“Bəzi hallarda Azərbaycanın mövqeyini həzm edə bilmirlər” - MÜSAHİBƏ

Ramiz Alıyev: “İstəyirlər ki, ölkəmiz müəyyən mənalarda bəzi dövlətlərin istədiyi kimi siyasət aparsın”

"Bir çox hallarda güc dövlətləri Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağı günlə bağlı narahatçılıq keçirirlər"

Ukraynada yaşanan hadisələr və Rusiyanın Qərbə sözün həqiqi mənasında meydan oxuması Cənubi Qafqaz regionunun, eləcə də Azərbaycanın əhəmiyyətini Avropa üçün bir qədər artırıb. Cərəyan edən proseslərin fonunda Qərbin Azərbaycanla daha sıx münasibətlərə can atması da belə deməyə əsas verir. Politoloq Ramiz Alıyev də deyir ki, hazırda Azərbaycanın Avropa üçün önəmi daha da artıb.

-Ukrayna hadisələri Azərbaycanın Avropa üçün əhəmiyyəıtini nə dərəcədə artırdı?

-İstər Ukrayna, istərsə də digər dövlətlərdə və bölgələrdə olan hadisələrə hər zaman Azərbaycan tərəfindən haqlı, qərəzsiz və obyektiv münasibət gəlmişdir.Bu da ona görədir ki, ölkəmiz asılı siyasət yürütmür. Bu gün Azərbaycan müstəqil siyasət aparır və heç bir ölkə və güc qarşısında öhdəlikləri yoxdur. Ancaq təssüflər olsun ki, bəzi hallarda Azərbaycanın bu cür mövqeyini həzm edə bilmirlər və istəyirlər ki, ölkəmiz müəyyən mənalarda bəzi dövlətlərin dediyi və istədiyi kimi siyasət aparsın. Necə ki,  hazırda bir çox dövlətlər bu problemlə üz-üzədir. Hətta bir çox hallarda güc dövlətləri Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağı günlə bağlı narahatçılıq keçirirlər. Ona görə ki, onlar çox gözəl bilirlər və hesablayırlar ki, bir milyon qaçqın və məcburi köçkünü olan bir ölkə bu qədər inkişaf edib söz sahibinə çevrilibsə onda ərazi bütövlüyü həll olandan, qaçqın və məcburi köçkün problemi həllini tapandan sonra hansı təkanla inkişaf edə bilər. Ona görə də əminliklə deyə bilərəm ki, heç də bir çox ölkələr dövlətimizin bu cür inkişafına rahat sevinmirlər. Ancaq təbii ki, Azərbaycanın Ukrayna hadisələrindəki mövqeyi və rəsmi olaraq münasibəti Avropada Azərbaycana daha çox tələb və istək yaratdı. Ölkəmizin vermış olduğu mesajlar öz bəhrəsini verməkdədir. Artıq bütün dünya əmindir ki, Azərbaycansız regionda heç bir beynəlxalq və regional layihə baş tuta bilməz.

-Bu arada Fransa prezidentinin regiona, eləcə də Azərbaycana gəlməsi deyilənləri təsdiq etmirmi?

-Bu səfər onu göstərdi ki, Azərbaycan təkcə regionun lider dövləti yox, Qərb üçün də önəmli bir ölkədir. Bura həm iqtisadi, enerji layihələri, həm də ölkədə hazırki dövlət idarəçiliyi və prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı müstəqil daxili və xarici siyasəti daxildir. Fransa Avropanın lider olkələrindən biridir, belə bir dönəmdə ölkə prezidenti səviyyəsində olan bu səfər ölkəmiz üçün təqdirəlayiq hadisə sayılmalıdır. Belə ki, Ukraynada və digər regionlarda gedən siyasi proseslərə müstəqil və obyektiv şəkildə Azərbaycan tərəfindən münasibətin bildirilməsi bir daha subut edir ki, ölkəmiz düzgün siyasət yeridir. Fransa həm BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, həm də ATƏT-in Minsk qrupunun həmsədri olduğu üçün Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolunda daha aktiv fəaliyyət göstərməlidir. Fransa BMT-nin erməni qoşunlarının qeyri-şərtsiz olaraq Azərbaycan ərazisini boşaltması haqqında qətnaməsi veriləndə həmin qətnaməni dəstəkləyən bir ölkə olub. Belə məntiq ortaya çıxır ki, vaxtında Fransa da haqlı olaraq Ermənistanın işğalçı ölkə olmasını təsdiqləyib, indi isə həmin qərarlara da hörmət etməlidir. Fransua Olland və ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistanı məcbur etməlidir ki, işğalçılıq əməllərindən əl çəksin. Onun kimi siyasi liderlər də çox gözəl bilir ki, Ermənistanın çıxış yolu yalnız Azərbaycanın tarixi torpaqlarını işğal etməsindən keçir. İstər Türkiyə ilə olan münasibətlər və sərhədlərin bağlı olması, istərsə də regionda həyata keçirilən böyük siyasi və iqtisadi layihələrdən kənərda qalmamaq üçün Ermənistan şərtsiz olaraq işğalçılıq əməllərindən əl çəkərək işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir və haqsız olaraq Türkiyəni qınadığı və yalan uydurmalarla dolu olan "qondarma erməni soyqırımı" iddiasından əl çəkməlidir". Ümumiyyətlə, Fransa prezidentinin ilk olaraq ölkəmizə və daha sonra digər iki ölkəyə səfər etməsi onu göstərir ki, regionun gücü Azərbaycandır, anlaşmaq istəyən Azərbaycanın haqlı tələblərini yerinə yetirməyə borcludur. Əks halda itirən Azərbaycan deyil, Ermənistan və Avropa olacaq.

-Belə bir vəziyyətdə Avropa, Qərb təsisatları Qarabağ probleminin həllinə maraqlı görünə bilərlərmi?

-Əlbəttə həm Avropa, həm də Qərb Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunun haqqında müxtəlif bəyannamələr və qətnamələr qəbul ediblər. Ancaq görünür ki, bu addımlar Ermənistana kifayət etmir. Bunun üçün konkret olaraq addımlar atılmalıdır. Burada sanksiyalar, iqtisadi təsir imkanlarından istifadə oluna bilər. Əməkdaşlığa son verilə bilə və s. Onda bu olar konkret təsir vasitələri. Hesab edirəm ki, atıq Avropa və Qərb Ermənistanın başına sığal çəməyi dayandımaq fikrinə gəlib və istəmirlər ki, Azərbaycan haqqı olan hərbi gücdən istifadə edərək ərazi bütövlüyünü təmin etsin. Onlar prosesin sülh yolu ilə həll olmasını istəyirlər.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31