“Ölkə başçısının etdiyi xəbərdarlıqlardan sonra müəyyən qurumlar bu istiqamətdə müəyyən ölçü götürəcəklər” - MÜSAHİBƏ
Rauf Zeyni: “Məgər qlobal proseslərin fonunda hər bir kiçik məsələyə, problemə dövlət başçısı münasibət bildirməlidir?”
16 Aprel 2014 15:11 MüsahibəNazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə dair müşavirəsində çıxışı zamanı prezident İlham Əliyevin paytaxt və bölgələrdə bir sıra hallarda ağacların qırılması, yaşıllıqların məhv edilməsi ilə bağlı səsləndirdiyi ciddi iradlar dövlət başçısının ekologiya, ətraf mühitin mühafizəsinə nə qədər həssas yanaşdığını bir daha təsdiqləmiş oldu. Bu cür neqativ hallara qarşı ciddi ölçü götürüləcəyini deyən dövlət başçısı bu sahəyə cavabdeh olan qurumlara da lazımı tapşırıq və tövsiyyələrini verdi. Bəs görəsən prezidentin kəskin iradından sonra yenidən yaşıllıqların məhv edilməsinə çalışan şəxslər olacaqmı? Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni "OLAYLAR"-a verdiyi müsahibədə bu sahədə mövcud olan vəziyyət və bundan sonra atılacaq mümkün addımlardan danışıb.
-Rauf bəy, bu günlərdə Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunları ilə bağlı keçirilən iclasında dövlət başçısı bir sıra məsələlərlə yanaşı ekoloji problemlərə də toxundu və paytaxtda, eləcə də ayrı-ayrı bölgələrdə ağacların qırılmasına öz kəskin iradını bildirdi. Dövlət başçısının bu fikirlərini necə dəyərləndirirsiniz? Ümumiyyətlə, hər bir problemin həlli üçün mütləq prezidentin iradı vacibdirmi?
-Əvvəla onu qeyd edim ki, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun ekologiya və fövqəladə hallar departamenti, eləcə də bütövlükdə forumun üzvləri müsahibələr verəndə daima ekologiyanın qorunub saxlanması, ətraf mühitin mühafizəsinə diqqət yetirib, qanunların aliliyi prinsipi, məmur özbaşınalığı kimi neqativ məsələlərə qarşı öz etirazını bildirib. Mən hesab edirəm ki, Dövlət Proqramına düşən hər hansı bir obyektin yerində bu və ya digər ağaclar kəsilirsə təbiəti qoruyub saxlamaq üçün onun əvəzinə qırılmış ağaclardan daha çox ağac əkilməlidir. Özü də bu iş planlı, sistemli şəkildə aparılmalıdır. Ancaq mən anlaya bilmirəm ki, heç bir əsas olmadan, bu və ya digər məmurlar, yaxud iş adamları ağacların, yaşıllıqların məhv edilməsi ilə bağlı özləri qərar qəbul edir, gecə-gündüz bu məqsədlə çalışırlar. Sadəcə maraqlıdır ki, buna cavab verən müvafiq qurumlar, təşkilatlar hansı səbəbdən bu məsələyə biganədirlər. Kim harada istəsə bu gün ağac kəsə bilirmi? Məgər qlobal proseslərin fonunda hər bir kiçik məsələyə, problemə dövlət başçısı münasibət bildirməlidir? Bizim Konstitusiyamız, müvafiq qanunlarımız var. Eyni zamanda qəbul olunmuş Dövlət Proqramları icra edilir. Bütün bunlar olduğu halda bu cür qanunsuzluqlara necə yol vermək olar? Hansı səbəbdən biz bu qanunsuzluqları edirik? İstər məmur, istər iş adamı, istərsə də sadə vətəndaş olsun, dəxli yoxdur. Məgər bu ölkə, şəhər bizim deyilmi? Nə üçün şəxsi mənafeyimizi milli mənafedən üstün tuturuq? Nə qədər ki, şəxsi mənafeyimizi milli mənafeyimizdən üstün tutacağıq, təbii ki, bizdə qanunların aliliyi prinsipi pozulacaq. Bu da nəticə etibarilə müxtəlif fəsadlar yaradacaq. Hesab edirəm ki, bu haqda daima düşünməyimiz lazımdır.
-Belə qənaətə gəlmək olarmı ki, prezidentin iradından sonra bu cür qanunsuzluqlara yol verən şəxslər ciddi şəkildə cəzalandırılacaq?
-Düşünürəm ki, müəyyən qurumlar bu istiqamətdə öz işlərini görəcək, müəyyən ölçülər götürəcəklər. Təbii ki, ölkə başçısının etdiyi xəbərdarlıqlardan sonra ölçü götürənlər olur. Ancaq təəssüf edirəm ki, bundan ölçü götürməyənlər də var. Çünki bir çox məsələlərlə bağlı dövlət başçısı müəyyən zamanlarda xəbərdarlıq edir, ancaq görürük ki, yenə də bəzi adamlar öz işindədir. Həmin insanlar özlərini elə aparırlar ki, guya həmin xəbərdarlıqların onlara heç bir aidiyyatı yoxdur. Bu bizim hamımızı düşündürən və ağrıdan bir məsələdir. Bu gün yaşıllıqlara qənim kəsilən insanlara ümummilli lider Heydər Əliyevin bir fikrini xatırlatmaq istərdim. Ulu öndər sağlığında deyirdi ki, bir ağac kəsiləndə sanki mənim qolum kəsilir. Bir daha təkrar edirəm ki, heç bir əsas olmadan kəsilən hər bir ağac təbiətimizə, cəmiyyətimizə vurulan zərbədir.
-Milli QHT Forumunun bu sahə ilə bağlı müvafiq departamenti fəaliyyət göstərsə də, qurum olaraq yaşıllaşdırma kampaniyası həyata keçirmirsiniz. Bunun başlıca səbəbi nədir və yaxın vaxtlarda forum ağacəkmə kampaniyası həyata keçirə bilərmi?
-Ağacəkmə kampaniyası çox vacib bir məsələdir. Biz də belə aksiyalarda iştirak etmək, həmçinin bu cür aksiyaların təşkilatçısı olmaq barədə bir neçə dəfə müraciətlər etmişik. Lakin bizim maddi imkanlarımız olmadığı üçün bu səbəbdən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun ağacəkmə kampaniyası reallaşmayıb. Ancaq təbii ki, biz də ağacəkmə kampaniyalarına cəlb olunmağı, kollektiv şəkildə bu prosesdə iştirak etməyi arzulayırıq. Biz böyük məmuniyyətlə həmin tədbirlərdə iştirak etməyə hazırıq.
-Milli Qeyri-Hökumət Təşkilatları Forumunun yaxın vaxtlarda həyata keçirəcəyi tədbirlər, layihələr nədən ibarət olacaq?
-Forum olaraq bir sıra layihələr və tədbirlərin keçirilməsini nəzərdə tuturuq. "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində Milli QHT Forumu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə il ərzində 7 tədbir keçirməyi planlaşdırır. Artıq həmin tədbirlərdən biri baş tutub və həmin tədbir intelektual insan, vətəndaş cəmiyyətinə həsr edilib. Növbəti tədbirimiz aprel ayının 23-də Azərbaycan Pedoqoji Universitetində "Vətəndaş cəmiyyətinin inkişafında təhsilin rolu" mövzusunda olacaq. Sonrakı mərhələlərdə "Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə QHT-lərin aktivləşməsi", "Şəffaflığın və ictimai nəzarətin artırılması", "Regionlarda QHT-lərin inkişafı" eləcə də digər mövzularda tədbirlər keçiriləcək. Eyni zamanda beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə də diqqət ayırırıq. Biz forum olaraq Avropa Birliyi, Şərq Tərəfdaşlığı ölkələri ilə çoxtərəfli və ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq. İnkişaf etmiş Qərb ölkələri, o cümlədən Şərq ölkələrində vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin genişləndirilməsi, lazım gəldikdə əməkdaşlıq memorandumlarının imzalanması gündəlikdədir. Məlum olduğu kimi bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanıda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 15 nəfərlik nümayəndə heyəti Macarıstanda səfərdə oldu. Aprelin 1-dən 5-dək davam edən həmin səfər çərçivəsində də bu istiqamətdə müəyyən fəaliyyətlərimiz oldu.
Süleyman İsmayılbəyli