Cəzadan şərti olaraq azad etmə ilə bağlı yeni yanaşma - ŞƏRH
Nazir Quliyev: “Azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad etmənin və daha yüngül rejimli müəssisəyə keçirilmənin mümkünlüyü hərtərəfli araşdırılır”
12 May 2014 17:15 MüsahibəAzərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyinin təşəbbüsü ilə azadlıqdan məhrum edilmiş şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə institutunun tətbiqinin daha da səmərəli olması məqsədi ilə fəaliyyətlər genişləndirilir. Bununla əlaqədar şəffaflıq, obyektivlik, qanunçuluq və ədalət prinsiplərinin təmin edilməsi, subyektiv amillərin və qərəzli münasibətin, korrupsiyaya şərait yaradan halların qarşısının alınması məqsədilə nazirliyin, Penitensiar xidmətin məsul əməkdaşlarından və Ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin üzvlərindən və hüquq müdafiəçilərindən ibarət olan Komissiya Cəzaçəkmə müəssisələrində səmərəli fəaliyyət göstərir. Ədliyyə Nazirinin yanında İctimai Komitənin üzvü, Hüquq Dünyası Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyevlə söhbətimizdə komitənin gördüyü işlər, bu istiqamətdə əldə edilən nailiyyətlər barədə danışdıq.
-Nazir müəllim, Ədliyyə Nazirinin yanında İctimai Komitənin üzvləri və hüquq müdafiəçilərindən ibarət olan Komissiyanın fəaliyyətini necə dəyərləndirirsiniz və komitə hansı işlər görür?
-Ədliyyə Nazirinin yanında İctimai Komitənin üzvlərindən və hüquq müdafiəçilərindən ibarət olan Komissiya mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə baş çəkir, məhkumlarla fərdi görüşlər keçirir. Həmçinin onlara hüquqı yardım göstərilir, zəruri izahlar verilir və məhkumların valideynləri ilə görüşlər keçirilir. Vacib məqamlardan biri də ondan ibarətdir ki, Komissiyanın işinə ilk dəfə olaraq məhkumların valideynləri və yaxınları da dəvət olunurlar və onlar prosesdə çox fəal formada iştirak edirlər.
-Bəs Komissiya tərəfindən məhkumlarla iş hansı formada qurulur?
-Komissiya tərəfindən məhkum ətraflı formada dinlənilir, onların şəxsi işləri və digər aidiyyati sənədlər diqqətlə öyrənilir. Azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad etmənin və daha yüngül rejimli müəssisəyə keçirilmənin mümkünlüyü hərtərəfli araşdırılır. Bu zamana qədər Komissiya tərəfindən məhkumların səmimi peşmançılığı, islah prosesinə qədəm qoyması, o cümlədən davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti nəzərə alınaraq onlardan bir qisminin vaxtından əvvəl şərti azad olunmaları məqsədəuyğun hesab edilir.Digərlərinin isə cəzalarının qalan hissəsini daha yüngül rejimli müəssisədə çəkməsi ilə bağlı məhkəmə qarşısında məsələ qaldırılması təqdirəlayiq sayılır.
-Bu hər bir məhkuma şamil edilir?
-Bu müəssisələrdə daxili rejim qaydalarını pozmayan, mədəni kütləvi tədbirlərdə fəal formada iştirak edən, nümunəvi davranış göstərən, müəssisənin idman və digər tədbirlərində fəal formada iştirak edən və digər şəxslərə vurduğu maddi ziyanı ödəyən məhkumlara şamil edilir. Belə məhkumların vaxtından əvvəl şərti azad olunmaları, digərlərinin isə cəzalarının qalan hissəsini daha yüngül rejimli müəssisədə çəkməsi ilə bağlı məhkəmə qarşısında məsələ qaldırılır. Hesab edirəm ki, bu praktika digər məhkumlara da müsbət təsir edir və islah prosesində uğurla tətbiq edilir.
-Bəs Komissiya tərəfindən məhkumlar arasında maarifləndirmə işi hansı formada aparılır?
-Ədliyyə Nazirinin yanında İctimai Komitənin üzvlərindən və hüquq müdafiəçilərindən ibarət olan Komissiya tərəfindən məhkumlara öz hüquqları və məhkəməyə müraciət etmə mexanizmləri ilə bağlı geniş məlumat verilir və onlara zəruri izahat işləri verilir. Komissiyanın fəaliyyəti həm də ictimai iştirakçılıqla bağlı yeni bir yanaşmanın və uğurlu təcrübənn əsasını qoymuşdur. Bu prosesin davamlı olması və bu sahədə qanunvericilikdə islahatların aparılması da görülən işlərinda səmərəsini daha da artıracaqdır.
Sabir İsmayılov