“Hazırda müxalifət kifayət qədər zəifdir”

Mütəllim Rəhimli: “Onun ölkədə gedən proseslərə təsir etmək imkanları azdır”

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimlinin "OLAYLAR"-a müsahibəsi.

-Mütəllim bəy, Ədalət Partiyası bu il ölkədə keçiriləcək bələdiyyə seçkilərində iştirak barədə düşünürmü və partiyada seçki hazırlıqları hansı formada gedir?

- Hər bir siyasi partiyanın əsas vəzifələrindən biri də seçkilərdə iştirak etməkdir. Ədalət Partiyası ölkəmizdə baş tutan seçkilərin əksəriyyətinə qatılıb. Biz düşünürük ki, seçkilərdə iştirak etmək lazımdır və bu partiyanın inkişafına dəstək verir. Lakin seçkilər saxtalaşdırılırsa və iştirakçılara bərabər imkanlar yaradılmırsa artıq bu ədalətli seçki sayıla bilməz. Ondan yaxşı heç nə gözləmək də mümkün deyil. Ona görə də seçkilərin demokratik keçirilməsi üçün qanunların tələbinə ciddi əməl edilməlidir. İlin sonlarında keçirilməli olan bələdiyyə seçkiləri ilə bağlı indidən qəti qərar vermək çətindir. Çünki indidən siyasi və seçki mühitini adekvat dəyərləndirmək mümkün deyil. Təbii ki, Seçki Məcəlləsinin tələblərinə uyğun şərait yaranacaqsa seçkilərdə iştirak edəcəyik. Əks halda seçkidə iştirakdan danışmağa dəyməz.

-Sizin partiyanın da təmsil olunduğu Vətən Blokunun seçki blokuna çevrilməsi mümkündürmü və bu barədə məsləhətləşmələr aparılırmı?

- "Vətən" bloku uzun müddətli perspektiv üçün nəzərdə tutulan siyasi blokdur. Burada təmsil olunan partiyalar ölkəmiz və cəmiyyətimiz üçün vacib məsələlərdə vahid mövqedən çıxış ediblər və bundan sonra da edəcəklər. Biz düşünürük ki, bu milli mənafelərimizin və milli maraqlarımızın ifadəsi üçün vacibdir. Əgər seçkilərdə iştirak etmək barədə qərar verilərsə bu zaman blok daxilində fəaliyyətin əlaqələndirilməsi barədə məsləhətləşmələr aparıla bilər. Bu zaman blokun seçkidə iştirakı da müəyyən olunacaq.

-Ümumiyyətlə, partiyaların bu və ya digər bir seçkiyə hazırlıq səviyyəsini necə dəyərləndirirsiniz. Siyasi qüvvələr seçkiyə kifayət qədər ciddi yanaşırlarmı?

- Cəmiyyətdə siyasi institutlaşmanın təşəkkülündə partiyaların seçkilərdə iştirakı məsələsi əhəmiyyətli rola malikdir. Təəssüf ki, cəmiyyətdə seçkilərə ciddi münasibət yoxdur. Bunu indiyədək keçirilən seçkilərdə əhalinin iştirakı da sübut edir. Seçicilərin passiv münasibəti siyasi qurumları da çətin vəziyyətə salır. Seçki kampaniyası dövründə partiyalar yalnız cəmiyyətin müəyyən bir hissəsində aktivlik yarada bilir, əksəriyyət isə seçkilərin mahiyyəti, əhəmiyyəti haqqında məlumatsız qalırlar. Partiyaların təbliğat-təşviqat imkanları zəif olduğundan, xüsusilə TV və radioya çıxış imkanlarının məhdudluğu seçki prosesində hərtərəfli iştirakının qarşısını alır. Buna görə də artıq cəmiyyətə siyasi partiyaların təsirinin azaldığını, ictimai fikrin yönəldilməsində dini yönümlü qurumların daha fəal olduğunu müşahidə etməkdəyik.

-Partiyanın Nizamnaməsinə əsasəsn qurultay nə zaman keçiriləcək?

- Ədalət Partiyasının Nizamnaməsinə əsasən qurultay 4 ildən bir keçirilməlidir. Biz sonuncu qurultayımızı ötən ilin avqust ayında keçirmişik. Deməli, hələ növbəti qurultayın keçirilməsizə 3 il qalır.

-Bir qayda olaraq partiyalarda zaman-zaman müəyyən dəyişiklikıər baş verir. Ancaq Ədalət Partiyasında hansısa dəyişiklər olması barədə xəbərlərə rast gəlinmir. Sizə elə gəlmirmi ki, gənclərin siyasi proseslərə, idarəçiliyə cəlb edilməsi zəruridir?

- Siyasi partiyalarda dəyişiklik deyəndə bizim cəmiyyətdə bu partiyalardan kimlərinsə istefası və yaxud hansısa partiyadan transfer başa düşülür. Ona görə də bəzən Ədalət Partiyasında hansısa dəyişikliyin baş vermədiyini deyirlər. Əslində isə biz kütlə psixologiyasına yönəlmiş bu cür addımların tərəfdarı deyilik. Bu səsədən də Ədalət Partiyasının adı belə qeyri-ciddi məsələlərdə hallanmır. Biz siyasətə xalqın taleyi kimi baxdığımızdan onunla ciddi adamların məşğul olmasının tərəfdarıyıq. Ötəri hərəkətlərlə də ictimaiyyətin diqqətini çəkməyi düşünmürük. Əksinə belə hərəkətləri qınayırıq. Ötən il keçirilən qurultaydan sonra partiya sədrinin müavinləri, Siyasi Şura və Ali Məclis və MNTK üzvləri arasında da çoxsaylı dəyişikliklər olub. Partiyada vəzifəyə təyin edilən və yaxud seçilənlər yaşına görə deyil, bacarığına görə bu etimada layiq görülür. İnsanın fiziki yaşının az olması hələ onun gənc olması anlamına gəlməz, əsas odur ki, fikirlərdə, düşüncədə, ideyalarda cavan olasan. Son vaxtlar baş verən hadisələrə yanaşmanın özü də göstərir ki, Ədalət partiyası kifayət qədər müasir düşüncə tərzinə malikdir. Bizim partiya qədər ictimai, siyasi, sosial proseslərin nəbzini düzgün və çevik tutan qurum yoxdur.

-Mövcud vəziyyətdə müxalifətin durumunu necə dəyərləndirirsiniz?

- Sözsüz hazırda müxalifət kifayət qədər zəifdir. Onun ölkədə gedən proseslərə təsir etmək imkanları azdır. Məsələ bundadır ki, müxalif partiyaların maliyyə resursları da olduqca məhduddur. Bu sivil ölkələrdəki oxşar partiyalarla müqayisədə hətta gülünc səviyyəsindədir. Ona görə də müxalifət indi yalnız ayaqda qalmağa çalışır. Amma bununla belə ölkədə ciddi şəkildə müxalif fikir mövcuddur, baxmayaraq ki, təşkilatlanmayıb. Bütün bunlar isə onu diktə edir ki, siyasi partiyaların cəmiyyətə təsir imkanları qazanmasına şərait yaratmaq lazımdır. Bu ölkəmizi və cəmiyyətimizi gələcəkdə xoşagəlməz hallardan qoruya bilər.


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31