“Bütün qərarlar razılaşdırılmış şəkildə qəbul edilməlidir” - MÜSAHİBƏ

Yusif Bağırzadə: “DQB-ni təsis edərkən demişdim ki, orada böyük, kiçik partiya söhbəti olmamalıdır”

Müxalifət düşərgəsində fəaliyyət göstərən bir sıra partiyalar kimi Azərbaycan Milli İstiqlal Partiyası da bu il ölkədə keçiriləcək bələdiyyə seçkilərində iştiraka maraqlıdır. Artıq seçkilərə hazırlıq istiqamıətində partiyada bir sıra işlərin görüldüyünü deyən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə "OLAYLAR"-a verdiyi müsahibədə Demokratik Qüvvələr Birliyinin fəaliyyəti və onun seçki blokuna çevrilməsi mümkünlüyündən də danışıb.

-Yusif bəy, Azərbaycan Milli İstiqlal Partiyası bu il ölkədə keçiriləcək bələdiyyə seçkilərində iştirakı qərarlaşdırıbmı və seçkiyə hazırlıq istiqamıətində partiyada hansı işlər görülür?

-Azərbaycan Milli İstiqlal Partiyasında seçkilərlə əlaqədar olaraq daimi qərargah fəaliyyət göstərir. Partiyamız Azərbaycanda keçirilmiş 2008 və 2013-cü il prezident seçkiləri istisna olmaqla digər bütün seçkilərdə hər zaman iştirak edib. Bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar onu deyə bilərəm ki, AMİP həmin seçkilərdə iştirak edəcək. Bu birməanlıdır. AMİP-in Mərkəzi Şurasının son toplantısında da belə bir fikirlər səsləndi ki, AMİP bələdiyyə seçkilərindıə mütləq iştirak etsin. Artıq rayon təşkilatları hazırlıq vəziyyətinə gətirilib və onlara müvafiq tapşırıq, tövsiyyələr, təlimatlar verilib.

-AMİP-in seçkilərdə iştirakı hansı formada olacaq. Seçkiyə təkbaşına, yoxsa təsisçisi olduğunuz Demokratik Qüvvələr Birliyi ilə birgə gedəcəksiniz?

-Azərbaycan Milli İstiqlal Partiyası Demokratik Qüvvələr Birliyinin təsisçilərindən biridir və keçən həftə DQB-nin seçkilərdə hansı formada iştirak edəcəyi barədə dinləmə keçirildi, müxtəlif fikirlər səsləndi. Bunun üçün bir iclas yetərli olmadı və təklif edildi ki, DQB-nin seçkilərlə bağlı mövqeyinin tam müəyyənləşdirilməsi üçün daha bir necə müzakirə təşkil olunsun. Onu da qeyd edim ki, Demokratik Qüvvələr Birliyinin seçki blokuna çevrilməsi ilə əlaqədar olaraq da dinləmələr keçirilir. Artıq keçən həftədən bu rposes başlayıb və növbəti həftə ərzində də bu istiqamətdə müzakirələr keçiriləcək. Çünki bu çox ciddi bir məsələdir. Gələcək göstərəcək ki, Azərbaycan Mili İstiqlal Partiyası bələdiyyə seçkilərinə Demokratik Qüvvələr Birliyi ilə, yaxud tək gedir. Ümumiyyətlə, bələdiyyə seçkiləri spesifik seçki olduğu üçün OLA BİLSİN Kİ, DQB-dəki siyasi təşkilatlar, KXCP, BAP seçkiyə təkbaşına getsin. Çünki bələdiyyə seçkilərinə blok şəklində getmək prosedur qaydalar baxımından bir qədər çətinlik yaradır. Ancaq parlament seçkiləri daha önəmlidir. Hələ 2013-cü ilin prezident seçkiləri ərəfəsində mən açıqlama vermişdim ki, biz 2015-ci ilin parlament seçkilərində iştiraka maraqlıyıq. Demokratik Qüvvələr Birliyi hətta bələdiyyə seçkilərinə blok şəklində getməsə belə, biz parlament seçkilərinə blok olaraq qatılacağıq. Onu da qeyd edim ki, 2010-cu ilin parlament seçkilərində AMİP seçkilərə tək getdi və hakim partiyadan sonra seçkiyə ən çox namizədlə qatıldı. Ancaq praktika göstərir ki, parlament seçkilərinə blok şəklində getmək daha önəmlidir. Ona görə də bizim üçün maraqlıdır ki, parlament seçkilərində Demokratik Qüvvələr Birliyi blok şəklində iştirak etsin.

-Yəqin ki, DQB-nin seçki blokuna çevrilməsi yaxın vaxtlarda məlum olacaq?

-Yaxın bir-iki iclasda bilinəcək ki, biz seçkiyə blok şəklində gedəcəyik, yoxsa təkbaşına. Bu məsələdə bir məqamı qeyd etmək yerinə düşər. Belə ki, tələsik şəkildə yaradılan Milli Şuranın seçki blokuna çevrilməsi barədə hər hansı bir qərar olmasa da, ancaq həmin qurum 2013-cü ilin prezident seçkilərinə vahid namizədlə getdi. Halbuki heç bir qərar qəbul edilmədi. Ancaq mən hesab edirəm ki, seçkilərə blok şəklində gediriksə mütləq qərar qəbul edilməldir və orada təmsil olunan bütün siyasi təşkilatlar eyni hüquqa, səsə malik olmalıdırlar. Hələ DQB-ni təsis edərkən demişdim ki, orada böyük, kiçik partiya söhbəti olmamalıdır. Bütün qərarlar razılaşdırılmış şəkildə qəbul edilməlidir.

-Demokratik Qüvvələr Birliyinin Sədrlər Şurasının son toplantısında qurumun fəaliyyətinin genişləndirilməsi, aktivliyinin artırılması məqsədəuyğun hesab edildi. Bu istiqamətdə hansı tədbirlər nəzərdə tutulur?

-Məlum olduğu kimi DQB-dəki bir çox siyasi təşkilatlar əvvəllər Milli Şurada təmsil olunublar. Onların əksəriyyəti artıq Milli Şurada fəaliyyətini dayandıraraq öz fəaliyyətlərini Demokratik Qüvvələr Birliyində davam etdirirlər. Bir məqamı qeyd edim ki, hər dəfə müxtəlif siyasi təşkilatlar birləşir, sonradan ayrılırlar. Ancaq Demokratik Qüvvələr Birliyi bu günümüz üçün davamlıdır və artıq neçə ildir ki, fəaliyyət göstərir. Təsisçilərdən bir neçə siyasi partiyanın Milli Şuraya gedib qayıtmalarına baxmayaraq bu platformada fəaliyyətlərini davam etdirirlər. Məlumat üçün onu da deyim ki, bir neçə siyasi təşkilat Demokratik Qüvvələr Birliyinə daxil olmaq niyyətindədir və həmin təşkilatlarla müzakirələr aparılır. Ola bilsin ki, yaxın günlərdə həmin təşkilatlar da Demokratik Qüvvələr Birliyinə qəbul olunsun.

S. İsmayılbəyli 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31