Ümumi məqsədlər naminə birləşmək mümkündür- MÜSAHİBƏ
Ənvər Ağazadə: “Əgər müxalifət vahid bir mövqe sərgiləyə bilməyəcəksə, o halda Ümid Partiyası prezident seçkilərinə təkbaşına qatılacaq”
8 Avqust 2012 16:20 MüsahibəÜmid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadənin "OLAYLAR"-a müsahibəsi
-Ənvər bəy, Ümid Partiyasının 2013-cü il prezident seçkiləri ilə bağlı mövqeyi nədən ibarətdir və təmsil etdiyiniz partiya seçkilərdə hansı formada iştirak edəcək?
-Müxalifətin 2013-cü ildə keçiriləcək prezident seçkilərində vahid komanda şəklində iştirak etməsi ilə bağlı müəyyən fikirlər səslənir. Ancaq hələlik konkret bir şey yoxdur. Buna baxmayaraq Ümid Partiyası 2013-cü ilin prezident seçkilərinə çox ciddi şəkildə hazırlaşır. Partiyanın payızda keçirilməsi nəzərdə tutulan qurultayında yəqin ki, Ümid Partiyasının seçkilərdə iştirak edəcək namizədi də elan olunacaq. Biz bu istiqamətdə işlərimizi davam etdirirk. Əgər müxalifət vahid bir mövqe sərgiləyə biləcəksə bu yaxşı bir hal olacaq. Biz də partiya olaraq bunun üçün çalışırıq. Yox əgər müxalifət vahid bir mövqe sərgiləyə bilməyəcəksə, o halda Ümid Partiyası prezident seçkilərinə təkbaşına qatılacaq.
-Hazırda müxalifətin müxtəlif birlikləri fəaliyyət göstərir. Lakin həmin birliklər heç də bütün partiyalar tərəfindən normal qəbul edilmir. Sizcə, seçkilər ərəfəsində müxalifətin yeni bir əməkdaşlıq formatının yaradılmasına ehtiyac varmı?
- Əslində bu gün müxalifət düşərgəsində təmsil olunan bütün partiyaların məqsəd və istəkləri eynidir və bütün partiyalar ölkədə normal, demokratik dəyişikliklər istəyirlər. Ancaq partiyaların taktiki baxımdan bu məsələlər yanaşmaları fərqlidir. Bu da təbiidir. Əgər partiyaların baxışları, taktiki gedişlər fərqlənməsəydi, onda hamı bir partiyada birləşərdi. Hesab edirəm ki, ümumi məqsədlər naminə birləşmək mümkündür və bunu gələcək göstərəcək.
-Sizin də təmsil olunduğunuz "Qarabağ" blokunun siyasi bir blok olaraq aktiv fəaliyyət göstərməsi, siyasi güc mərkəzi olaraq cəmiyyətə təqdim edilməsinə nə mane olur?
-"Qarabağ" siyasi bloku barədə ictimaiyyətə ətraflı məlumat verilib və mütəmadi olaraq blokun toplantıları keçirilir. Sadəcə Ramazan ayı başlayandan etibarən 1 ay müddətində "Qarabağ" blokunun iclasları keçirilmir. Ramazan bayramından sonra mütəmadi olaraq blokun iclasları keçiriləcək. Hazırda "Qarabağ" blokunun regional şöbələri də fəaliyyət göstərir. Blokun üzvü olan Azərbaycan Demokrat və Ümid partiyalarının yerli şöbələri əyalətlərdə "Qarabağ" blokunun yerli şöbələrinin yaradılması istiqamətində fəaliyyət göstərirlər.
-Sizcə müxalifət prezident seçkilərinə qədər vahid namizəd müəyyən edə biləcəkmi?
-İndiki halda bu barədə dəqiq bir şey söyləmək çətindir. Hazırda bu istiqamətdə müzakirələr gedir və partiyaların belə bir istəkləri var. Güman etmək olar ki, müxalifət seçkidə vahid bir mövqedən çıxış etsin. Ancaq konkret bunun baş tutacağını da demək çətindir.
-Ancaq İctimai Palataya daxil olan partiyalar vahid namizəd məsələsini qətiyyətlə yaxına buraxmırlar. Sizcə bunun başlıca səbəbi nədir?
-Yaxşı olar ki, buna İctimai Palatada təmsil olunan partiyaların təmsilçiləri aydınlıq gətirsinlər. Biz partiya olaraq İctimai Palatada təmsil olunmadığımız üçün hər hansı bir fikir söyləməyimiz də etik normalardan kənar olar. Biz partiya olaraq hər İctimai Palatanın fəaliyyətini izləyirik və hər zaman onlara fəaliyyətlərində uğurlar arzulayırıq.
-Belə bir yanaşma var ki, bundan əvvəlki illərdə seçki mübarizəsinə qoşulub bu mübarizədən məğlub ayrılan liderlər növbəti dəfə seçkilərdə namizədliklərini irəli sürməsinlər və tamamilə yeni simalar seçki prosesinə qatılsın. Siz bu yanaşma ilə razısınızmı?
-Normal cəmiyyətlərdə bu doğru yanaşmadır. Qardaş Türkiyədə hər hansı bir seçkidə uğur qazanmayan insanlar sonradan kənara çəkilərək yeni simaların irəli çıxmasına şərait yaradırlar və ya siyasi səhndən gedirlər. Ölkədə ədalətli, şəffaf seçki kiçirilərsə uğur qazana, seçkilərdə qələbə əldə edə bilməyən insanlar hər dəfə namizəd olmaq fikrindən daşınacaqlar.
-Ümid Partiyasının qarşıdan gələn qurultayı Azərbaycan siyasəti üçün nə vəd edir?
-Nizamnaməyə uyğun olaraq Ümid Partiyasının qurultayı 4 ildən bir keçirilir. Partiyanın qurultayı may ayında keçirilməli idi. Lakin qurultayın vaxtı yubandı. Bunun da səbəbi siyasi partiyalar haqqında qanuna edilən əlavə və diyişikliklərlə bağlı idi. Biz həmin dəyişiklikləri gözləyirdik. Artıq payızda partiyanın qurultayı keçiriləcək. Qurultayda Ümid Partiyasının prezident seçkilərində iştirak edəcək namizədi elan olunacaq. Eyni zamanda partiyanın sədrliyinə də yenidən İqbal Ağazadənin namizədliyi irəli sürüləcək.
Süleyman İsmayılbəyli