“Nurçuluq və vəhabilik Qərb İslamının 2 üzüdür”

Hacı Samir Əzizov: “Bu gün İslam bölgələrində baş verən olayları səlib yürüşlərinin davamı kimi qiymətləndirərdim”

"Qərb burada ssenari müəllifi rolundadır"

Qərbin, Birləşmiş Ştatların ixrac etdiyi inqilablarla qeyri-sabit və gərgin bir dövrə qədəm qoyan müsəlman aləmi bu günlərdə özünün daha çətin dövrünü yaşayır. İraqda bəşər tarixinin insanlığa zidd olan ən qəddar hərəkətlərini edən İraq-Şam İslam Dövləti adlı terror təşkilatı növbəti hədəf kimi Məkkəni seçdiyini bəyan edib. Heç şübhəsiz ki, müsəlman dünyasının bir parçası olan Azərbaycanda da bu proseslər yaxından izlənməkdədir. Maraqlısı odur ki, ölkədə fəaliyyət göstərən müəyyən dini təriqətlərin nümayəndələri oxşar proseslərin Azərbaycanda da təkrarlanmasına çalışır. Bu günlərdə regionların birində baş vermiş məlum hadisə, eləcə də vəhabilərin paytaxtdakı bəzi məscidlərdə təxribat törətmək cəhdləri deyilənləri təsdiqləyir. Bəs görəsən Azərbaycandan dini zəmində qarşıdurma yaratmaq nə dərəcədə mümkündür? Ümumiyyətlə, bu gün müsəlman aləminin üzləşdiyi problemləri necə yoluna qoymaq olar? Bu və ya digər məsələlərə aydınlıq gətirmək üçün ilahiyyatçı Hacı Samir Əzizovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Hacı Samir Əzizov Azərbaycanda dini zəmində qarşıdurma yaratmaq cəhdlərinə də aydınlıq gətirib  O, bu cür mənfi tendensiyanın qarşısının alınması yollarından da danışıb.

-Hacı, bu gün İslam dünyasında, xüsusilə Suriya və İraqda yaşanan olayları necə qiymətləndirirsiniz. Uzun illər xristianların müsəlman dünyasına səlib yürüşünə çıxdığını, müsəlmanların xristian aləmi tərəfindən çıxışdırldığını dediyimiz halda bu gün müsəlmanlar müxtəlif təriqətlər adı altında bir-birinə qarşı düşmənə çevrilib. Bu prosesləri necə dəyərləndirirsiniz?

-Əslində bu gün İslam bölgələrində baş verən olayları səlib yürüşlərinin davamı kimi qiymətləndirərdim. Sadəcə burada aktyorlar dəyişib. Qərb burada ssenari müəllifi rolundadır. Bəli, vaxtilə İslam tarixinin bir küncündə qalmış bəzi məzhəblərə Qərb tərəfindən həyat verildi. Bu məzhəblərin başında özlərini sələfi adlandıran Vəhabi dediyimiz təriqət gəlir. Bu düşmənçiliyin də səbəbində bəzi nöqtələr durur ki, bu nöqtələr məzhəbin kiminsə əlində maşaya çevrilməsinə rəvac verir. Qərbin əlində maşa olan bu məzhəbin fikirləri Əhli sünnə adlanan məktəbin düşüncə anlayışı ilə kəskin fərqlənir. Bu məzhəbə xas olan sırf təkfirçilik (Kiməsə kafir hökmünü vermə) prinsipi müsəlman cəmiyyətlərinə qarşı düşmənçilik hissini durmadan alovlandırır. Bunun İslam Peyğəmbərinin (s.ə.ə) gətirdiyi dinin məzmunuyla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Fikrimi Müqəddəs Qurani Kərimin bir şərif ayəsi ilə əsaslandırmaq istəyirəm. Nisa surəsinin 94-cü ayəsində Allah təala (c.c) buyurur: "Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu bildirən (salam verən) bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahlanaraq: "Sən mömin deyilsən!" deməyin". Bu qədər gözəl bir dinin mənsubları gərək bu ayələri görməzlikdən gəlməsin.

-Belə çıxır ki, müsəlmanların müxtəlif təriqətlər adı altında bir-birinə qarşı vuruşmasının arxasında elə Qərb özü dayanır?

-Əslində nurçuluq və vəhabilik Qərb İslamının 2 üzüdür, desək yanılmarıq. Vəhabilik sərt üz kimi, nurçuluq isə bunun mülayim üzü kimi təqdim olunur. Bunlar onun üçün 2 üz kimi ortalığa qoyulub ki, sərtlikdən xoşlanmayan təbəqələr mülayimə üz tutsun, mülayimlikdən də xoşlanmayanlar sərtliyi seçsinlər. Hər iki halda seçici Qərb İslamında qalır. Bu da Qərb tərəfindən məharətli şəkildə həyata keçirilir..

-Bu gün İraqı qan gölünə çevirən İŞİD dini ibadətgahları, hətta Məkkəni dağıdacağını bəyan edir. Sizcə, İŞİD-in bu bəyanatının ciddiyə alınması lazımdırmı?

-Bir az öncə qeyd etdiyimiz kimi dinc müsəlmanların günahsız yerə qanına qəltan edilməsindən vicdanı sızlamayan bir təşkilatdan (İŞİD) bunu gözləmək mümkündür və gözləniləndir. Amma xəbərin doğruluğuna gəlincə, bunun bir bəyanat olmasını deməzdim. Bir sıra İŞİD üzvlərinin sosial şəbəkələrdə bu cür söz deməsi xəbəri yayıldı. Ardından da bu xəbər təkzib olundu.

-Bu gün Azərbaycan da dini baxımdan o qədər də sabit ölkəyə oxşamır. Bir neçə gün əvvəl Sabirabadda baş verən məlum olay, onun ardınca vəhabilərin maşinlarla Sabirabada getməsi Azərbaycanda da dini zəmində qarşıdurmaların olacağından və yaxud buna cəhdlərin edildiyindən xəbər vermirmi?

-Uzun illərdən bəri şiə və sünni inanclıların birgə yaşadığı bir ölkədə müəyyən qüvvələr məzhəblərarası ixtilafları qızışdırmaqla bu oyuna əl atırlar. Sabirabadda və Müşfiqabadda baş verən hadisəni qiymətləndirmədən öncə, səbəb nə olursa olsun, müsəlmanların bu kimi təxribatçı hərəkətlərə getməsinin qəti əleyhinəyəm. Ümidvaram ki, bu cür hallar qarşıdurma halını almaz, tolerantlıq nümayiş etdirib Hz.Peyğəmbər (s.ə.ə) sünnəsinə uyğun hərəkət edərlər.

-Bir ilahiyyatçı kimi İslam dünyasını narahat edən bütün bu problemlərdən çıxış yolu kimi nə təklif edərdiniz?

-Zənnimcə, problemin qalmasının və günü-gündən artmasının səbəbi mübarizə üsulunun düzgün seçilməməsidir. Adətən, belə cərəyanların ayağının yer tutması dini savadsızlıq zəminində baş verir və artır. İlk növbədə insanlarda maarifləndirmə işi həyata keçirilməlidir. Təkfirçilik prinsiplərinin İslama zidd olduğu bəyan edilməlidir. Müxtəlif əyani vəsaitlər yolu ilə təhsil ocaqlarından tutmuş, media quruluşlarında, sosial şəbəkələrdə durmadan təbliğatlar həyata keçirilməlidir. Bu Mübarək Ramazan ayında müsəlman cəmiyyətlərinin İslam ümməti halına gəlməsini Uca Allahdan diləyirəm.


Süleyman İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31