Nurçuluqda ittiham olunan ilahiyyatçı jurnalisti məhkəməyə verir

Müşfiq Nəcəfov: “Fəaliyyətimin istiqaməti sadəcə məscid daxilindədir və ondan xaricdə heç bir fəaliyyət göstərmirəm. Bunu şəhərdə hamı bilir”

İlhayiyyatçı Müşfiq Nəcəfova mətbuatda ona edilən ittihamlar barədə müraciət etdik. Müsahibəyə keçid almazdan əvvəl qeyd edək ki, Müşfiq Nəcəfov Türkiyədə təhsil alıb. 2001-ci ildə Ankara Universitetinin İlahiyyat fakültəsinin məzunu olub, müxtəlif məscidlərdə fəaliyyət göstərib. Bir müddətdən sonra Azərbaycana qayıdıb. 2 il Bakıda, İlahiyyat məscidində imam müavini işləyib. Hazırda Mingəçevirdə yaşayan din xadiminin kiçik dini mallar satılan dükanı var. 2013-cü ildən Mingəçevir şəhəri Heydər məscidinin imam müavini vəzifəsini icra edir.

- Müşfiq bəy, mətbuatda ünvanınıza edilən ittihamlar barədə nə demək istərdiniz?

- Yayılan məlumatları həqiqət deyil. Böhtandır. Dini fəaliyyətim Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirirəm. Heç bir qanunsuz fəaliyyətim yoxdur.

- Nurçuluq təbliğatında etməkdə ittiham olunursunuz.

- İddiaların hamısı cəfəngiyyatdır, iftiradır. Qətiyyən belə bir şey yoxdur. Mənim nə nurçu, nə digər təriqətin insanları ilə əlaqəm yoxdur. Qapısının hardan açıldığını, evinə hardan girilib-çıxıldığını, məqsədlərinin nə olduğunu bilmirəm. Elələrinin evlərinə gedənlər var. Kiminsə qarşısına çıxıb: "Ora getmə, olmaz!" deyə bilmərəm. Azərbaycan demokratik və tolerant ölkədir. Fəaliyyətimin istiqaməti sadəcə məscid daxilindədir və ondan xaricdə heç bir fəaliyyət göstərmirəm. Bunu şəhərdə hamı bilir. Məsciddə namazları qıldırıram, vəəzlər və xütbələr oxuyuram, dini söhbətlər edirəm. "Quran" dərslərimiz, fərqli moizələrimiz və insanlarla fikir alış-verişlərimiz olur.

- Sizin olduğunuz məscidə "nurçular" gəlir?

- Mingəçevirdə 3 məscid var: Sağ sahil, Mingəçevir kənd və Heydər məscidləri. Onların hamısının qapıları bütün dindarlar üçün açıqdı. Namaz qılan insanların hamısı - namazının şərtiliyindən, məzhəbindən, qruplaşmasından, təriqətindən asılı olmayaraq, bu məscidlərə gəlir, namazlarını qılır və ibadətlərini edirlər. Ancaq özlərinə məxsus zikrlərinin, dərslərinin deyilməsi, disklər, kitablar və məlumat broşürlərinin yayılması, xüsusi fəaliyyətlərin edilməsi məscidlərimizdə qeyri-mümkündür. Buna adımız qədər cavabdehik. Ora müxtəlif qruplardan dindar insanlar gələ bilər. Onların işi yalnız namaz qılmaqla bitir. O insanların biri belə icazəmiz olmadan imamlıq vəzifəsini yerinə yetirə bilməzlər. Cümə namazlarını xəbərimiz olmadan heç kim keçməz. Əvvəla burdayıqsa bizik, biz yoxuqsa, müəyyən namizəd şəxslər əvəz edir. Gündəlik 5 vaxt namaza da nəzarət edirik.

- Müşfiq bəy, Mingəçevirdə nurçular var? Varsa, hansı ünvanda daha çox yığılırlar?

- Hesab edirəm ki, bu haqda insanların kifayət qədər məlumatları var. Bunun şəxsin dilindən deyilməsini doğru görmürəm.

- Türkiyədə nurçu üləma ilə görüşdüyünüz haqda deyilənlərə aydınlıq gətirə bilərsiniz?

- Çox istərdim ki, bu iddianı qaldıran şəxs qarşıma çıxsın, isim versin və mənə faktlar göstərsin ki, kimlərlə görüşmüşəm. Yaxud mənim şəhərdə Türkiyədən olan tanınmış və məşhur şəxslər qonağım olub. Onlar kimdir, belələri varmı? Göstərsin! Mən də bilim ki, adam nəyə əsasən bunu deyir. Mətbuatda yayılan məlumatların hamısı biri-birinin oxşarıdır. Məqalələrin hamısının eyni mənbədən bəhrələnərək bir jurnalist tərəfindən yazılması fikri yaranır. Sanki sifarişli yazılardır və "qaralama" kampaniyası xarakteri daşıyır. Mən bunu yazan insanların intellektual səviyyəsinə və müxbir kimi peşəkarlığına şübhə edirəm. Çünki bu insanlar məndən heç nə soruşmadan, xəbərim olmadan haqqımda yalan məlumatları gerçək iddia kimi ortaya qoyaraq yazıblar. Çox təəssüf edirəm.

- Yazı müəllifi ilə görüşmüsünüz?

- Görüşdüm. Bu adama dedim ki, bu şəhərdə yaşayıram, məni tanıyırsan? 6 ildir ki, icra hakimiyyətinin qarşısında dini mağaza işlədirəm. Neçə illərdir, məscidlərdə vəəz deyirəm, xəbərin varmı? - dedim. "Yox" - dedi. Müxtəlif yerli və mərkəzi telekanallarda ekspert kimi çıxışlarım olub, baxmısanmı? Adam mənə deyir ki: "Yox, mən telekanallara baxmıram". O zaman mən ona dedim ki, sən müxbir deyilsən və sifarişə işləyirsən. Sən xəbərləşmirsən, axtarmırsan, araşdırmırsan. Sənin vəzifən qarşılığını alıb, kimdənsə yazmaqdır.

- Müşfiq bəy, bununla bağlı hansı addımları atmaq fikriniz var?

Artıq məhkəməyə müraciət etmişik. Qanun çərçivəsində nə lazımdısa, onu edəcəyik. Barəmizdə deyilən ifadələrin doğru olmadığını fakt olaraq sübut edəcəyik, İnşallah. Haqqımıza təcavüz edənin heç bir zaman istədiyi məqsədə nail olmasına fürsət verməyəcəyik.

C.M.Rəğbətoğlu

Qeyd edək ki, 24.04.2013-cü il tarixdə "azadliq.info"da dərc edilən "Mingəçevir  - nur, yoxsa "nurçular" şəhəri?" adlı məqalədə Müşfiq Nəcəfov nurçuluğu təbliğ etməkdə ittiham edilib. Bundan başqa "Azadlıq" qəzeti, "axar.az" və b. saytlarda yayılan məlumatlarda ilahiyyatçı eyni şəkildə ittiham edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31