“Beşinci kolon” bizə ciddi təhlükələr yaradacaq - MÜSAHİBƏ
Çingiz Dəmiroğlu: “Rusiyapərəsət qüvvələrin Azərbaycanda hakimiyyətə gəlməsinə, burada Rusiyanın maraqlarının təmin olunmasına imkan verməyəcəm”
8 May 2014 13:13 Müsahibə"Bu işdə birmənalı şəkildə hakimiyyətin yanında olacam"
Bu ilin sonunda ölkədə keçiriləcək bələdiyyə seçkilərində əksər siyasi partiya və birliklər iştirak etmək niyyətindədir. Xüsusilə, qardaş Türkiyə Cümhuriyyətində martın 30-da keçirilən bələdiyyə seçkilərinin gərgin mübarizə şəraitində baş tutması və hətta hökumətdə yüksək vəzifə tutan məmurların, Türkiyə Böyük Millət Məclisi üzvlərinin belə bələdiyyə sədrliyinə namizədliyini irəli sürməsi Azərbaycanın siyasi dairələrində də bu seçkilərə olan marağı xeyli artırıb. Azərbaycan Tərəqqi Partiyası da bu il ölkədə keçiriləcək bələdiyyə seçkilərində iştirak etməyə maraqlıdır. Adı çəkilən partiyanın və Azərbaycanın Tərəqqisi Naminə Alyansın (ATA) sədri Çingiz Dəmiroğlu "OLAYLAR"-a verdiyi müsahibədə belə deyib. Partiya sədri bildirib ki, bələdiyyə seçkilərinə hərə öz partiyası ilə qatılacaq.
-Çingiz bəy, Azərbaycanın Tərəqqisi Naminə Alyans-ATA bloku bu il ölkədə keçiriləcək bələdiyyə seçkilərində iştirak etməyi düşünürmü? Ümumiyyətlə, seçkilərdə hansı formada iştirak edəcəksiniz?
-Seçkilərə blok şəklində getməyəcəyik. ATA blokunda təmsil olunan hər bir partiya harada, nə qədər nüfuzu, imici olduğunu yaxşı bilir və ona uyğun olaraq bələdiyyələrə namizədini müəyyənləşdirir. Onu da qeyd edim ki, bloka daxil olan hər bir partiyanın da öz mənafeləri var. Onlar da istəyirlər ki, seçkilərdə iştirak edib nəyəsə nail olsunlar.
-Bəs, rəhbərlik etdiyiniz partiyanın seçkilərə hazırlığı istiqamətində hansı işlər görülür?
-Azərbaycan Tərəqqi Partiyasının Rəyasət Heyətinin iclasında seçkilərlə bağlı məsələ müzakirə edilib və rayon təşkilatlarına müvafiq tapşırıqlar verilib. Heç kimə seçkilərdə iştirak edib-etməmək barədə qadağa yoxdur. İstənilən şəxs partiya mənsubiyyətini göstərib və ya göstərmədən seçkilərə qatıla bilər. Çünki bəzən ayrı-ayrı partiyaların funksionerləri namizədliyini irəli sürəndə partiya mənsubiyyətini göstərməkdən imtina edir. Ancaq bizdə belə bir problem yoxdur. İstənilən adam namizədliyini irəli sürüb seçkidə iştirak edə bilər.
-Rusiyanın Ukraynaya müdaxilə etməsindən sonra anoloji təhlükənin Azərbaycanı da gözləyəcəyi bildirilir. Sizcə, Azərbaycanda anoloji təhlükə gözlənilirmi?
-Yeganə böyük xətamız Rusiyanın maraqlarına xidmət edən oyunbazlar barədə müvafiq ölçülərin götürülməməsidir. Belə oyunbazlar içərisində hazırda Rusiyada yaşayan azərbaycanlı imkanlı şəxslər də var. Bu tipli insanlar hakimiyyətə gəlmək üçün Rusiyanın istənilən təklifini reallaşdırmağa hazırdırlar. Onların nə işlə məşğul olduqlarını, Azərbaycana necə xəyanət etdiklərini gözəl bilirəm. Çünki həmin insanların əməlləri barədə kifayət qədər məlumatım var. Ona görə də hesab edirəm ki, hazırda yeganə təhlükə şimaldan gözlənilir və bunun qarşısını almaq zəruridir. Başqa bir tərəfdən Azərbaycana təhlükə yoxdur. Nə Qərb, nə də cənubdan qorxu yoxdur. Artıq 1 mayı da bərpa edirlər. Hansı ki, həmin tarix SSRİ-nin əsas bayramlarından sayılırdı.
-Azərbaycanda Rusiyapərəst qüvvələr varmı?
-Ümumiyyətlə, hazırda çox pis proses gedir. Onu qeyd etmək yerinə düşər ki, Rusiyanın Azərbaycanda da kifayət qədər dayağı var. Xüsusilə, şimal zonası təhlükəlidir. Bu gün Rusiyapərəsət qüvvələr içərimizdə oturub fürsət düşən kimi hakimiyyəti ələ keçirmək istəyirlər. Hazırda Rusiyanın buradakı adamları ilə iş gedir. Vəziyyət o həddə çatıb ki, hər bir sahədə Rusiyanın agenti var. Bu gün orta məktəbdə oxuyan uşağa da sual versən ki, Azərbaycanda Rusiyapərəst qüvvələr, insanlar kimlərdir, bir-bir hamısının adını sadalaya bilər.
-Bu arada şimal zonasında azərbaycanlılara Rusiya pasportlarının paylandığı bildirilir. Sizcə bu kifayət qədər təhlükəli məqamlardan xəbər vermirmi?
-Ölkəmizin şimal zonasında Rusiya pasportlarının paylanması da Azərbaycana qarşı hazırlanan planın tərkib hissəsidir və çox təhlükəli məqamlardan xəbər verir. Bundan başqa Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən "Qeorgievski Lenti" paylanır. Bu məqama da ciddi diqqət yetirmək lazımdır. Hətta dindarlar arasında da Rusiyanın agenti olanlar mövcuddur. Ona görə də bu kimi insanları neytrallaşdırmaq lazımdır. Məhz onların əli ilə "Beşinci kolon" bizə ciddi problemlər, təhlükələr yaradacaq. Ancaq onu da bildirim ki, mən Rusiyapərəsət qüvvələrin Azərbaycanda hakimiyyətə gəlməsinə, burada Rusiyanın maraqlarının təmin olunmasına imkan verməyəcəm. Öz tayfam, qohum-əqrəbam, partiya üzvlərimlə bu prosesə qarşı müqavimət göstərəcəm. Mən bu işdə birmənalı şəkildə hakimiyyətin yanında olacam. Hesab edirəm ki, artıq hərəkət etmək vaxtıdır.
Süleyman İsmayılbəyli