Müxalifət partiyaları arasında liderlik uğrunda mübarizə gedir
Ramil Hüseynov: “Onlar üçün hakimiyyət uğrunda mübarizə bəlkə də 3-4-cü plandadı”
17 İyul 2014 16:18 MüsahibəBu il ölkədə bələdiyyə seçkiləri ili olmasına baxmayaraq müxalifət düşərgədə hələ də bir passivlik, fəaliyyətsizlik hökm sürür. Maraqlısı odur ki, əksər müxalif partiyalar hətta seçkilərdə iştirak edib-etməyəcəyini belə qərarlaşdıra bilməyib. Sözügedən düşərgədə mövcud olan passivlik və bu passivliyin müxalifətin gələcək fəaliyyətinə mümkün təsiri ilə bağlı Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə VİP rəsmisi təmsil etdiyi partiyanın bu ilin sonunda ölkədə keçiriləcək bələdiyyə seçkilərində iştirak edib-etməyəcəyinə də aydınlıq gətirdi.
-Ramil bəy, mövcud siyasi vəziyyətdə partiyaların fəaliyyətini necə qiymətləndirirsiniz?
-Hesab edirəm ki, hazırda mövcud siyasi vəziyyət nə müxalifət partiyaları, nə də iqtidar üçün müsbət mənada heç də arzuolunan deyil. Bu gün müxalifət partiyaları ümumilikdə keçmiş illərə nisbətən xeyli zəifləyib. Təbii ki, bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Azərbaycanda siyasi partiyalar hər partiya liderinin özunun sanki biznes obyekti kimi fəaliyyət göstərir. Bunun nəticəsi olaraq da illərdir ki, yerində addımlayırlar. Bir çox hallarda geriyə addımlama müşahidə olunur. Siyasi perspektiv uğrunda mübarizə aldadıcı və qətiyyətsiz şəkildə həyata keçirilir. Müxalifət partiyaları arasında bu düşərgəyə liderlik uğrunda mübarizə gedir. Onlar üçün hakimiyyət uğrunda mübarizə bəlkə də 3-4-cü plandadı .İllərdir ki, bu insanlar siyasətin üst qatındadırlar və liderlik uğrunda mübarizə aparanların əksəriyyəti hakimiyyətdə də təmsil olunub, siyasi təcrübələri var. Hamısını da ağıllı və intellektə malik insanlar kimi tanıyıblar .Lakin indiyə qədər heç bir uğur əldə edə bilməyiblər. Kimsə onlardan bir addım qabağa kecmək istəyirsə, dərhal ona qarşı düzgün olmayan böhtan maşınlarını işə salırlar. İndiki prezidentə həmin müxalifət ilk prezidentlik dövründə 6 ay vaxt vermişdı. Amma 15 ildir ki, həmin insan ölkəni idarə edir. İldən-ilə də qarşı tərəfi zəiflədib. Belə getsə hələ 60 il də idarə edəcək. Çünki müxalifətdə məqsəd hakimiyyətə gəlmək deyil, hakimiyyətdən nəsə qopartmaqdı. Daxildə insanlarımızı özumuzə inandıra bilmirik ki, bu bizim səhvimizdi. Səbəbi də muxalifətdə birincilik arzusudu. Hesab edirəm ki, səmimi mübarizə metodu seçilsə, xalqın inamını qazana bilsək və bu istiqamətdə görüləsi lazım olan bütün məsələlər həllini tapsa bəlkə bu vəziyyətdən çıxmaq olar.
-İndiki durumda müşahidə edilən odur ki, Azərbaycan müxalifəti bir növ passiv durumdadır. Sizcə bu passivlik müxalifəti hara aparır?
-Bu passivlik muxalifəti heç yerə aparmır, hardadılarsa ordada saxlayır
-Vətəndaş və İnkişaf Partiyasının bələdiyyə seçkiləri ilə bağlı mövqeyi dəqiqləşibmi və seçkilərdə iştirak etməyi düşünürsünüzmü?
-Hazırda müqəddəs Ramazan ayıdır. Yeri gəlmişkən bütün oruc tutan insanlara oruclarının və mübarək Ramazan ayında etdikləri duaların qəbul olunmasını arzulayıram. Allah xalqımızı bəlalardan hifz etsin. Bu gün bütün dünya demək olar ki, müharibə şəraitindədir. Bu çox təəssüfedici haldır. Biz həm müxalifət, həm də iqtidar olaraq ümumilikdə bütün vətəndaşlar ölkədə hansısa xaotik bir vəziyyətin yaranmasının qarşısını almaq üçün həmişə hazır olmalıyıq. Bu bizim vətəndaşlıq borcumuzdur. Qaldı ki sualınıza, bələdiyyə seçkilərinə qoşulmağa partiya üzvlərində o qədər də həvəs yoxdur. Yəqin ki, orucluqdan sonra qərar olacaq. Çox güman ki, üzvlərimizə seçkilərdə iştirakla bağlı sərbəstlik veriləcək. Partiyamız əsasən 2015-ci ilin parlament seçkilərinə hazırlaşır. Bu istiqamətdə partiyanın qurumları müvafiq lahiyələr uzərində işləyirlər.
-Sizcə, müxalifətin yaxın vaxtlarda, istər bələdiyyə, istərsə də parlament seçkiləri ərəfəsində birgə fəaliyyəti mümkün görünürmü?
-İndidən bu barədə proqnoz vermək bir az çətindi. Çünki elə bir siyasi mühit yarana bilər ki, doğurdan da bütün müxalifətin bir araya gəlməsi mühüm bir şərtə çevrilə bilər. Yaxud da əksinə, buna ehtiyac olmaz.
-Türkiyədə keçiriləcək prezident seçkilərinin nəticələrinin Ankara-Bakı əməkdaşlığına hansısa təsiri ola bilərmi?
-Əgər Türkiyədə indiki hakimiyyətdə təmsil olunanlar yenidən hakimiyyətdə qalsa, əməkdaşlığa çox cüzi təsir ola bilər. Burada bir amili qeyd etmək lazımdır. Türkiyə qardaş ölkədi və bu xalqlar arasında istənilən hakimiyyət istəsə belə əməkdaşlığımıza ciddi mənfi təsir göstərə bilməz Buna sadəcə xalq imkan verməz.
Süleyman İsmayılbəyli