Sosial Adaptasiya Mərkəzlərinin fəaliyyəti gücləndiriləcək

Nazir Quliyev: “Cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin Fərdi İnkişaf Planları hazırlanıb”

Bu gün cəmiyyətimizdə mövcud olan neqativ hallardan biri də cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin cəmiyyətə adaptasiya olunmasında meydana çıxan əngəllər, məhbuslara bir çox hallarda olan inamsızlıqdır. Sözügedən problemin aradan qaldırılması istiqamətində müntəzəm olaraq həyata keçirilən tədbirlər və layihələr bu sahədə nisbətən müsbət irəliləyişlərə gətirib çıxarır. "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyinin rəhbəri Nazir Quliyevlə söhbətimizdə cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərlə aparılan iş, bu sahədə əldə edilən nailiyyətlər barədə söhbətləşdik.

-Nazir müəllim, rəhbərlik etdiyiniz "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyi müntəzəm olaraq cəzaçəkmə müəssisələrində olur, azadlıqdan məhrum edilmiş şəxslərlə bağlı müxtəlif tədbirlər, layihələr həyata keçirir. İctimai Birlik olaraq yaxın vaxtlar üçün bu istiqamətdə hansı tədbirlər keçirməyi düşünürsünüz?

-Məlumat üçün deyim ki, "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyi bir müdət əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin sosial adaptasiyası işinin təşkilinə yardım və azadlığa çıxmağa hazırlaşan məhkumların maarifləndirilməsi"adlı layihə həyata keçirib. Artıq layihənin icrasını uğurla başa çatdırmışıq.  Sözügedən layihə 4 ay müddətində həyata keçirilib.  

-Layihənin əsas məqsəd və vəzifələrinə nələr daxil idi?

-Layihənin əsas məqsədi cəzaçəkmə müəssisələrdən azad olunan şəxslərin sosial adaptasiyası işinin təşkilinə yardım göstərmək və azadlığa çıxmağa hazırlaşan məhkumları sosial adaptasiya tədirləri ilə bağlı maarifləndirməkdən ibarət idi. Layihənin vəzifələri sırasına isə keçmiş məhkumlar üçün Sosial Adaptasiya Mərkəzinin fəaliyyətinin gücləndirilməsi, cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin sosial adaptasiyası işinin təşkilinə yardım göstərmək, cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin hüquqlarının müdafiə olunması işini həyata keçirmək kimi vacib məqamlar daxildir. Bundan başqa cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərə hüquqi yardımlar göstərmək, cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin birdəfəlik müavinət, ünvanlı sosial yardım və şəxsiyyət vəsiqəsi alması işinə yardım göstərmək; cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin tibbi yardım almaq hüquqlarının müdafiə olunması işini həyata keçirmək, onların sosial problemlərinə cəmiyyətin diqqətini cəlb etmək, cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərə qarşı ayrıseçkiliyin aradan qaldırılması ilə bağlı maarifləndirmə işini həyata keçirmək, məhkumlar arasında sosial adaptasiya ilə bağlı maarifləndirmə işi aparmaq da bizim vəzifələr sırasında idi. Ümumiyyətlə, layihə çərçivəsində cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin Fərdi İnkişaf Planları hazırlanmış və müasir sosial adaptasiya metodologiyası əsasında problemlərinin həllinə kömək edilmişdir. Eyni zamanda
cəzaçəkmə müəssisələrindən azad olunan 200-ə yaxın şəxslərə   hüquqi məsləhətlər verilib, hüquqları dövlət orqanlarında, məhkəmələrdə və digər qurumlarda müdafiə edilmiş və hüquqi sənədləri hazırlanıb.  Layihə çərçivəsində hüquqşünas və sosial işçi belə şəxslərin müxtəlif problemlərini müəyyən edərək və onun həll olunmasına yardım göstərib. Müraciət edən şəxslərin sosial problemlərinin həll olunması məqsədilə müxtəlif dövlət orqanlarına və biznes qurumlarına müraciətlər edilib. Layihə komandasının üzvləri penitensiar müəssisələrdən azad olunan şəxslərin işlə təmin olunması üçün Məşğulluq Mərkəzləri, biznes qurumları və işədüzəltmə xidmətləri ilə sıx əməkdaşlıq etmişdir. Eyni zamanda tibbi xidmətlərə ehtiyacı olan keçmiş məhkumlar tibbi müəssisələrinə yönləndirilib. Psixoloji xidmətlərə ehtiyacı olan şəxslərə isə psixoloq tərəfindən psixoloji məsləhətlər verilib və onların psixoloji gərginliyinin azaldılması üçün müxtəlif terapiya tədbirləri və görüşlər təşkil edilib.  Eyni zamanda mütamadi olaraq onlarla fərdi görüşlər keçirilib və   Fərdi Terapiya işi aparılıb. Psixoloq Fərdi İnkişaf Planının hazırlanmasında yaxından iştirak edib və onun icrasına zəruri dəstəyi verib. Layihənin icrası və həyata keçirilən fəaliyyətlərlə bağlı məlumatlar təşkilatımızın internet səhifəsində (www.huquqdunyasi.az) və facebook səhifəsində mütamadi olaraq yerləşdirilib.

-Bəs cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərlə görüşlər hansı formada keçirilir?

-Həyata keçirilən layihə ilə bağlı məhkumların məlumatlılığının artırılması və sosial adaptasiya məsələləri ilə bağlı onların məlumatlandırılması məqsədilə 10 müəssisədə cəza çəkən şəxslər üçün azadlığa çıxdıqdan sonra sosail adaptasiya məsələləri mövzusunda seminarlar keçirilib. Hər seminarda azadlığa çıxmağa hazırlaşan 50 nəfər iştirak edib. Seminarlara İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri də dəvət olunub və çıxışlar ediblər. Seminarlarda   məhkumlara Sosial Adaptasiya Mərkəzi haqqında məlumatlar və   eyni zamanda təşkilatımızın "Qaynar Xətt" telefonları   keçmiş məhkumlara verilib. Eyni zamanda seminarlarda məhkumları maraqlandıran hüquqi suallarda cavablandırılıb. Layihənin icrası 2010-cu ildən təşkilatımız tərəfindən yaradılan Keçmiş Məhkumlar üçün Sosial Adaptasiya Mərkəzinin fəaliyyətinin daha da güclənməsinə imkan yaradıb..Ümumiyyətlə, mərkəz tərəfindən il ərzində yüzlərlə keşmiş məhkumlara davamlı hüquqi, sosial və psixoloji xidmətlər göstərilir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31