“Din milli və dövlət maraqları ilə üz-üz gəlirsə, artıq maneədir” - MÜSAHİBƏ
Tahir Abbaslı: “Maneənin zərərsizləşdirilməsi üçün tədbirlər görülməsi zəruridir”
18 Aprel 2014 14:10 Müsahibə"Qanunların sərtləşdirilməsi dövlətin təhlükəsizliyinin qorunmasına xidmət edirsə, biz təqdir edirik"
Son vaxtlar ölkədə qeyri-ənənəvi dini cərəyanların sayının artması və gənc nəslin müxtəlif vasitələrlə həmin dini cərəyanlara cəlb edilməsi bu problemə qarşı ciddi tədbirlərin görülməsini zəruri edib. Lakin bir çoxları dünyada dini tolerantlığı ilə seçilən Azərbaycanın dini cərəyanlara qarşı müəyyən tədbirlər görməsini məqbul hesab etmir. Bu kimi şəxslər iddia edirlər ki, dini cərəyanlara qarşı adekvat addımların atılması dini tolerantlığın pozulmasıdır. Lakin məsələyə fərqli mövqedən yanaşanlar da var. Bildirilir ki, dövlətçilik əleyhinə olan istənilən qurumun zərərsizləşdirilməsi zəruridir. Elə İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı da bu fikirdədir. Partiya sədri bildirib ki, din dövlət maraqları ilə üz-üzə gələrsə mütləq ona qarşı tədbir görülməlidir. O, "OLAYLAR"-a verdiyi müsahibədə "Dini etiqad azadlığı haqqında" qanunun sərtləşdirilməsi ilə bağlı səsləndirilən fikirlərə də münasibətini bildirib.
-Tahir bəy, hazırda Azərbaycanda dini durumu necə dəyərləndirirsiniz?
-Bismilləhir rahmənir rahim. Ölkəmizdə dini durumu baxır hansı baxışla dəyərləndirməyə..Belə ki, din- Allaha mərifət (tanımaq ) məktəbidir (yoludur)..Allaha nəzərən yaxşı deyil.. Cəmiyyət və dövlətçilik baxımından da ürəkaçan deyil. Dünyada, xüsusən müsəlman dünyasında baş verən cərəyanlar, acınacaqlı durum və narahatçılıqlar ölkəmizdə də gərgin durum yarada bilib. İnanıram ki, bu sınaqlardan yaxşı çıxa biləcəyik...
-Bir sıra dini cərəyanların, xüsusilə nurçular və vəhabilərin Azərbaycan üçün təhlükə mənbəyinə çevrildiyi bildirilir. Ölkədə dini zəmində qarşıdurma yaratmaq istəyən həmin cərəyanlara qarşı hansı yolla mübarizəni məqbul sayırsınız?
-Biz demokratik cəmiyyət sistemində, insanların azad düşüncə ilə firəvan yaşamağının tərəfdarıyıq. Dində məcburiyyət olmadığı kimi, məzhəb və ya təriqətlərə qarşı da zorakılığın tətbiq olunmasının tərəfində deyilik. Amma din milli və dövlət maraqları ilə üz-üz gəlirsə, problem yaradırsa, artıq maneədir və maneənin zərərsizləşdirilməsi üçün tədbirlər görülməsi zərurətini yaradır. Yəni, təriqətindən asılı olmayaraq digər siyasi və ya qeyri-siyasi qurumlar kimi təhlükəli görünürlər. Hər halda hakimiyyət və dövlət ölkəmizdə dini və qeyri dini cərəyanları nəzarətdə saxlaya bilir...
-Xüsusilə bu gün gənclər həmin dini cərəyanların təsirinə düşürlər. Sizcə gənclərin asanlıqla tora salınması nədən irəli gəlir?
-Bunun bir çox səbəbləri var. Məncə əsas səbəblər kimi gəncliyə dəyər verə bilməməyimiz, gənclərin sosial durumu, beyinlərdə din haqqında bilgilərin olmamasıdır. Eyni zamanda,yanlış dini cərəyanların ölkəmizdə ayaq açıb yeriməsi, bu yanlış təfəkkürün ölkəmizdə baş tutacağına inanmamağımız və gözləmə mövqeyimizdir.
-Bu arada dini etiqad azadlığı haqqında qanuna dəyişikliklər edilməsi, qanunun bir qədər sərtləşdirilməsi təklif olunur. Siz necə fikirləşirsiniz, buna ehtiyac varmı?
-Dini etiqad azadlığı haqqında qanuna dəyişikliklər edilməsi haqda məlumatım yoxdur. Amma bir halda ki, qanunların sərtləşdirilməsi məqsədəuyğun və məqsədyönlü aparılaraq cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunmasına xidmət edirsə, biz qanunlarda dəyişikliklərin edilməsini təqdir edirik.
-Ümumiyyətlə, bu gün ölkədə dini zəmində qarşıdurma mümkündürmü?
-Xeyr. Belə bir qarşıdurma olmayacaq. Bu da bizim adət-ənənələrimizin qorunub saxlamasından irəli gəlir.
Süleyman İsmayılbəyli