“Azərbaycanın öz təhlükəsizliyi naminə Türkiyə ilə daha sıx əməkdaşlığı vacibdir” - MÜSAHİBƏ
Taliyət Əliyev: “Gürcüstanın da bu birlikdə olması daha yaxşı olur”
6 May 2014 15:14 MüsahibəRusiya-Ukrayna hadisələrinin fonunda Kremli ciddi tənqid edən siyasi dairələrdən biri də Azərbaycan Demokrat Partiyasıdır. Moskvanın Kiyevə müdaxilə etməsindən bu günə qədər Rusiyanı işğalçılıqda ittiham edən ADP eyni zamanda özü də tənqid hədəfinə çevrilir. Belə ki, bəzi müxalifət partiyalar ADP-ni Rusiya-Ukrayna hadisələri fonunda gündəmdə qalmağa cəhddə günahlandırırlar. Bəs görəsən reallıq nədən ibarətdir və demokratların bu məsələyə münasibəti necədir? Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev "OLAYLAR"-a erdiyi müsahibədə bunlara aydınlıq gətirib. Demokratların rəsmisi Tbilisidə baş tutan Azərbaycan-Türkiyə-Gürcüstan dövlət başçılarının görüşünə də toxunub.
-Taliyət bəy, Azərbaycan Demokrat Partiyasının Rusiya təhlükəsini ciddi şəkildə qabartmasından bəzi siyasi dairələrin narahatçılıq keçirməsini nə ilə əlaqələndirərdiniz?
-Azərbaycan Demokrat Partiyası olaraq biz Ukrayna hadisələri baş verən ilk günlərdən bu proseslərin Azərbaycana da ciddi təsir edəcəyini bəyan etmişdik. Hadisələrin dinamikası bizim haqlı mövqedə olduğumuzu sübut edir. Krımın işğal və ilhaq olunmasından sonra açıq-aşkar Rusiya dövləti tərəfindən birbaşa və dolayı yolla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təhdid edən bəyanatlar verilir. Acınacaqlı haldır ki, Rusiyanın Ukrayna ərazilərini işğal etməsinə Azərbaycanda haqq qazandıranlar da oldu. Bizim Rusiya təhlükəsinin qabardılmasında da narahat olan həmin qüvvələrdir. Vəfa Quluzadənin təbirincə desək, 5-ci kolonun nümayəndələri. Həmin qüvvələrdən bir qismi bulanıq suda balıq tutmaq istəyənlərdir. Bir qismi isə həqiqətən Azərbaycanın yenidən Rusiya imperiyasının tərkibinə qatılmasında maraqlı olan qüvvələrdir. Biz də bu maraqlara qarşı mübarizə apardığımızdan həmin qüvvələrin hücumuna məruz qalırıq. Amma, bu hücumlar bizi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda apardığımız mübarizədən çəkindirə bilməz.
-Artıq amerikalı ekspertlər də iddia edirlər ki, Ukraynadan sonra Rusiya Qafqaza, daha doğrusu Azərbaycana "diqqət" ayıracaq. Sizcə, təhlükə hər ötəın gün bir qədərə də yaxınlaşmırmnı?
-Rusiya Ukraynada öz istəyinə nail olacaqsa, təhlükə bizim üçün də qaçılmaz olacaq. Ona görə də biz dönə-dönə bəyanatlarımızda dünya güclərini Rusiyanı durdurmağa çağırırıq. Fikir verirsinizsə, Ukraynada yaşanan hadisələrin Azərbaycanda da simptomları görünməkdədir. Rusiya pasportlarının və "Qeorqiyev lenti"nin paylanması, rus qoşunlarının Azərbaycanda yerləşdirilməsinə çağırışlar və s. Informasiyaların yayılması təsadüfi deyil. Bütün bunlar təhlükənin hər gün artmaqda olduğunun göstəricisidir.
-Bu arada Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Tbilisidə görüşməsini necə qiymətləndirirsiniz. Sizcə, bu regionda gözlənilən təhlükələri önləmək baxımından önəmli sayıla bilərmi?
-Rusiya təhlükəsinin ciddiləşdiyi bir zamanda bu görüşü Azərbaycanın milli təhlükəsizliyi, suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi baxımından çox əhəmiyyətli hesab edirəm. Bilirsiniz ki, Azərbaycan Rusiyanın diktəsi ilə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Digər tərəfdən başqa hərbi bloklarda da təmsil olunmur. İşğala məruz qalan dövlət kimi faktiki regionda təklənmiş durumdadır. Bu baxımdan Azərbaycanın öz təhlükəsizliyi naminə Türkiyə ilə daha sız əməkdaşlığı vacibdir. Gürcüstanın da bu birlikdə olması daha yaxşıdır. Hesab edirəm ki, bu cür birlik daha yaxşı birlik olar. Çünki, istər Azərbaycan, istərsə də Gürcüstan rus təhlükəsi ilə üz-üzədir.
-Sizcə, Qərb Rusiyanın imperiya yaratmaq istəyinə qarşı bundan sonra daha radikal addımlar atacaqmı?
-Qərb hələ Rusiyanı iqtisadi sanksiyalarla cəzalandırmaq yolunu tutub. Amma, görünən odur ki, bu sanksiyalar Rusiyanın işğalçı siyasətindən əl çəkmək üçün yetərli deyil. Artıq bunu Avropa və Qərb diplomatları da bəyan edirlər. Artıq bütün dünya Rusiyanı etibarsız tərəfdaş, heç bir beynəlxalq hüquq normasına məhəl qoymayan imperialist dövlət kimi tanıdı. Rusiyanın bu hərəkətləri təkcə possovet məkanında deyil, eyni zamanda dünyada sülhə təhdiddir. Bunu da dünya anlayır və yeri gəldikcə daha təsirli mexanizmlər işə salınacaq. Geci-tez Rusiyanın Ukraynadakı separatçı hərəkətləri öz başında çatlayacaq və Rusiyanın çöküşü ilə sonunclanacaq.
Süleyman İsmayılbəyli