Azərbaycan beynəlxalq arenada özünü təsdiq etmiş bir dövlətdir - MÜSAHİBƏ

Aydın Hüseynov: “Prezient İlham Əliyevin hər dəfə bu səpkili çıxışlarından sonra növbəti görüşlərdə, danışıqlarda Azərbaycanın maraqları naminə irəliləyirik”

Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə dair keçirilən iclasında prezident İlham Əliyevin çıxışı və beynəlxalq təşkilatlara ünvanladığı mesaj Azərbaycan dövləti və onun rəhbərliyinin bir daha prinsipial mövqeyini ortaya qoymuş oldu. Bir çoxları hesab edir ki, dövlət başçısının beynəlxalq təşkilatlara ikili standartlardan əl çəkmək tövsiyyəsi onlar üçün bir mesaj olacaq. Elə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Hüseynov da belə hesab edir. Hakim partiyanın rəsmisi "OLAYLAR"-a verdiyi müsahibədə bildirib ki, prezident İlham Əliyev hər zaman Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə öz kəskin və prinsipial mövqeyini ortaya qoyub.

-Aydın müəllim, bu günlərdə prezident İlham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclası keçirildi. Dövlət başçısı iclasda çıxışı zamanı bir sıra məsələlərlə yanaşı Dağlıq Qarabağ problemi və beynəlxalq təşkilatların yürütdüyü ikili standartlara da toxundu. Dövlət başçısının fikirlərini necə dəyərləndirərdiniz?

-Cənab prezident bütün görüşlərində, etdiyi çıxışlarda Azərbaycan həqiqətləri, xüsusilə Qarabağın erməni işğalı ilə əlaqədar ən kəskin mövqeyini ortaya qoyub. Təkcə müşavirə və iclaslarda deyil, eləcə də xarici ölkələrə səfərləri zamanı keçirilən görüşlərdə bu mövqe özünü göstərib. Kəskin mövqe isə ondan ibarətdir ki, dövlət başçısı Azərbaycanın haqq səsinin eşidilməsi, Ermənistanın təcavüzkar dövlət kimi qəbul olunması ilə bağlı öz sözünü deyib və prinsipial mövqe sərgiləyib. Prezident İlham Əliyev bu fikirləri səsləndirməkdə ən böyük mənəvi haqqı olan rəhbərlərdən biridir. Çünki prezident İlham Əliyev hər zaman terrorizmə qarşı mübarizədə öz dəstəyini nümayiş etdirib, dünyanın iqtisadi baxımdan yeni çalarlarının meydana gəlməsində xidmətləri, tövsiyyələri olub. Xüsusilə, Avropanın enerji, mavi yanacağa olan ehtiyaclarının ödənilməsi üçün çox böyük layihələr hazırlanıb. Bütün bunları nəzərə aldıqda Azərbaycan rəhbəri torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal edilməsi və buna biganə yanaşılmasına haqlı etirazini bildirir, kəskin və prinsipial mövqeyini ortaya qoyur. Dünyada xırda bir hadisə baş verən kimi BMT və digər beynəlxalq qurumlar, ayrı-ayrı dövlətlər həmin məsələyə reaksiyasını bildirirlər. Ancaq 20 ildən çoxdur ki, Azərbaycanın 20 faiz torpaqlarının işğal edilməsinə, 1 milyona yaxın əhalimizin öz dədə-baba yurdlarından qaçqın və məcburi köçkünə çevrilməsinə baxmayaraq beynəlxalq təşkilatlar münaqişənin həlli istiqamətində təsirli addımlar atmırlar. Ona görə də buna birmənalı olaraq son qoyulmalıdır. Zaman-zaman Azərbaycanın Zəngəzur, Göyçə kimi əraziləri Ermənistana verilib. Bunu cənab prezidentimiz də dəfələrlə vurğulayıb. Eyni zamanda indiki Ermənistanın paytaxtı sayılan İrəvan Azərbaycanın qədim torpağıdır. Ona görə də prezident İlham Əliyev dünyanın bu məsələlərə ikili standartlarla yanaşmasını dilə gətirməklə bir daha dünya ictimaiuyyətinin diqqətini bu məsələyə cəlb edir və Azərbaycan ictimaiyyətinin fikirlərini səsləndirir.

-Sizcə, prezident İlham Əliyevin beynəlxalq təşkilatlara ünvanlamış olduğu bu mesajdan həmin təşkilatlar nəticə çıxaracaqlarmı?

-Prezient İlham Əliyevin hər dəfə bu səpkili çıxışlarından sonra növbəti görüşlərdə, danışıqlarda Azərbaycanın maraqları naminə irəliləyirik. Əlbəttə ki, bundan sonra da bir nəticə olacaq. Çünki bu gün Azərbaycan təkcə regionda deyil, eləcə də beynəlxalq arenada özünü təsdiq etmiş bir dövlətdir. Azərbaycan dünyaya öz meyarları, baxışlarını bəxş etmiş bir ölkədir. Hesab edirəm ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin bu çıxışı, bəyanatı ünvansız qalmayacaq.

-Ukraynada baş verən hadisələr, Krımın işğalı Dağlıq Qarabağ probleminin həlli variantını bir qədər arxa plana keçirməyib? Çünki dünya güclərinin hazırda əsas diqqəti Ukrayna probleminin həllinə yönəlib

-Əvvəla onu qeyd etmək istərdim ki, bu gün Krım problemi ilə Qarabağ problemi arasında paralellik aparmaq, oxşar hadisələr fonunda onları təhlil etmək üçün söykənəcək heç bir arqument yoxdur. Yəni Qarabağ məsələsi tam başqa məsələdir. Qarabağ konkret olaraq erməni işğalçı qüvvələri tərəfindən işğal edilib və hazırda da işğal altındadır. Min illərdir ki, bu torpaqlar Azərbaycan xalqına məxsus olub. Ermənilər Qarabağı silah gücü ilə, insanlarımızı zorla qovaraq, onlara qarşı soyqırım törədərək işğal ediblər. Hesab edirəm ki, bu hadisələr arasında paralellik yoxdur. Bu aqressiyadır, Ermənistanın işğalçılıq siyasəti və dünya ictimaiyyətinə birbaşa meydan oxuması deməkdir. O ki, qaldı dünya dövlətlərinin Qarabağ probleminin həllinə olan diqqətinin azalmasına, etiraf etmık lazımdır ki, doğurdan da Ukraynada baş verən proseslər bu gün beynəlxalq aləmdə müzakirə mövzusu, maraq dairəsidir. Ancaq Dağlıq Qarabağ problemin həlli də gündəmdədir. Hesab edirəm ki, cənab prezidentin qətiyyəti ilə heç zaman gündəmdən düşməyəcək.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31