictimai-siyasi orqanizmə çevrilib. Hesab edirəm ki, hazırda ölkədə baş verənlər təkcə Azərbaycan xalqının siyasi iradəsindən asılı deyil.

-Ancaq görünən odur ki, müxalifət nəinki vahid namizəd müəyyən edə bilmir, hətta seçki qanunvericiliyinin dəyişdirilməsi istiqamətində də hansısa addım atmağı düşünmür. Bir növ Azərbaycan müxalifəti prezident seçkiləri ilə bağlı passiv mövqedə dayanıb. Bunun səbəbi nədir?

-Azərbaycan müxalifəti qeyd edilən istiqamətlərdə dəfələrlə aktivlik nümayiş etdirib. 1997-1998-ci ildən bu günə qədər müxalifət daha geniş spektrdə birləşib və seçki qanunvericiliyinin demokratikləşməsi istiqamətində mübarizə aparıb. Çox təssüf ki, demokratiya adı altında fəaliyyət göstərən beynəlxalq irtica, korrupsiyaya uğramış müxtəlif beynəlxalq lobbi təşkilatları, ayrı-ayrı siyasilər, Avropa Şurasının təmsilçiləri iqtidara dəstək verirlər. Azərbaycan müxalifəti 4 dəfə iqtidara qarşı dinc və silahlı mübarizəyə qalxsa da, lakin hər dəfə məğlubiyyətə uğrayıb. Təbii ki, mən silahlı mübarizənin tərəfdarı deyiləm.

-Vətəndaş və İnkişaf Partiyası ilə uzun müddət davam edən birgə əməkdaşlığınızda son vaxtlar bir sərinlik müşahidə edilir. Bu nə ilə əlaqədardır?

-Azərbaycan Liberal Partiyası Vətəndaş və İnkişaf Partiyası ilə birlikdə müxalifətin geniş spektrdə birliyinin yaradılması istiqamətində faliyyətini davam etdirir. Səkkiz partiyanın bir araya gəlməsi ideyası zamanı da Azərbaycan Liberal Partiyası VİP-lə birlikdə idi.

-Ancaq son zamanlar VİP müxalifətin birgə əməkdaşlığı ilə bağlı təklifi təkbaşına irəli sürüb

-Həmin təklif də iki partiyanın birgə müdafiə etdiyi fikirdir. Azərbaycan Liberal Partiyası ilə Vətəndaş və İnkişaf Partiyasının mövqeləri eynidir.

-Bəzi siyasilər iddia edirlər ki, əvvəlki seçkilərdə namizəd olub, lakin xalqın etimadını doğrultmayan liderlər bu dəfə namizədliklərini irəli sürməsinlər. Azərbaycan Liberal Partiyası olaraq bu mövqeyə münasibətiniz necədir?

-Ümumiyyətlə ölkədə keçirilən bu və ya digər seçkilərdə iştirak etmək hər bir vətəndaşın borcu və haqqıdır. Əksinə mən hesab edirəm ki, vaxtı ilə cəmiyyətin səsini alan, lakin bu səsləri qoruya bilməyən liderlər, siyasi qüvvələr də müxalifətin birliyində öz yerlərini almalı və demokratik islahatlar uğrunda aparılan mübarizəyə öz töhfələrini verməlidirlər.

Süleyman İsmayılbəyli

nən odur ki, m

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31