“Suriya üç yerə bölünəcək”- Mahmudəli Çöhrəqanlı
“Güney Azərbaycanda milli hökumətimizin qurulması qəti və kəsindir”
2 Avqust 2012 15:31 MüsahibəMüsahibimiz Güney Azərbaycan Milli Oyanış Hərəkatının başqanı, doktor Mahmudəli Çöhrəqanlıdır
-Mahmudəli bəy, DAK-a daxil olmağınız Quzeydə birmənalı qarşılanmadı. Güneydə münasibət necədi bu hərəkətinizə.
- Babalarımız demişkən, güc birlikdən doğar. Bölgəmizdə olan kritik durum bütün sadiq təşkilatlar və hərəkətçiləri birlik və birgəliyə çağırır. Əlimizdən gəldiyi qədər həmişə bölünməyə və parçalanmaya qarşı olmuşuq. Amma bildiyiniz kimi, bölünmə və parçalanma yeni və təcrübəsiz hərəkətlərin təbiətlərindədir. Necə ki bir uşaq yıxıla-yıxıla ayaq üstə durmağı və yeriməyi öyrənir, bir milli hərəkət də elədir; bölünə-bölünə və birləşə-birləşə nəhayət ki doğru və düz yolu tapacaq.
Millətimiz bölünməklərə razı olmayaraq birləşmələr onu həməşə sevindirmişdir. Məncə, Güney Azərbaycan Milli Oyanış Hərəkatı və DAK təşkilatının əlaqələrinin daha da güclənməsi və işbirlikləri millətimizin və hərəkətimizin xeyrinə olaraq, millətimizi də sevindirəcəkdir.
-İranın dini elitasında ziddiyyətlər baş qaldırıb. Ayətulla Dəstqeyb Xamneyinin kadr siyasətini tənqid edib. Xamneyiyə qarşı dini müxalifət yarana bilərmi?
-Bildiyiniz kimi, 1989-cu il Xomeyninin dünyasını dəyişdiyi ildir. Həqiqət budur ki, Ayətullahlar arasında ixtilaflar o zəmandan başlamışdır. Buna örnək olaraq, Xomeyniyə ən yaxın olan Ayətullahlardan Ayətullah Musəvi Ərdəbili, Ayətullah Yusif Sanei, və Ayətullah Taheri və bulara bənzər neçə Ayətullahın vəzifədən çıxararaq Qumda təbid həyatına bənzər bir həyata məcbur etməkdir. Bu saydığımız Ayətullahlara bənzər vəzifədən xilas edilmiş və təbid həyatına bənzər bir həyata göndərilmiş Ayətullahlar az deyildir, amma rejim Ayətullahların arasında ziddiyyətlərin eşiyə sızmasının qarşısını bütün gücüylə almaya çalışırdı. Amma rejimin ziddiyyətlərin eşiyə sızmama çabaları 2009 seçimlərində boşa çıxaraq pərdə yırtıldı və ziddiyyətlər, bölünmələr, və düşmənçiliklər göz önünə sərgiləndi.
Məncə, bu ziddiyətlər və bölünmələr rejimin təpəsindən dırnağına qədər etkisini buraxmışdır və bu ixtilafların aradan qaldırılması imkansız və get gedə dərinləşəcək, və molla rejiminin dağılmasının əsas nədənlərindən birinə çevriləcək.
-İran Suriya rejimini hakimiyyətdə saxlaya biləcəkmi?
- İmkansızdır. Öncələr dediyim kimi, yaxın gələcəkdə Əsəd rejimi devrilərək tarix olacaqdır. Və Suriya üç bölgəyə: Suriya Laziqiyyə mərkəzli ələvi bölgəsi, Suriya Dəməşq (Şam) mərkəzli sünni bölgə, və Suriya Qamışlı mərkəzli kürd bölgəsinə bölünəcəkdir. Mələsəf kürd nüfusundan az olmayan türkmən nüfusu eynən Kərkük türkmənləri kimi bütün haqlarından məhrum buraxılaraq Ələvinin, Sünninin, və Kürdün sömürgəsi altında yaşamağa məcbur qalacaqlar. Məncə bunun üç səbəbi var. Bir, Türk dövlətlərinin Kərkük Türkmənlərini yalqız buraxdıqları kimi, Suriya Türkmənlərini də yalqız buraxmışlar. İki, qərb qüvvələrinin Türk və Türkmən adına qısqanc yanaşdıqlarından bu etnosa yardım etməyə meyilli görünmürlər. Üç, Türk liderlərinin çoxunluğu ümmətçi olaraq Ərəpçilik və İslamçılığı bir ideoloji kimi qəbul eliyib və onun uğrunda maddi və mənəvi hər cur fədakarlıqdan əsirgəməmişlər.
Keçən 100 ildə Suriyə Türkmənlərinin yüzdə 75 faizi liderərinin ümmətçiliyi sayəsində Ərəblər içində əriyərək, itib bitmişlər. Qalan 2 milyona yaxın Türkmən də, milliyətlərindən çox İslamı müdafiə etməkdədirlər. Ona görə, onların talei də Kərkük Türkmənlərindən yaxşı olmayacaqdır.
- Ərəb inqilabları davam edəcəkmi?
-Bildiyiniz kimi, Quzey Afrika və Ortadoğuda dünyanın ən qeyri-müasir, çağdışı, diktator, və sömürgəçi rejimləri iş başındadırlar. Bölgənin xalqları get-gedə intibah və oyanışdadırlar. Və oyanmış xalqlara bu tip rejimlərin hökm sürməsi imkansızdır.
Beləliklə, Ərəb inqilabları illər boyu davam edəcək və bütün antidemokratik, diktator və otoriter rejimlər tarixin zibilliyinə atılacaqlar.
- İran vurularsa, Güney Azərbaycanın taleyi necə olacaq?
- Təəssüf ki, Güney Azərbaycan Türk milləti də İraq və Suriya Türkmənləri kimi yalqız və məzlum buraxılmışlar. Amma, qardaşlarımızın bu qardaşlığa sığmayan davranışlarına rəğmən iki varlığa dayanaraq iran rejimi vurulduğu təqdirdə, qurtuluşumuz və milli hökumətimizin qurulması qəti və kəsindir.
O iki varlığın biri nüfusumuzun 35 milyon olması, və ikincisi bu nüfusun gənc kəsiminin yükəsk səviyyədə milli və siyasi şuura sahib olması və bu şuura dayanaraq müqəddəratını əldə etmək uğruna hər cürə fədakarlıq etməyə hazır olmasıdır.
- Türkiyə nədən Güney Azərbaycan kartından istifadə etmir?
- Bu sualın gərçək cavabını söyləmək çətindir. Niyə ki, Türkiyə iqtidarının əleyhinə heç bir şey söyləmədən 6 ildir üzümüzə qardaş ölkənin qapılarını qapatmışlar. Qaldı, bəzi gərçəkləri söyləsək, bəlkə də işləri daha da çətinləşdirə. Ama hər halda, gərçəklər millətimizin qurtuluş tarixində səpt olub qalması üçün söylənməlidir. Mən o gərçəklərin bəzilərini söyləyəcəyəm.
Bildiyiniz kimi, uluslararası anlaşmalar və insani haqları konvensiyasına dayanaraq demokratik və insani haqlar bir ölkənin iç işləri sayılmamaqdadır. Birləşmiş Millətlərə (BMT) ölkələrin vəzifəsidir dünyanın hər bir yerində demokrasi və insani haqlarıyla bağlı faaliyət göstərən şəxs və təşkilatlara dəstək versin və onların harayının dünya ictimaiyətinə çatdırmaqda yardımcı olsunlar. 35 milyon Güney Azərbaycan Türkü ən iptidai və ilkin insani haqlarından iran rejimi
tərəfindən məhrum buraxılmışdır, və Türkiyə hakimiyyəti bunları dəqiq bilməktədir. Bizlər də 17 ildir dünyanın və Türkiyə hakimiyyətinin qulaqlarını kar etməkdəyik ama təəssüf ki heç bir maddi və mənəvi dəstək Türkiyə hakimiyətindən görmədik.
Qapılarını üzümüzə bağladılar və beləliklə qeyri-hükumət təşkilatların da verdiyi mənəvi dəstəyin qarşısını aldılar və təqribən hər ay İran rejimi və Türkiyə, nazir məqamında və ən azı ildə bir başbakan və prezident məqamları birbiriləriylə görüşməktədirlər. Ama Türkiyə hüküməti, qulağının dibində olan bu zülmləri görməzdən və 35 milyonun məzlumiyət haraylarını da duymazdan gəldi. Bir kəlimə olsun belə iran rejiminə bu etdikləri zülmdən dolayı etiraz etmədilər.
Bu o haldadır ki, Türkiyə məsulları fənər və fanusları əllərinə alaraq "Türk" aramaqdadırlar. Kosovoda, Maksdonyada, Monteneqroda ve bunlara bənzər ölkələrdə Türkiyə prezidenti, başbakan yardımcıları və nazirləri, əllərində fanus və fənərləri, "Türk" axtarırlar. Və tapdıqları Türkləri bağırlarına basaraq hər türlü maddi və mənəvi dəstəklərini əsirgəmirlər.
Mən çox gərçəkləri açıqlamaq istirdim, ancaq gənə də ya səbir... Amma Güney Azərbaycan Türk millətinin bir tanınmış yurdəri və əsgəri kimi Türkiyə hakimiyətindən bağıraraq yalnız bir şey istəyirəm: Sizin qonşuluğuzda olan fars faşizmi tərəfindən sömürülən və hər türlü insani haqqından məhrum buraxılan 35 milyon Güney Azərbaycan türkünə 4 inkar edilməz borcunuz vardır. Bir, qardaşlıq borcu. İki, qonşuluq borcu. Üç, insaniyət borcu. Dörd, uluslararası demokrasi və insan haqları ilə ilgili imzaladığız bəyannamələrə dayanaraq o millətin insan, insani və demokratik haqlarını müdafiə etməlisiniz- Biz, ilk iki borcu istəmədik. Ama lütfən ən az üçüncü və dördüncü borcunuzu ödəməyi unutmayın.
- Bakıya gəlişinizlə bağlı danışıqlar aparırsızmı?
- Umuram ki, Bakıya gəlişimizlə bağlı bütün manelər götürlənmişdir. Azərbaycana viza almaqla ilgili uğraşmaqdayıq və inanıram ki yaxın gələcəkdə Bakıda millətimizin qulluğunda ola biləcəyik.
Elman Cəfərli