“Dindən siyasi məqsədlər üçün istifadə etmək yanlışlıqdır”
Hacı Tahir Abbaslı: “İŞİD – in məqsədi Suriyanı və İraqı xaraba qoyub, İsrailə təhvil verməkdi”
3 İyul 2014 16:50 MüsahibəSon vaxtlar İslam dünyası gərgin siyasi bir dönəm yaşamaqdadır. Amerikanın ixrac etdiyi ərəb inqilablarından çalxalanan və günümüzdə İŞİD kimi bir kabusla üz-üzə qalan İslam dünyası hələlik özünü tənzimləyə, müsəlman aləmində siyasi sabitliyi bərqərar edə bilmir. Bəs görəsən bundan sonrakı proseslər necə cərəyan edəcək və İslam dünyasını bir kabus kimi dolaşan İŞİD-in aqibəti necə olacaq? Bütün bunlara aydınlıq gətirmək üçün İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı ilə söhbətləşdik.
-Tahir bəy, artıq bir neçə gündür ki, Ramazan ayı başlayıb. Ancaq maraqlıdır ki, hər il həm bu ayın başlaması, həm də başa çatması zamanı müəyyən gün fərqi ortaya çıxır. Bunu necə dəyərləndirərdiniz?
-Bu hadisədə siyasi çalarlar axtarmağa lüzum yoxdur. Çünki onsuz da Müsəlman dünyasının başının üstündə qara buludlar hərəkətdədir. Hər şey ayın görünməsi ilə bağlıdır, yəni üfüqdə ayın tez və ya gec görünməsi az ixtilaflı olur. Bilirsiniz ki, müsəlman təqvimi ilə ay ya 29, ya da 30 gün olur. Bu amil də arada çaşqınlıq yarada bilir. Müsəlmanlar bir gün məsələsinin həllini tapıblar. Ramazan ayına bir gün qabaq qəza niyyəti ilə oruc tutmaqla çıxırlar. Əgər Ramazan girmiş olarsa Ramazandan sayılar. Əgər Şaban ayından olsa, həmən günə böyük savab verilər və ən azından keçid üçün təlim məşq sayılar. İslamdan qabaq Ramazan ayı bəlli olmadığından imanlı adamlar il boyu oruc tutardılar ki, Ramazan ayını buraxmasınlar. İslam dininin bərəkətindəndir ki, Ramazan ayı və Qədr gecələri artıq bəllidir. Bizlər isə az qala bir gündən ötrü əsiri-giryan olmuşuq.
-Artıq neçə illərdir ki, Ramazan yay vaxtına düşür və bu səbəbdən oruc tutmaq bir qədər çətin olur. Xüsusilə, susuzluq problemi. Sizcə, oruc tutan insanlar əsas nəyə fikir verməlidirlər?
-Bu ay insanlar üçün əfv ayıdır. Allah bir bəhanə ilə bəndələrinə rəhmət ayı kimi Ramazan ayını tanıtdırıb. Əsasən insanlar bu ayda fikir və düşüncələrini sağlamlaşdırmaq haqqında diqqətli olmalıdırlar ki, daha çox mənəvi qazancları olsun. Əslində bu ayda insanlar çətinliklərlə sınağa çəkilirlər. Bir növ təlim məşqdir ki, müharibələr, əsirliklər və həbslər zamanı insanlar çətinliklərə dözsünlər və sınmasınlar. Çətinlik bundadır ki, başqa ayda haramlara icazə verilmirsə, bu ayda sübh əzanından şam əzanına qədər hətta halallar da haram buyurulub. Yay aylarında insanlar 17-19 saat oruc olurlar ki, bunun dəyərini da Allah verir. Çətinliyə dözmək və ya səbr etmək insanın ruhunda inkişaf üçün şərait yaradır.. Yəni insanın ruhu özünə gəlir, tanıtdırmaq istəyir və bu ayda təkamülə çatmağa meyilli olur. Ona görə cətinlikləri şadlıqla və könüllüklə qəbul edib, özümüzü qorxutmamalıyıq. Belə ki, hər bir insanın daxilində depo sistemi var ki, qəbul etdiyi qidanı zaman-zaman ədalətlə paylaşır. Obaşdan durub imsakını yesin və şam namazına qədər dözsün. Əgər halı dəyişsə və özündən getsə su içsin, az yesin. Amma axşama qədər orucu batil edən əməllər etməsin, 100 dəfə ixlas surəsini desin. İndu 17 saat 30 dəqiqə dözmək elə də çətin deyil. Elə ölkələr var ki, (Sankt Peterburq) 21 saat oruc olurlar. Elə bilirəm təsəlli üçün çox şeylərimiz var..
-Bəs fərqli Ramazan təqvimlərinin çap edilib yayılmasına münasibətiniz necədir?
-Çox yaxşı haldır. Əksinə vətəndaşlarımız əvvəl vaxtda oruc tutub, son vaxtda iftar açarlar. Qərarı oruc tutan adam könüllü verir. Heç kim ona təsir, məcbur, ya basqı edə bilməz.
-Ümumiyyətlə, insanlar arasında bir Ramazan əhval-ruhiyyəsi hiss edilirmi?
-Çox böyük irəliləyiş var. Ramazan ayı gəlməmişdən 3 ay qabaq hazırlıq başlayır. Toy edənlər Ramazan ayına düşməməsi üçün demək olar ki, hamını ayıq edir. Bu da öz növbəsində Ramazan ayına ən azından fikirlərdə hazırlıq hesabındandı. Düzdür, vətandaşlarımızın əksər hissəsi namaz qılıb, oruc tutmasalar da, ailə üzvlərinə və ya tanıdıqlarına maneə də olmurlar. Ümidvaram ki, könüllü olaraq yaxın gələcəkdə əksəriyyət vətəndaşlarımız namaz qılıb, oruc tutacaqlar.
-Ancaq bir problem də var ki, son vaxtlar dindən siyasi məqsədlər üçün istifadə olunur. Bu nə dərəcədə normaldır?
-Əlbəttə, dindən siyasi məqsədlər üçün istifadə etmək günah və yanlışlıqddan başqa bir şey deyildir. İnsanlar nadanlıqdan və cəhalətdən güclərin əlində silah kimi istifadə edilirlər. Bu da səbəb olur ki, dinimizi nadan, cahil, geridə qalmış, və ya terrorçu kimi dünyaya tanıtdırsınlar və gözdən salsınlar. Dindən siyasi məqsədlər üçün istifadə ediləndə də ölkələr üçün faciəsiz ötüşmür. İndiyə kimi aparılan belə siyasi oyunlar buna sübutdur və nə dinə, nə dövlətçiliyə, nə də heç bir millətə xeyir gətirməyib. Ancaq siyasətə islam əxlaq- mənəviyyatını daşımaq daha məqsədəuyğun olardı.
-Bu arada İŞİD hətta Kəbəni də dağıdacağını bəyanlayıb. Sizin bu barədə fikirlərini maraqlı olardı?
-İraq-Şam İslam Dövlətinin mahiyyəti və varlığı Suriyanı və İraqı xarabazarlığa çevirib, İsrailə təhvil verməkdi. Kölgə İsrail dövləti olaraq Kürd dövlətini gerçəkləşdirmək və bu əraziləri müsəlman dünyasından qoparmaq məqsədini güdür. Bundan sonra İŞİD-in varlığı bitmiş olacaq. Onu ya məhv ediləcəklər, ya da başqa adla haranısa xarabazarlığa çevirmək üçün istifadə edəcəklər. Bu qatma-qarışıqlıqda sadəcə Səudiyyə Ərəbistanı, Türkiyə və İran üçün bir mesajdır ki, "çaşmayın". Hesab edirəm ki, bu cür bəyanatlar Müsəlman dünyasını bir- birindən ayıraraq, vahimə yaratmaq məqsədlərini güdür.. Neçə ki, Müsəlman ölkələri demokratikləşməyib, İŞİD kimi qara kabus onları qaraba-qara izləyəcək və əsrlərlə qurduqları dövlətçilikləri, tarixləri, milli-mənəvi dəyərləri dağılacaq. Allah bizləri belə xətalardan qorusun.
Süleyman