“Məqsədimiz dildə, fikirdə, işdə birlik idealını Azərbaycana, bütün Türk dünyasına yaymaqdır” - MÜSAHİBƏ
Közhan Yazqan: “Türk sevdası ilə bu ölkəyə gəldik və fəaliyyətimizi də Türk sevdası ilə davam etdiririk”
19 May 2014 15:21 MüsahibəTürk dünyası üçün sağlam toplum, gənclik yetişdirmək missiyasını qarşısına məqsəd qoyaraq yola çıxan Türk Dünyası Araşdırmalar Vəqfi bu gün də öz uğurlu fəaliyyətini davam etdirir. Vəqfin qurucusu, mərhum Turan Yazqanın vəfatından sonra bir çoxları Türk Dünyası Araşdırmalar Vəqfinin tədricən dağılacağı və idarəolunmaz vəziyyət alacağını iddia etsə də, lakin Türk dünyasına xidmət etmək missiyası ehtimal olunan təhlükələri sıfıra endirdi və hazırda da qurum öz fəaliyyətini davam etdirir. Bu gün Türk Dünyası Araşdırmalar Vəqfinə rəhbərlik edən Közhan Yazqan daha böyük hədəflərə nail olmağı qarşıya məqsəd qoyub. Həmçinin vəqfin Azərbaycanda fəaliyyət göstərən Bakı Atatürk Liseyinin də mövcud imkanlarının artırılması nəzərdə tutulur. Bu məqsədlə bu günlərdə Azərbaycanda səfərdə olab Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri Közhan Yazqan qarşıda duran məqsəd və vəzifələr, bundan sonrakı fəaliyyətlər barədə danışıb. "OLAYLAR"-a verdiyi müsahibədə o, Azərbaycanda rəsmi səviyyələrdə keçirilən görüşlər barədə də məlumat verib.
-Közhan bəy, Azərbaycana bu dəfəki səfərinizin məqsədi nədir?
-Bildiyiniz kimi, Türk Dünyası Araşdırmalar Vəqfinin xarici ölkələrdə yaradılmış ilk təhsil ocağı olan Türk Dünyası Atatürk Liseyi Bakıda yerləşir. Bu məqsədlə müntəzəm olaraq Bakıya gəlir, liseyin fəaliyyəti ilə maraqlanırıq. Gələcəkdə də mütəmadi olaraq Bakıya gələcəyik.
-Yaxın vaxtlarda Bakı Atatürk Liseyinin fəaliyyətində hər hansı yenilik gözlənilirmi?
-Bakı Atatürk Liseyi 22 ildir ki, Azərbaycanda, Bakıda alnıaçıq şəkildə fəaliyyət göstərir. Atatürk Liseyi Türk dünyasına yeni nəsillər yetişdirir və yetirşdirməyə davam edəcək. Türk Dünyası Araşdırmalar Vəqfinin əsas məqsəd və vəzifəsi bundan ibarətdir. Biz bu istiqamətdə daha geniş fəaliyyət göstərmək, geniş kütlələrlə işləmək arzusundayıq. İstəyirik ki, Azərbaycan və Türk dünyası üçün daha xeyirli insanlar yetişdirək. Məqsədimiz gənclərimizi, uşaqlarımızı mərhum prezident Heydər Əliyevin də dediyi kimi "Bir millət, iki dövlət" ideyası, prinsipi ilə yetişdirməkdir. Türk Dünyası Araşdırmalar Vəqfinin mərhum başqanı Turan Yazqanın da dediyi kimi bizim Türk milləti olaraq uşaqlardan başqa tutacaq heç bir dayağımız yoxdur. Uşaqlarin yaxşı bir şəkildə təhsil alması üçün əlimizdən gələni əsirgəməmək başlıca məqsədimizdir. Fəaliyyətimizi nə qədər geniş şəkildə həyata keçirsək biz bir o qədər şad olarıq. Həmçinin Turan Yazqanın da ruhu şad olar.
-Hazırda Türk Dünyası Araşdırmalar Vəqfinin durumu hansı vəziyyətdədir? Çünki bir müddət Vəqfdə müəyyən problemlər oldu
-Türk Dünyası Araşdırmalar Vəqfində müəyyən zamanlarda problemlər olur. Çünki biz nəticə etibarilə zəngin, və ya müəyyən sərmayə gücünün dəstəklədiyi vəqf deyilik. Qazandığımızı yalnız uşaqların təhsil alması istiqamətində xərcləyirik. Əlimizdən gəldiyi qədər qaynaq əldə edib onu Türk dünyasına sərf etmək uğrunda çalışırıq. Qeyd etdiyim kimi maddi problemlərimiz hər zaman var. Ancaq bütün bunlara baxmayaraq vəqfimiz heç bir zaman öz başlıca məqsəd və vəzifələrindən uzaqlaşmaz.
-Bakı Atatürk Liseyinin əhatə dairəsinin genişlənməsi, yeni bir bina ilə təmin olunması istiqamətində müvafiq qurumlarla danışıqlar aparıb, görüşlər keçirirsinizmi?
-Bakı Atatürk Liseyi ilə bağlı Azərbaycan Təhsil Nazirliyi ilə müəyyən görüşlərimiz olur, bəzi yazışmalarımızı edirik. Məqsədimiz liseyin binasını daha modern, daha imkanlı səviyyəyə çatdırmaqdır. Çünki 22 ildir bizim Azərbaycan və Türkiyə üçün hansı xidmətlər göstərdiyimiz ortadadır. Biz bu cür məktəbləri Azərbaycanda yaymaq istəyirik
-Bəs Bakıda olduğunuz müddətdə hansısa görüşlər keçirdiniz?
-Azərbaycan Təhsil Nazirliyində görüş keçirdik. Eyni zamanda yazılı şəkildə müraciətlərimizi ünvanladıq.
-Azərbaycanda təhsil sahəsində fəaliyyət göstərən müvafiq qurum və mərkəzlərlə ortaq layihələrin həyata keçirilməsi mümkündürmü?
-Əlbəttə mümkündür. Hər zaman bu cür layihələr həyata keçirmək istəyirik.
-Ümumiyyətlə, sizin Azərbaycan hökumətindən hansısa istək və arzularınız varmı?
-Bizim Azərbaycan hökumətindən hansısa maddi yardım gözləntimiz yoxdur. Bunu hər kəs yaxşı bilir. Sadəcə Türk sevdası ilə bu ölkəyə gəldik və fəaliyyətimizi də Türk sevdası ilə davam etdiririk. Qardaş dövlətimizdə bu sevdayı yaşadırıq. Bunu həm Azərbaycan, həm də Türkiyə çox yaxşı bilir. Sadəcə bizim hər cür fədakarlıq etməyə hazır olduğumuzu bilib mənəvi dəstəklərini əsirgəməsinlər.
-Vəqfin Türkiyədəki liseyləri ilə Bakıdakı lisey arasında qarşılıqlı təcrübə mübadiləsinin, səfərlərin təşkili planlaşdırılırmı?
-Bu sahədə bir sıra fəaliyyətlərimiz var. Belə ki, hər il təşkil etdiyimiz Uşaq Şölənini bu il də keçirəcəyik. Həmin tədbir vasitəsilə bütün Türk dünyasından olan uşaqları bir araya gətirir, onları Türkiyədəki məktəblərdə qonaq edir, hamımızın bir millət olduğumuzu onlara bir daha xatırladırıq. Bundan əlavə olaraq Türkiyədə, mərhum Turan Yazqanın məmləkətindəki məktəblərdən biri, Anadolu Liseyi Turan Yazqan Anadolu Liseyi oldu və həmin məktəblə Bakı Atatürk Liseyi qardaşlaşmış məktəb elan edildi. Növbəti ildən etibarən iki məktəbin şagirdləri arasında qarşılıqlı səfərlər təşkil ediləcək.
-Azərbaycanın regionlarında da liseylər təsis etmək vəqfin gündəmində varmı?
-Biz hər zaman bunu arzu edirik. Bunu etmək üçün təhsil sahəsində heç bir problemimiz yoxdur. Bizim yalnız bina problemimiz mövcuddur. Bizim üçün bina ayrıldığı halda həmin işləri görməyə hazırıq. Bunun üçün biz Türk fədakarlığımızı edərik. Bizim təhsil sahəsindən pul əldə etmək kimi məqsədimiz yoxdur və heç bir zaman da belə niyyətə düşmərik. Sadəcə məqsədimiz dildə, fikirdə, işdə birlik idealını Azərbaycana, bütün Türk dünyasına yaymaqdır.
-Vəqfin digər ölkələrdəki liseyləri ilə müqayisədə Bakı Atatürk Liseyinin fərqi nədir? Ümumiyyətlə, digər ölkələrlə müqayisədə istər lisey üçün müəyyən şəraitin yaradılması, istərsə də təhsil sahəsində hansısa fərqliliklər varmı?
-Elə ciddi fərqliliklər yoxdur. Bütünlükdə liseylərin hamısı Türk Dünyası Araşdırmalar Vəqfinin nəzarətindədir. Azərbaycan, onun paytaxtı Bakı şəhəri son illər sürətlə inkişaf edən bahalı bir şəhərə çevrildi. Bu səbəbdən liseyin maddi olaraq saxlanılması bir qədər çətinlik yaratmağa başladı.
-Liseylərdəki təhsil vəqfin rəhbəri olaraq sizi qane edirmi? Ümumiyyətlə, liseyləri bitirən şagirdlərin neçə faizi ali məktəblərə qəbul olur?
-Bu göstəricilər bizi son dərəcə məmnun edir və bundan yalnız qürur duyuruq. Həmçinin liseyimizə qəbul olunmaq istəyən şagirdlərin sayında hər il artım qeydə alınır. Bunun üçün biz qəbul imtahanları keçiririk. Düşünürəm ki, bu da bizim verdiyimiz təhsilin keyfiyyətli olduğunun göstəricisidir. Bu fəaliyyətimiz Azərbaycan tərəfindən də təqdir edilir.
-Yeni təhsil dönəmində fərqli bir dəyişikliklər olacaqmı?
-Yeni tədris ili üçün iki və ya üç sinif təşkil etməyi düşünürük. Əgər yer imkanımız daha çox olarsa bu sayı gələcəkdə 4-də çıxa bilər.
-Bir qayda olaraq bu kimi vəqflərin özünün ali təhsil ocaqları da olur. Siz də yaxın gələcəkdə ali təhsil ocağı təsis etməyi düşünürsünüzmü?
-Bizim başlıca məqsədimiz ondan ibarətdir ki, vəqfin bütün təhsil müəssisələrini ən qısa zamanda bir universitet çətiri altında toplayaq. Həmin universitet də Türk Dünyası Universiteti olmalıdır. Türk dünyasından gələcək gəncləri mərkəz İstanbul olmaqla orada oxutmaq bizim vəqfin idealıdır. İnşallah mərhum Turan Yazqanın da adını həmin universitetlə yaşatmaq istəyirik. Artıq Türk Dünyası Turan Yazqan Universiteti ilə bağlı fəaliyyətlərimizə başladıq. Təbii ki, bu heç də asan bir yol deyil, uzun yoldur. İnşallah bunu tezliklə bacaracağıq.
Süleyman İsmayılbəyli