“Siyasətdən gedəcəm” - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “O zaman ki, özümə şəxsiyyət, insan kimi baxmaq imkanım tükənəcək”

"Ola bilsin ki, sıfır qədər nailiyyətim var"

Bu günlərdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun 60 yaşı tamam olur. 60 illik həyatının yarıdan çoxu Milli Azadlıq Hərəkatında və siyasətdə keçən Azərbaycan Demokrat Partiyasının sədri Cəlaloğlu ilə söhbətimizdə  60 illik fəaliyyətə,  bundan sonrakı həyatında atacağı addımlara aydınlıq gətirdik.

-Sərdar bəy, bu günlərdə 60 yaşınız tamam olur. 60 il geriyə baxanda ötən illəri necə dəyərləndirirsiniz?

-Adətən həyatı iki yerə bölürlər. Biri 60 yaşa qədər olan dövrdə taleyin formalaşdırılıb başa çatması, digəri isə 60 ildən sonrakı dövr, taleyin təkrarlanması. 60 yaşında olan insan nə yeni bir peşə, həyat tərzi, nə də ailə seçə bilər. Ona görə də insanın taleyi artıq 60 yaşa qədər müəyyən olur. 60 yaşdan sonra isə qeyd etdiyim fundamental məsələlərdə heç bir yenilik edə bilmirsən. Bu baxımdan arxaya dönüb əvvəlki illərə baxmaq imkanın var. Çünki 25-30 yaşında öz taleyini görə bilməzsən. Həmin dövrdə tale əmələ gəlmə mərhələsindədir. Ancaq 60 yaşında artıq sənin taleyin əmələ gəlib başa çatır və taleyini görə bilirsən. Belə bir məşhur söz var ki, ikinci dəfə həyata gəlsəydin necə yaşayardın. Bu gün keçdiyim həyat yoluna baxıb belə qənaətə gəlirəm ki, hətta milyon dəfə belə həyata gəlsəydim eynilə bu cür yaşayardım. Eyni ixtisası, eyni adamları özümə dost seçərdim. Çünki həmin adamlarla 40-50 ildir ki, dostluq edirəm və bundan sonra 40-50 il də dostluq etsəm heç bir problem çıxmaz. Həmçinin eyni həyat tərzi seçib özümü cəmiyyətə, xalqıma həsr edərdim. Bəzi qüsurlar, səhvlər var ki, onlar da insanın taleyi ilə bağlı, obyektiv səbəblərdən meydana gəlir. Bunlar istisna olmaqla öz şüurum, iradəmlə bağlı yaşadığım həyatı tamamilə düzgün, normal həyat hesab edirəm. Başqalarının mənə olan münasibətindən asılı olmayaraq özümə hörmət edirəm. Çünki mən kim olduğumu bildiyim üçün özümə hörmət edirəm. Təvazökarlıqdan kənar da olsa, hətta özümlə fəxr edirəm ki, ən düzgün həyat tərzi yaşayıram. Təbiətdə özünü qorumaq, dolandırmaq fərdi şəkildə bütün heyvanlara xasdır. Ailəni qorumaq yenə də təbiətdə ailə şəklində yaşayan bütün heyvanlar üçün xarakterikdir. İnsanı digər heyvanlardan fərqləndirən yeganə bir xüsusiyyət var ki, o, sırf ailəsi, özü üçün deyil, cəmiyyət üçün yaşamalıdır. Yəni həyatının bir hissəsini cəmiyyət üçün yaşamalıdır. Bu baxımdan 30 yaşından özümü gücüm çatdığı qədər Azərbaycan xalqının azadlığı, mübarizəsi, elmi, mədəniyyətinin inkişafına həsr etmişəm. Ola bilsin ki, sıfır qədər nailiyyətim var. Ancaq mən belə hesab etmirəm.  Ona görə də taleyimdən tam razıyam.

-Ad günlərində kimlərdənsə xüsusi bir təbrik və ya hədiyyə gözləyirsinizmi?

-Əvvəla heç kimdən hədiyyə gözləmirəm.  Açığını deyim ki, özüm ad günlərində hədiyyə verməyə o qədər meyilli deyiləm. Çünki hədiyyənin özü rüşvətin bir formasıdır. Ancaq səmimi şəkildə gözləmədiyin, ağlına gəlməyən adamlar təbrik edirsə o həddən artıq xoş təəssürat bağışlayır. Ona görə də çox adamdan təbrik belə gözləmirəm. O zaman hədiyyə və ya təbrik gözləyirsən ki, ömrü təmənna ilə, əvəzini gözləyə-gözləyə yaşayırsan. Fredin məşhur bir sözü var. O, deyir ki, insan fəaliyyətinin mükafatını gözləyirsə heç vaxt yaxşı fəaliyyət göstərə bilməz. Ona görə də bunu qulağımda sırğa etmişəm. Nə iş görsəm də onun mükafatını düşünmürəm. Əgər düşünərəmsə, həmin işi müvəffəqiyyətlə başa vura bilmərəm. Həyat da bir iş, fəaliyyətdir. Əgər o fəaliyyət sahəsində mükafat gözləyirsənsə onu uğurla başa çatdıra bilməzsən.

-60 illik həyatın yarıdan çoxu siyasətdə, Milli Azadlıq Hərəkatında keçib. Həmçinin uzun illərdir ki, Azərbaycan Demokrat Partiyasının sədrisiniz.  Necə düşünürsünüz, artıq siyasətdən getməyin zamanı deyilmi?

-Aristotelin məşhur bir sözü var. O deyib ki, yalnız Allahlar, heyvanlar siyasətdən kənardırlar. İnsanlar mütləq siyasi varlıqdır. Bu zaman isə insanlar iki qrupa bölünür. Siyasətlə məşğul olanlar və siyasətin məşğul olduqları. Adi, sadə, özünü dərk etməmiş insanlarla məhz siyasət məşğul olur. Ancaq kim ki, özünü dərk edir, insan kimi dəyərləndirə bilir, gərək həmin insan siyasətlə məşğul olsun. O zaman ki, özümə şəxsiyyət, insan kimi baxmaq imkanım tükənəcək, təbii ki, siyasətdən çıxıb gedəcəm. Ancaq mən siyasətdən getsəm də, siyasət məndən getməyəcək və kimlərsə mənim taleyimlə siyasi oyun oynayacaq. Ona görə də insanın siyasətdən uzaqlaşması mümkün deyil. Ancaq özünü siyasi fəaliyyətdən uzaqlaşdırmaq mümkündür.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31