“Müxalifət savaşının acısını indi də çəkirik”
Tahir Abbaslı: “Mən ana müxalifətəm”, “cırtdan partiyalarla bir yerdə ola bilmərəm” fikirləri bizi parçalayan əsas məqam olub”
10 İyun 2014 14:15 Müsahibə"Özünə ana müxalifət adı verən başqanlar, sədrlər xaricdən və daxildəki qüvvələrdən maaş alıb gün keçirməklə məşğuldurlar"
Bu ilin sonunda ölkədə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq istiqamətində bir sıra partiyalar müəyyən işlər görürlər. Partiyaların bir qismi seçkiyə blok şəklində getməyə üstünlük verdiyi halda, müəyyən qisim müstəqil şəkildə seçkiyə qatılmağı məqbul sayır. Ancaq bəzi partiyalar da var ki, ümumiyyətlə bələdiyyə seçkilərində iştirak barədə düşünmür. Belə partiyalardan biri də İslam Demokrat Partiyasıdır. Partiya sədri Tahir Abbaslı ilə söhbətimizdə seçkidə iştirak etməməyin səbəbi, təmsil olunduğu müxalif düşərgədə bələdiyyə seçkilərinə olan münasibət, eləcə də müxalifətin mövcud durumu barədə danışdıq.
-Mövcud vəziyyətdə müxalifətin vəziyyətini necə dəyərləndirirsiniz?
-Məncə müxalifətin vəziyyəti deyilən bir müstəvi qalmayıb. Özünə ana müxalifət adı verən və bu illər ərzində xalqı mənəvi-psixoloji, öz üzvlərini isə maddi uçuruma sürükləyən başqanlar, sədrlər xaricdən və daxildəki qüvvələrdən maaş alıb gün keçirməklə məşğuldurlar. Müxalifətin "vuran ürəyi" olan qəzetlər də başqanlarının yolundadır. Qrantlar, yardımlar və digər "...lar" alıb boş-boş şeylər üyüdürlər.
-Sizin də partiyanın təmsil olunduğu Demokratik Qüvvələr Birliyinin seçki blokuna çevrilməsi istiqamətində aparılan məsləhətləşmələr hansı mərhələdədir?
-Demokratik Qüvvələr Birliyinin seçki blokuna çevrilmək ehtimalı var. Hazırda bu istiqamətdə məsləhətləşmələr aparılır. Amma bu sadəcə məsləhətləşmədir. Belə öhdəçilik götürülməyib. Əsas odur ki, indiki çətin durumda partiyaların fəaliyyəti üçün siyasi mühit yaratmaqdır. Birliyin seçki blokuna çevrilməsi üçün onun fəaliyyəti önəmlidir. Demokratik Qüvvələr Birliyinin fəaliyyət imkanları geniş olarsa seçki blokuna çevrilməsi çətin olmaz.
-Sizin keçmiş müttəfiqiniz, Azadlıq Partiyasının sədri Əhməd Oruc isə iddia edir ki, Demokratik Qüvvələr Birliyi adlı bir qurum yoxdur, həmin birlik barədə yalan informasiyalar yayılır. Doğurdanmı DQB-nin yalnız adı var?
-Əhməd bəy öz iddiasında qalsın. Amma reallıq başqadır. Reallıq odur ki, Demokratik Qüvvələr Birliyi demokratik cəmiyyətin qurulması üçün var qüvvəsi ilə çalışır. Hesab edirəm ki, cəmiyyətimiz bütün bunları görür və dəyərləndirir. Əsas odur ki, bir-birinə ideoloji baxımdan müxalif olan siyasi partiyalar bu birlikdə bir araya gələ bilib. Elə partiya sədrləri var ki, münsif rolunda olmağa və tənqid etməklə canını qurtarmağa çalışırlar. Məncə belə münasibətin müəllifləri özlərinə diqqət etməli, naqisliklərin və çatışmazlığın aradan qaldırılması üçün qərəzdən, yanlışdan uzaq olmalıdırlar. Demokratik Qüvvələr Birliyi olaraq biz hesab edirik ki, belə həssas məqamda birliklərin sayı çoxalmalı və vahidləşmənin yolları axtarılmalıdır. Bizdə isə tam əksinə, birlikləri parçalamağa meyillidirlər.
-Maraqlıdır ki, DQB-dəki bir sıra partiyalar hələ də Milli Şurada da təmsil olunur. Bu bir qədər anormal görünmürmü?
-Anormallıq onda olardı ki, bir yerdə olmayaydıq. Prinsipcə Milli Şuranın istəyi ilə Demokratik Qüvvələr Birliyinin istək və hədəfləri eynidir. Müttəfiqlərimizin Milli Şurada olması da zərəli deyil. Əksinə bir sıra mühüm qərarların verilməsində kömək olur. Qeyd etdiyim kimi, Demokratik Qüvvələr Birliyinin əsas hədəfi cəmiyyətimizdə demokratik seçki mühitinin yaradılması, demokratik təssisatların formalaşması, insanlarımızın dövlətə, millətə və özünə sahib durması üçün bir arada olmaqdır. Hətta bir sıra düşüncələrdə müxalif olsaq belə dövlət və milli maraqlar naminə sıralarımızı genişləndirmək niyyətindəyik.
-Ümumiyyətlə, həmin siyasilərin hələ də Milli Şuraya bağlı olmaları adıçəkilən qurumun Demokratik Qüvvələr Birliyindən daha cəlbedici və aktiv fəaliyyətli bir qurum olduğundan xəbər vermirmi?
-Mənim fikrim belədir ki, kimin, hansı təşkilatın cəlbedici olması önəmli deyil. Biz illərdir elə cəlbedicilik uğrunda gedən müxalifət savaşının acısını indi də çəkirik. "Mən ana müxalifətəm", "cırtdan partiyalarla bir yerdə ola bilmərəm" fikirləri bizi parçalayan əsas məqam olub. Zaman göstərdi ki, "böyüklər"in bu iddiası alınmadı. Əksinə yuxarıda dediyim duruma düşdülər. Hesab edirəm ki, əsas müxalifət düşərgəsində seyrəklik olmamasıdır.
Süleyman İsmayılbəyli