“Müxalifət də də siyasi müxalifətçiliyi monopoliyaya götürənlər var - MÜSAHİBƏ

Ramil Hüseynov: “Onlar da bu siyasətə biznes, qazanc mənbəyi kimi baxırlar”

Ölkədə fəaliyyət göstərən əksər siyasi partiyalar kimi Vətəndaş və İnkişaf Partiyası da bu ilin sonunda Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşır. Partiyanın seçkilərə hazırlığı, eləcə də müxalifət düşərgəsində mövcud olan vəziyyətlə bağlı Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə VİP rəsmisi Azərbaycan Demokrat Partiyası ilə aparılan danışıqlar və iki siyasi təşkilat arasındakı mümkün əməkdaşlıqdan danışıb.

-Ramil bəy, hazırda Vətəndaş və İnkişaf Partiyası fəaliyyətini hansı istiqamətdə davam etdirir və partiyada bələdiyyə seçkilərinə hazırlıq işləri hansı səviyyədədir?

-Partiya olaraq cari fəaliyyətimizi davam etdiririk. Məlum olduğu kimi bu il ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Partiyada bu istiqamətdə muəyyən proseslər davam etdirilir. Baxmayaraq ki, bələdiyyə seçkilərinə cəmiyyətdə o qədər də önəm verilmir, amma biz Siyasi Şurada bununla bağlı müzakirələr aparmışıq.  İlkin fikir ondan ibarət olub ki, bu seçkilərdə iştirak edək. Digər tərəfdən 2015-ci ildə ölkədə parlament seçkiləri keçiriləcək. Bu istiqamətdə də partiyada dairə təşkilatları ilə sıx əlaqə saxlanılır, 2015-ci il üçün deputat korpusumuzla baglı təklifləri qəbul edir, mərkəzi aparatda bu istiqamətdə taktiki təşkilatı və digər addimlarımızla bağlı planlarımz hazırlanır.

-"EL" Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevlə VİP arasında gedən məhkəmə prosesi hansı mərhələdədir?

-Məhkəmə ilə baglı onu deyə bilərəm ki, Xətai rayon məhkəməsində sikayətimiz yenidən icraata götürülmədi. Mən hesab edirəm ki, bu qanunsuz qərardı. Biz dəfələrlə bəyan etmişik ki, geri çəkilmə olmayacaq. Sona qədər o insanın cəzalandırılmasına calışacağıq. Mən özum məhkəməyə müraciət etməmişəm.  Amma bu həftə ərzində mən də məhkəməyə müraciət etmək niyyətindəyəm.  Qarşı tərəf partiyadan həm məni, həm də partiya sədrini məhkəməyə verib. Biz sona qədər dediyim kimi bu prosesi davam etdirmək niyyətindəyik. Çünki biz hüquqi dövlətdə yaşayırıq. Bu hüququn aliliyinə cavabdeh şəxslərdən də tələb edəcəyik ki, huquqlarımızın qorunması üçün səylərini göstərsinlər. Çünki bu bilavasitə hüququn aliliyinə qarant olanların vəzifə borcudu. O cür adamlar cəzalandırılmırsa, hüquqi baxımdan o cəzanı vermək istəməyənlər bizə desinlər ki, başqa cəza növu hansıdırsa bizdə o metodlardan istifadə edək.

-Hazırda müxalifət düşərgəsindəki vəziyyəti necə qiymətləndirirsiniz?

-Müxalifətdəki durumu mən normal qiymətləndirmirəm və bunu təəssüf hissi ilə qeyd etmək istəyirəm. Hər bir vətəndaş bu gün bunu acı təəssüf kimi qeyd edir. Müxalifətdəki pərakəndəlik iqtidarla bağlı deyil. Bu düşərgəyə daxil olan partiyaların bir-biriləri ilə mübarizə aparmaq oyunları cəmiyyətdə bir umidsizlik, etibarsızlıq sindromunu yaradıb. Bu düşmənçilik üstündə qurulan siyasət aradan qaldırılmalıdır. Dünyada gedən çaxnaşmalar bizi düşündürməyə vadar etməlidir ki, biz dövlətimizi, ölkənin müstəqilliyini qorumaq, suverenliyini itirməmək üçün müəyyən məsələlərdə qarşılıqlı güzəştlər və anlaşmalara getməliyik. Bu gün ölkədə siyasi sistemin inkişafına ciddi maneələr var. Bu həm də bəzi xarici qüvvələrin marağındadı. Daxildə biz bunun qarşısını almaq üçün siyasi institutların işini gücləndirməliyik. Müxalifətdəki bəzi insanlar isə bu istiqamətdə aldıgı qrantlardan aidiyyati üzrə istifadə etmirlər. Nəticədə bu bizim cəmiyyətimizin inkişafının qarşısını alır. Sonucda müxalifətin güclənməsi prosesi zəifləyir. İqtidarda təmsil olunan bəzi məmurlar biznes sahələrini monopoliyaya aldıqları kimi müxalifətimizdə də siyasi müxalifətçiliyi monopoliyaya götürənlər var. Çünki onlar da bu siyasətə biznes, qazanc mənbəyi kimi baxırlar. Nə qədər bu təfəkkür belə davam edəcək müxalifətin də vəziyyəti acınacaqlı olacaq.

-Azərbaycan Demokrat Partiyası ilə VİP-in əməkdaşlığı əsasən hansı istiqamətləri özündə ehtiva edəcək?

Vətəndaş və İnkişaf Partiyasının ADP ilə onsuz da əməkdaşlığı mövcuddur. Bu əməkdaşlıq bir neçə illərdir ki, davam edir. Mövqelərimizdə uzlaşmalar, uyğunluqlar var.  Sadəcə bu əməkdaşlıq rəsmiləşməyib. Ola bilər ki, gələcəkdə bu da baş versin. Ümumiyyətlə hansısa bir birlik, əməkdaşlıq səmimi və ədalətli şəkildə qurulsa onun uğurları daha çox olar. Biz müxalifətin birliyini istəyirik. Təbii ki, sağlam düşüncəli, sağlam təfəkkürlü müxalifəti nəzərdə tuturam. Hesab edirəm ki, zərurət yarananda sadaladığım müxalifət bir arda olacaq.

-VİP-in müxalifətin yeni konfiqurasiyalarının yaradılması istiqamətində apardığı işlər hansı mərhələdədir?

-Bu istiqamətdə müəyyən səylər və danışıqlar həm biz, həm də digər qurumlar tərəfindən həyata keçirilir. Arzu edirəm ki bu danışıqlar müsbət sonluqla yekunlaşacaq.

Süleyman 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31