Vahid namizəd məsələsi ətrafında baş sındırmaq... - MÜSAHİBƏ

Əli Oruclu: “Qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir”

"AMİP digərlərindən fərqli olaraq xalqın ona etimad göstərdiyi halda bu etimadı doğrultmadan mübarizə meydanından qaçan partiyalardan deyil"

Son günlər müxalifətdaxili münasibətlərdə yenidən bir gərginlik yaşanmaqdadır. 2013-cü ilin prezident seçkilərində müxalifəti təmsil edəcək vahid namizədin müəyyən edilməsinin qeyri-mümkünlüyü ayrı-ayrı partiyalar arasında olan qeyri-normal münasibətləri daha da şiddətləndirib. Bu arada Azərbaycan Milli İstiqlal Partiyası da yaxın keçmişdə yol verdiyi səhvlər səbəbindən müxalifət düşərgəsində təmsil olunan bir sıra siyasi dairələr tərəfindən tənqid olunub. Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu "OLAYLAR"-a verdiyi müsahibədə müxalifət partiyaları tərəfindən AMİP-ə qarşı olan münasibətin səbəbləri barədə danışıb. Partiya rəsmisi müxalifət düşərgəsinin 2013-cü ilin prezident seçkilərinə hazırlığı, bu istiqamətdə yol verdiyi nöqsanlar və digər məsələlərə də aydınlıq gətirib.

-Əli bəy, son günlər ayrı-ayrı partiyalar tərəfindən Azərbaycan Milli İstiqlal Partiyasına qarşı bəzi tənqidi fikirlər səsləndirilir. Hətta bir sıra hallarda AMİP yaxın keçmişlə bağlı sərt şəkildə ittiham da olunur. Sizcə müttəfiqlərinizin AMİP-ə qarşı olan münasibətinin arxasında nə dayanır?

-Müxalifət düşərgəsində təmsil olunan ayrı-ayrı partiyalar tərəfindən Azərbaycan Milli İstiqlal Partiyasına qarşı olan qeyri-sağlam münasibəti dəfələrlə görmüşük. Biz bir növ bu cür münasibətlərə, qərəzli yanaşmalara adətkar olmuşuq. Ancaq hesab edirik ki, bu kimi qərəzli yanaşmalar bizin partiya olaraq fəaliyyətimizə təsir göstərə bilməz. Sadəcə olaraq bu cür hallar bizdə təssüf doğurur. Təssüflər olsun ki, üzdə müxalifətin birliyi, yaxınlaşmadan danışan partiyaların sözü ilə əməli bir-birinə uyğun gəlmir. Burada da müxtəlif səbəblər var. Birinci səbəb ondan ibarətdir ki, müxalifət düşərgəsi öz gücünü qarşıya qoyduğu məqsədlərə, ölkədə demokratik sistemə keçidin bərpa olunmasına deyil, ancaq bir-birini didmək, zəiflətməyə sərf edir. Düşünürlər ki, bununla bir addım önə çıxa biləcəklər. Azərbaycan Milli İstiqlal Partiyası ölkənin ilk qeydiyyatdan keçmiş siyasi təşkilatıdır və bu gün də ölkənin aparıcı siyasi partiyası olaraq siyasi proseslərə təsir etmə imkanını özündə saxlayır. Bu amilin özü də bəzi müxalifət partiyalarını narahat edir. Nəticə etibarilə AMİP ayrı-ayrı partiyalar tərəfindən zərbələr alır. Azərbaycan Milli İstiqlal Partiyası indiyə qədər hakimiyyətdə olmayan açılmamış bir sandıqdır. Hazırda bizi ittiham edən bəzi siyasi qüvvələr və liderlərdən fərqli olaraq AMİP indiyə qədər heç bir uğursuzluğa düçar olmayıb. Həmçinin AMİP digərlərindən fərqli olaraq xalqın ona etimad göstərdiyi halda bu etimadı doğrultmadan mübarizə meydanından qaçan, bu və ya digər səbəblərdən qorxaqlıq göstərən partiyalardan deyil. Məhz bütün bunlardan dolayı zaman-zaman Azərbaycan Milli İstiqlal Partiyasına qarşı ayrı-ayrı siyasi dairələr tərəfindən hücumlar olur. Hətta bundan sonra da biz bu cür münasibətləri gözləyirik.

-Artıq hakimiyyət qeyri-rəsmi olsa da 2013-cü ilin prezident seçkilərində iştirak edəcək namizədinin adını açıqlayıb. Ancaq müxalifət hələ də bu məsələdə yubanır. Sizcə, bunun başlıca səbəbi nədir?

-Azərbaycan müxalifəti 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədini müəyyən edə bilməməsi bir neçə səbəblə bağlıdır. Birincisi, müxalifət partiyaları daxilndə liderlərin bir-birinə inamı yox dərəcəsindədir. İkincisi, hansısa liderin prezident seçkilərinə qatılıb qalib gəlmə ehtimalı da yoxdur. Digər tərəfdən müəyyən partiya maraqları, şəxsi ambisiyalar var ki, bu amilərdə qeyd edilən məsələnin reallaşmasıma mane olur. Məhz bütün bunlardan dolayı da kiminsə digərinə güzəştə getməsi absurd görünür. Müxalifət düşərgəsində bunu gözləməyə dəyməz.

-Sizcə müxalifət seçkiyə vahid namizədlə getməlidir?

-Hesab edirəm ki, vahid namizəd məsələsi vacib deyil. O qədər də mühüm olmayan predmetin üzərində baş sındırmaq məsələnin ziyanına işləyir. Bu gün müxalifətin qarşısında duran əsas vəzifə ölkədə normal seçki mühitinin yaradılmasına, seçki qanunvericiliyinin təkmilləşdirilməsinə nail olmaqdır  Bütün bunları bir kənara qoyub müxalifətin vahid namizədi kim olacaq sualına cavab axtarmaq qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir. Həmçinin vahid namizəd məsələsi ətrafında baş sındırmaq ancaq müxalifətin parçalanması, qarşılıqlı ittihamlar, əsas problemlərdən yayınmağa xidmət edir. Bu gün ölkədə kifayət qədər problemlər var ki, həmin problemləri önə çəkmək lazımdır.

-Hesab edirsiniz ki, normal seçki mühitinin yaradılmasına nail olduqdan sonra vahid namizəd barədə düşünmək olar?

-Seçkilər hazırkı seçki qanunvericiliyi ilə keçirilsə müxalifətdən kimin namizəd olmasına baxmayaraq onun seçkidə qalib gəlmə şansı sıfır dərəcəsində olacaq. Digər tərəfindən müxalifətin maddi resursları, həmçinin geniş xalq dəstəyi də yoxdur. Çünki Azərbaycan xalqı dəfələrlə müxalifət namizədinə səs verib, ancaq həmin namizəd xalqın səsini qoruya, onu doğrulda bilməyib. Həmçinin müxalifət namizədləri indiyə qədər iştirak etdiyi seçkilərdə öz proqramı da xalqa doğru-düzgün olaraq təqdim edə bilməyib..

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31