“Sivilizasiyalararası dialoq bəşəriyyətin ən vacib ehtiyaclarından birinə çevrilib”
Əlikram Müzəffər: “Azərbaycan həqiqətlərinin digər ölkələrdə təbliğinin alternativ yolları axtarılmalıdır”
1 İyul 2014 16:00 Müsahibə21 sentyabr-Beynəlxalq Sülh Günü ərəfəsində Azərbaycanda "Yurdda sülh, cahanda sülh" şüarı adı altında beynəlxalq forumun keçirilməsi nəzərdə tutulub. "İdeal Sülhün Təbliği Fondu"nun təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan foruma hazırlıq istiqamətində görülən işlər, forumda müzakirə ediləcək məsələlər barədə "İdeal Sülhün Təbliği Fondu"nun təsisçisi və rəhbəri Əlikram Müzəffərlə söhbətləşdik.
-Əlikram müəllim, rəhbərlik etdiyiniz "İdeal Sülhün Təbliği Fondu"nun əsas fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri nədən ibarətdir?
-"İdeal Sülhün Təbliği Fondu" dünyada ideal sülhün bərqərar olması üçün bütün potensialını səfərbər etmiş insanların könüllü birliyidir. Təməlini sevgi, divarlarını sədaqət, pəncərələrini xoş niyyət, qapılarını hörmət, damını etibar ilə hörəcəyimiz bir dünya qurmağa çalışmaq ən böyük əqidəmizdir. Bizə görə bəşəriyyətin faciəsi cahillikdir. İnsan özü haqqında bir düşüncə sahibi olmadığı halda başqasının düşüncəsi uğrunda terrorlar edir.
-Sizin təşkilatçılığınızla Bakıda sülh forumunun keçirilməsi nəzərdə tutulur. Belə bir forumun keçirilməsi hansı zərurətdən meydana gəldi?
-Müasir dövrdə sivilizasiyaların arasında dialoq qlobal səviyyədə bəşəriyyətin ən vacib ehtiyaclarından birinə çevrilib. Çünki indiki zamanda bir çox hallarda sivilizasiyalararası, mədəniyyətlərarsı dialoqdan danışılır, ancaq dünyada gedən proseslər, əfsuslar olsun ki, bəzi hallarda gərginliyin artmasına gətirib çıxarır. Bu səbəbdən "İdeal Sülhün Təbliği" Fondu öz üzərinə dünyada barışı yaymaq kimi müqəddəs və bəşəri missiya götürüb. Adından göründüyü kimi Fondumuz dünyada ideal sülhün bərqərar olması üçün bütün potensialını səfərbər etmiş insanların könüllü birliyidir. Bir azərbaycanlı və müsəlman olaraq biz dünya insanlarını özümüzə qardaş bilir və hər kəsi qardaşlığa, bərabərliyə, haqqa, ədalətə, səbrə dəvət edir, pislikdən çəkindiririk. Ona görə də belə bir forumun keçirilməsi təşəbbüsü gündəmə gəlib. Hər kəsə məlumdur ki, bizim ölkəmizdə əsas inkişaf istiqamətləri ilə əlaqədar cəmiyyətdə fikir ayrılığı yoxdur, əksinə, cəmiyyətimiz ümumxalq amalları ətrafında birləşib. Bizdə azərbaycançılıq fəlsəfəsi, müasirlik, öz tarixi köklərimizə, ənənələrimizə bağlılıq var. Eyni zamanda, Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanda bütün dinlərin nümayəndələrinə çox böyük hörmət var. Hesab edirəm ki, bu forum sülh dialoqunun, sülh mədəniyyətinin, mədəniyyətlərarası, dinlərarası dialoqun hazırda sülh və təhlükəsizliyə qorxu yaradan amilləri aradan qaldırmağa və ən əsası, münaqişələrin həll edilməsinə və sülh prosesinə dəstək verilməsinə yardımçı olacaq.
-Belə bir forumun keçirilməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması prosesinə nə dərəcədə dəstək olacaq?
-Əlbəttə, biz bununla Azərbaycan həqiqətlərini bir daha dünyaya yaymağa çalışacağıq. Məlum olduğu kimi Ermənistan təcavüzünün ölkəmizə və xalqımıza vurduğu zərərin miqyası günbəgün artmaqdadır. Təcavüzkar erməni liderləri isə bundan qazandıqlarını çox yaxşı bildikləri üçün "Nə sülh, nə müharibə" rejimi kimi xarakterizə olunan atəşkəsi uzatmaqda nə qədər maraqlı olduqlarını gizlədə bilmirlər. Bu işdə beynəlxalq ictimaiyyət də onlara az dəstək vermir. Bu isə onların əsl həqiqətlərdən xəbərsiz olmasının, Azərbaycan xalqı barədə təsəvvürlərinin yanlışlığının nəticəsidir. İllərdir vətənpərvər insanlarımız Azərbaycan həqiqətlərini beynəlxalq aləmdə təbliğ etməkdədir. Bununla belə bu sahədə yenə də görüləsi çox işlər var. İnsanlar bu və ya digər məsələ barədə bir qayda olaraq öz ölkəsinin kütləvi informasiya vasitələrindən məlumat alır. Media isə əksər hallarda ölkənin rəsmi mövqeyindən kənara çıxmamağa çalışır. Buna görə də Azərbaycan həqiqətlərinin digər ölkələrdə təbliğinin alternativ yolları axtarılmalıdır.
-Bəs forumun keçirilməsinə rəsmi səviyyələrdə dəstək veriləcəkmi və bununla əlaqədar müvafiq qurumlara müraciət etmisinizmi?
-Forumun keçirilməsinə rəsmi səviyyədə dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə müraciət ünvanlamışıq. Müraciətdə dövlət başçısının Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamından ruhlanaraq dünya miqyaslı həqiqəti tam olaraq bilmədiklərini etiraf edənlərin, "bütün insanlar insan qardaşımızdır", "Yaradılanı sevirik, Yaradandan ötrü", "parol: TƏK BİR O" şüarları ilə forumun keçirilməsinə dəstək verilməsi xahiş olunur. Həmçinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana da müraciət ünvanlamışıq. Fond olaraq Türkiyə baş nazirindən də nəzərdə tutduğumuz foruma dəstək vermək xahiş edilib.
Füzuli Məhəmməd