“Hər hansı xarici təhlükəni ölkə içi siyasi mübarizədən daha ciddi qəbul edirik” - MÜSAHİBƏ

Həsrət Rüstəmov: “Xarici müdaxiləyə qarşı əlimdə silah vuruşmağa belə hazıram”

2013-cü ilin prezident seçkilərindən sonra böhran dövrünü yaşayan ölkə müxalifətini düşmüş olduğu vəziyyətdən çıxarmaq üçün müxtəlif təşəbbüslər, təkliflər irəli sürülür. Belə təşəbbüslərdən biri də Qarabağ bloku tərəfindən gündəmə gətirilib. Adı çəkilən blok müxalifət partiyalarının 2015-ci ilin parlament seçkilərində birgə iştirakını təklif edib. Bəs görəsən həmin təklifə digər partiyaların münasibəti necədir? Məsələyə münasibət öyrənmək üçün Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə ADP rəsmisi mövcud ictimai-siyasi vəziyyət və regiondakı durum barədə də danışıb.

-Həsrət bəy, Qarabağ blokunun partiyalara parlament seçkilərində birgə iştirak barədə ünvanladığı müraciətə olan reaksiyalar necədir və bu istiqamətdə hansı işlər görülür?

-Qarabağ bloku bu təklifi verməklə təkcə, müxalifətin parlament seçkilərilə əlaqədar mərkəzləşməsini deyil, həm də ölkə ictimaiyyətinə seçkilərə ən azı bir il qalmış hazırlıq işlərinə başlamağın lazımlılığı mesajını verməyə çalışırdı. Birinci məqsədə nail olmaqla bağlı hələlik müqavimətə və ya susqun münasibətə tuş gəlsək də, ikinci məqsədimizlə bağlı işləri davam etdiririk. Belə ki, parlament seçkilərinin demokratik keçirilməsinin ölkə üçün əhəmiyyəti, vacibliyi, seçicilərin fəallığı və s. olduqca mühüm məsələlərlə bağlı vaxtaşırı məsələlər qaldırır və bu istiqamətdə təşkilati işlər görməyə çalışırıq. Blokun bələdiyyə seçkiləri ilə əlaqədar müvafiq komissiyası da işləyir, blokun idarə heyətinə təkliflər hazırlayır və yerlərdə partiya funksionerlərinin seçkidə iştiraka təşviq edən təşkilati işlər həyata keçirir. Bir sözlə məhdud imkanlara baxmayaraq mümkün olan işləri görməyə çalışırıq.

-Hazırkı vəziyyətdə müxalifəti düşmüş olduğu böhranlı vəziyyətdən çıxarmaq mümkün görünürmü?

-Əslində böhranlı vəziyyətdə olan təkcə müxalifət partiyaları deyil. Ölkədə ümumiyyətlə çoxpartiyalı siyasi sistemin böhranı mövcuddur. Bu böhranın əsas səbəbi isə ölkədə həqiqi çoxpartiyalı siyasi sistemin mövcudluğu və inkişafı üçün şəraitin olmaması, daha doğrusu bu istiqamətdəki bütün imkanların aradan qaldırılmasıdır. Məsələn, müqayisə üçün deyə bilərəm ki, Almaniya və Polşa konstitusiyalarında siyasi partiyalarla bağlı ayrıca maddə var və əsas qanunda partiyaların dövlətin əsas siyasi özülü olması təsbit edilib. İndi bizdə mövcud olan sistem əsil çoxpartiyalı sistem deyil. Təsəvvür edin ki, ölkənin hakimiyyət partiyası belə hakimiyyətin yönləndirilməsi və idarə olunmasında demək olar ki, heç bir rola malik deyil, formal olaraq mövcuddur. Belə bir vəziyyətdə təkcə müxalifətin böhranından danışmaq məncə düzgün deyil. Ölkədəki siyasi böhran bir yerdə həll oluna bilər.

-Görünən odur ki, ADP indiki vəziyyətdə diqqəti daha çox regional məsələlər və Rusiya təhlükəsinə yönəldib. Doğurdanmı hesab edirsiniz ki, regionu, eləcə də Azərbaycanı ciddi təhlükə gözləyir?

-Azərbaycan Demokrat Partiyası siyasi mübarizəsində həmişə reallıqları nəzərə almağa çalışıb. Hazırda ölkə içində hansısa mühüm, yeni siyasi proses və hadisə baş vermir. Biz Rusiyanın öz sərhədlərindən kənara doğru uzanan, həm də aqressiv şəkil alan siyasətini çox böyük narahatlıqla izləyirik. Bu gün Rusiyanın ətraf ölkələr, o cümlədən Azərbaycan üçün, onun müstəqilliyi və suverenliyi üçün təhlükəli siyasətini görürük və buna etiraz səsimizi ucaldırıq. Hesab edirik ki, bu təhlükə, daxildəki hər hansı neqativ siyasətdən daha qorxuludur. Bir şeyi dəqiq bilməliyik, Azərbaycan bir dəfə Rus əsarətindən 200 ilə ancaq xilas ola bilib. Yenidən Allah uzaq eləsin, əsarətə düşsə yəqin ki, daha xilas ola bilməyəcəyik. Ona görə də biz hər hansı xarici təhlükəni ölkə içi siyasi mübarizədən daha ciddi qəbul edirik. Şəxsən mən bütün partiyadaşlarımın əvəzindən danışa bilmərəm. Amma öz adımdan deyirəm ki, xarici müdaxiləyə qarşı əlimdə silah vuruşmağa belə hazıram. Kimsə Rusiya təhlükəsini şişirtməyimizi düşünə bilər. Təki belə olsun. Amma çox təəssüf ki, bu dövlətin bu günkü siyasəti və bizim içimizdəki azsaylı olsa da olan satqınlar xalq olaraq ayıq sayıq və ehtiyyatlı olmağa bizi sövq edir.

-Bu mövqeyinizə görə ADP-nin digər siyasilər tərəfindən tənqid olunmasına yanaşmanız necədir?

-Azərbaycan Demokrat Partiyası tənqidlərə həmişə dözümlü olmağa çalışıb. Tənqidlər heç də həmişə ədalətli və obyektiv olmur. Bizim özümüzün də başqalarına yönələn iradlarımız heç də həmişə obyektiv olmur. Bəzən emosiyaya qapılmaqdan, bəzən də başqa səbəblərdən insanlar obyektiv olmaqdan uzaqlaşırlar. İstənilən halda tənqid ümumi işin xeyrinədir. Amma Rusiya təhlükəsi ilə bağlı mövqeyimizin yüzdə yüz haqlı, əsaslandırılmış olmasına tam əminəm. Buna gözə kimsə bizi qınayacaqsa, qoy tələsməsin, yaxın gələcəkdəki siyasi hadisələrin inkişafını gözləsin. Bu zaman Azərbaycan Demokrat Partiyasının gələcəyə ünvanlanmış siyasi uzaqgörənliyinin şahidi olacaqlar.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31