“ 3+3 Slavyan-Türk Dünyasının Birliyi” Beynəlxalq Forumu keçiriləcək - MÜSAHİBƏ
Azad İsgəndərli: “Biz bu arealın gələcəyini unikal birləşmələrdə və müxtəlif mədəniyyətlərin münasibətlərində görürük”
15 Aprel 2014 14:45 MüsahibəMövcud beynəlxalq münasibətlər sistemində müşahidə edilən xoşagəlməz proseslər, qonşu ölkələrin daxilində baş verən hadisələrin Azərbaycana təsirsiz ötüşməsi üçün müxtəlif təşəbbüslər, təkliflər irəli sürülür. Hazırda yenidən imperiya yaratmaq, müstəqil dövlətləri əsarəti altına almaq istiqamətində ciddi cəhdlərdə bulunan Rusiyanın bu planlarını önləmək, Azərbaycanı baş verə biləcək təhlükələrdən sığortalamaq üçün gündəmə gətirilən təşəbbüslərə olan münasibət də birmənalı deyil. Bir qism insanlar isə hesab edirlər ki, dövlətlər arasında mövcud olan problemləri mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşma yolu ilə həll etmək mümkündür. Elə "3+3 Slavyan-Türk Dünyası Birliyi" Beynəlxalq Forumunun keçirilməsi təşəbbüsü də məhz buna xidmət edir. "3+3 Slavyan-Türk Dünyası Birliyi" Beynəlxalq Forumunun Təşkilat Komitəsinin sədri Azad İsgəndərli belə bir təşəbbüsün meydana gəlməsini doğuran səbəblər, forumun məqsədləri, eləcə də ona hazırlıq istiqamətində görülən işlərdən danışıb.
-Azad bəy, "3+3 Slavyan - Türk Dünyasının Birliyi" Beynəlxalq Forumunun keçirilməsi ideyası haradan qaynaqlanır və nəyə xidmət edir?
-Əvvəla onu qeyd etmək istərdim ki, nə qədər insan keçmişini unutmağa çalışsa da, onu ömrünün sonuna qədər keçmiş məlumatları təkzib edib. Bu da insanın psixikifizioloji cəhətidir. Mental fikrin formallaşmasında əsasən psixofizioloji xüsusiyyətlərdə olan geneoloji kod baş rol oynayır. Bu geneoloji yaddaş bizim günlərə qədər nəsillər vasitəsilə ötürülüb. Slavyan- türk dünyası azad sivilizasiya olan arealı təsdiq edən fəlsəfədir. Başqa sözlə desək, bu həm şərq, həm də qərb xüsusiyyətli, lakin nə Şərqlə nə də Qərblə üst-üstə düşməyən sivilizasiyadır. Ona görə də biz bu arealın gələcəyini unikal birləşmələrdə və müxtəlif mədəniyyətlərin münasibətlərində görürük. Həmçinin bunu mədəniyyətin və təbiətin harmoniya dünyasında görürük. Xəzər dənizini birlik, sülh və razılıq arealı kimi xarakterizə edirik. Bu areal bir tərəfdən Avropanın hissəsidir, digər tərəfdən isə alternativ Avropadır. Bu arealın keçmişi, indiki zamanı və gələcəyi dünyanın əsas ərazisi və geosiyasi mərkəzi hesab edilir. Bu baxımdan. "3+3 Slavyan - Türk Dünyasının Birliyi" Beynəlxalq Forumun keçirilməsi fikrini türk və slavyan xalqları arasında daimi dialoqun məhsulu kimi təqdim etmək olar.
-Bəs forumun keçirilməsi istiqamətində hansı işlər görülür?
- "3+3 Slavyan - Türk Dünyasının Birliyi" Beynəlxalq Forumunun keçirilməsi üçün artıq Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsi bu istiqamətdə müəyyən görüşlər, məsləhətləşmələr həyata keçirir. Müntəzəm olaraq Təşkilat Komitəsinin gördüyü işlərlə bağlı Azərbaycan cəmiyyəti məlumatlandırılılacaq.
-Forumun iştirakçı dövlətləri sırasında hansı ölkələr yer alacaq?
-Forumun iştirakçıları Rusiya, Belarus, Ukrayna, Azərbaycan, Türkiyə, Qazaxıstan olacaq. Çünki bizim ölkələr və xalqlar aralarında siyasi, iqtisadi, mədəni və insani bağlarla bağlıdırlar. Bu ölkələr, xalqların müasir zamanda da dəstəklənən və əsrlər boyu tarixi kökləri, adət ənənələri var. Bunu daima adıçəkilən ölkələrin prezidentləri görüşləri zamanı qeyd edirlər. Bu dostluğun möhkəmlənməsində öz kiçik rolunu həmçinin Slavyan-Türk Birliyi Hərəkatı və Türk Dünyası Problemləri İnstitutu oynayır. Slavyan xalqlarının tarixi sıx türk xalqlarının tarixi ilə bağlıdır. Baykal və Qara Dəniz arasındakı böyük ərazi slavyan və türk xalqlarının yaşayış yeridir. Uzun müddət bu ərazi türk və slavyan xalqlarında sülhsevər xüsusiyyətləri yaradan beşik olub.
-Forumun başlıca məqsədləri sırasına nələr daxildir?
-Forumun məqsədləri: slavyan-türk dünyasında mədəniyyətlərin dialoqu ilə əməkdaşlığın genişləndirilməsidir. Həmçinin Avrasiya ərazisində xalqlar arasında dostluğun yaradılmasına və möhkəmlənməsinə yönəldilən proqramlar üzrə etnik tollerantlığın yaradılması, bu arealda yeni geosiyasi mərkəzin formalaşdırılması və inkişafı, xalqların maraqları nəzərə alınaraq geosiyasi prosesləri nəzərdən keçirilməsi qarşıya qoyulan məqsədlər sırasındadır. Eyni zamanda geosiyasi və strateji maraqlarla olan sosial modellərin stratisifikasiyası, xalqların ümumi tarixin əsas zamanlarını geosiyasi sistemə salmaq və heç kəs tərəfindən olunmayanı etməyi düşünürük.
-Ancaq forumun iştirakçısı kimi gördüyünüz ölkələrlə hələ də bir çox problemlər qalmaqdadır. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməməsi ilə bağlı problemi də bu sıraya aid etmək olar
-Biz hesab edirik ki, Xəzər dənizi ərazisi əməkdaşlıq, razılıq və sülh arealı olmalıdır. Bizim geosiyasi tariximizin spesifikası, maraqların, dəyərlərin, fikirlərin və strateji layihələrin birləşməsidir. Odur ki, Biz "3+3 Slavyan - Türk dünyası Birliyi" Beynəlxalq Forumu olaraq adıçəkilən altı dövlətin həm siyasi liderlərini, həm də ictimai, biznes qurumları rəhbərlərini bizə qoşulmalarına və dəstək vermələrinə çağırırıq.
Süleyman İsmayılbəyli