“Milli Şuradakılar fiaskoya uğramış bir ideyanın qırıntılarıdır” - MÜSAHİBƏ
Əhməd Oruc: “Onlar “bəlkə də qaytardılar” ümidi ilə yenidən fəaliyyət göstərməyə çalışırlar”
23 May 2014 14:59 Müsahibə"Prezident seçkilərindəki ciddi məğlubiyyətdən sonra cavabdeh şəxslərin yenidən meydanda əsas rol oynaması normal deyil"
Bu ilin sonunda ölkədə bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulsa da, siyasi həyatda bir o qədər də aktivlik müşahidə edilmir. Xüsusilə, müxalifət düşərgəsi hələlik seçkilərə hazırlığa tələsmir. Düzdür, bəzi partiyalar seçkilərdə iştirakı qərarlaşdırsa da, digər bir qisim siyasilər hələlik gözləmə mövqeyindədirlər. Azadlıq Partiyası isə ümumilikdə bələdiyyə seçkilərində iştirak etməməyi qərarlaşdırıb. "OLAYLAR"-a verdiyi müsahibədə partiya sədri belə bir qərarın qəbul edilməsinin səbəbləri, eləcə də mövcud vəziyyətdə müxalifətin fəaliyyəti barədə danışıb. Əhməd Oruc Demokratik Qüvvələr Birliyindəki mövcud vəziyyət barədə də fikirlərini bildirib.
-Əhməd bəy, Azadlıq Partiyasının siyasi proseslərdən bir qədər uzaq düşdüyü müşahidə edilməkdədir. Bunun başlıca səbəbi nədir?
-Mən deməzdim ki, Azadlıq Partiyası siyasi proseslərdən uzaq düşüb. Sadəcə hazırkı situasiyada ölkədə aktiv siyasi proseslər baş vermir. Yalnız bu ilin sonunda Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulub ki, biz də partiya olaraq həmin seçkilərdə iştirak etməmək barədə qərar qəbul etmişik. Bu amilin özü də Azadlıq Partiyasının siyasi proseslərdən bir qədər uzaq düşdüyü görüntüsü yarada bilər. Ancaq reallıq ondan ibarətdir ki, partiya olaraq fəaliyyətimizi davam etdiririk. Xüsusilə, seçki qanunvericiliyinin dəyişdirilməsi istiqamətində müəyyən fəaliyyətlərimiz oldu. Azərbaycanda seçki qanunlarında dəyişiklikləri hədəfləyən hərəkat yaratmağa çalışdıq. İstədik ki, bu istiqamətdə siyasi partiyalar arasında bir canlanma yaransın. Hətta bu məqsədlə bir sıra partiyalarla da görüşlər keçirdik. Ancaq təəssüflər olsun ki, hələlik hansısa bir nəticə yoxdur. Açığı bu gün Azərbaycandakı əksər siyasi partiyalar bu kimi hərəkatların yaranmasına hazır deyillər. Hətta irəli sürülən təşəbbüsləri sözdə dəstəkləsələr də, iş real əmələ gələndə onu dəstəkləmirlər. Bizim fəaliyyətlərimiz qeyd etdiyim istiqamətdə olduğu üçün mətbuat tərəfindən o qədər də görünmür. Çünki ortada ciddi bir nəticə olmadığı üçün mətbuata hansısa bir açıqlama vermirik.
-Bəs qeyd etdiyiniz hazırlıqsızlıq nədən irəli gəlir. Partiyaların bu prosesə hazır olmamasının başlıca səbəbi nədir?
-Bu istiqamətdə partiyaların fəaliyyəti uzun illər ortada olub. Zamanında Seçki İslahatları və Demokratik Seçki Uğrunda Hərəkat fəaliyyət göstərib. Beynəlxalq təşkilatların aktiv iştirakı ilə Azərbaycandakı seçki qanunvericiliyinə dəyişikliklərin edilməsi üçün cəhdlər olub. Lakin göstərilən fəaliyyət və əldə edilən nəticə siyasi partiyaların marağına xidmət etməyib. Azərbaycanın siyasi səhnəsində aktiv mövqedə olan partiyalar həmin proseslərdən keçmiş, bu fəaliyyətdə yorulmuş, beynəlxalq təşkilatların Azərbaycanla bağlı ikiüzlüyündən bezmiş təşkilatlardır. Ancaq hansısa nəticənin əldə edilməməsi siyasi partiyalarda bir ümidsizlik yaradıb.
-Ancaq müəyyən partiyaların aktivliyi də müşahidə edilməkdədir. Belə ki, Demokratik Qüvvələr Birliyi seçki blokuna çevrilməyi hədəfləyib, VİP Azərbaycan Demokrat Partiyası ilə birgə əməkdaşlığın perspektivlərini müzakirə edir, Milli Şura hərdən hansısa hadisələrlə bağlı bəyanat səsləndirir.
-Demokratik Qüvvələr Birliyi adlı təşkilat adı olub özü olmayan bir qurumdur. Nə onun toplantısının şəkli mətbuatda dərc edilir, nə həmin iclasda kimlər iştirak edir onların sayı dəqiq göstərilmir. Bu olmayan bir təşkilatdır. Təəssüflər olsun ki, orada da saxta raport sistemi işə düşüb. Hansı iclasda kimlərin olduğunu özləri dəqiq bilmirlər. Sadəcə kimin ağlına nə gəlirsə o istiqamətdə də açıqlama verir. Bununla da siyasi gündəmdə olduqlarını bildirirlər. Demokratik Qüvvələr Birliyi adlı qurumun olması barədə məlumatların yayılması əsasən Azərbaycan Milli İstiqlal Partiyasının işinə yarayır. Guya həmin partiya Beynəlxalq Demokratlar İttifaqının üzvüdür və Azərbaycanı orada təmsil edir. Bu partiya BDİ-yə hesabat verir ki, guya onlar da aktiv siyasi fəaliyyətlə məşğuldurlar və ətraflarında bir neçə partiya toplanıb. Yəni yalan, saxtakarlıq üzərində qurulmuş bir oyundur. Təəssüflər olsun ki, müxalifət partiyaları da imkanları daxilində saxtakarlıqla məşğul olurlar. Azərbaycan Demokrat Partiyası ilə VİP arasında danışıqların getməsi barədə deyilənlər də gündəmdə qalmağa xidmət edir. Əslində ortada heç bir danışıq yoxdur. Milli Şuraya gəldikdə isə orada qalanlar fiaskoya uğramış bir ideyanın qırıntılarıdır. Onlar "bəlkə də qaytardılar" ümidi ilə yenidən fəaliyyət göstərməyə çalışırlar. Ancaq o da alınmır. Ona görə də 2013-cü ilin prezident seçkilərində müxalifətin ciddi məğlubiyyətindən sonra həmin məğlubiyyətə cavabdeh olan şəxslərin yenidən meydanda əsas rol oynaması normal deyil. Ona görə də siyasi həyatda bir qeyri-aktivlik hökm sürür.
Süleyman