“Azərbaycan hər zaman bütün qonşuları ilə normal münasibətdə olub” - MÜSAHİBƏ

Rufiz Qonaqov: “İran da Azərbaycanla normal münasibətlərin olmasında maraqlıdır”

Bu günlərdə Azərbaycan prezidenti İlham Əiiyev İran İslam Respublikasına rəsmi səfər etdi. Səfər çərçivəsində dövlət başçıları səviyyəsində keçirilən görüşlər və tərəflər arasında bir sıra sahələrdə əməkdaşlığa dair bir neçə sazişin imzalanması Tehran-Bakı münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi xarakterizə edilir. Elə ekspertlər də uzun müddətdən bəri baş tutmayan yüksək səviyyəli görüşlərin fonunda Azərbaycan və İran prezidentlərinin bir araya gəlməsini mühüm hadisə kimi dəyərləndirirlər. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov da bu qənaətdədir. Mərkəz sədri "OLAYLAR"-a verdiyi müsahibədə Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfəri və onun nəticələri barədə danışıb. Mərkəz rəhbəri bu səfəri yüksək qiymətləndirib.

-Rufiz bəy, bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev  İran İslam Respublikasında rəsmi səfərdə oldu. Uzun müddətdir ki, iki ölkə arasında yüksək səviyyəli səfərlərin baş tutmadığını nəzərə alan ekspertlər bu səfəri mühüm əhəmiyyətli hadisə hesab edirlər. Siz Azərbaycan prezidentinin İrana səfərini necə xarakterizə edərdiniz?

-Ümumiyyətlə, Azərbaycan hər zaman bütün qonşuları, istər şimal, istərsə də cənub qonşuları ilə normal bir münasibətdə olub, hər zaman dostluq, mehribanlıq şəraitində yaşayıb. Yeganə olaraq Ermənistandır ki, Azərbaycan torpaqlarına göz dikib və torpaqlarımızı işğal edib. Azərbaycan həmişə çalışıb ki, İran, Rusiya və digər Xəzəryanı ölkələrlə dostluq, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində öz diplomatik missiyasını həyata keçirsin. Doğurdan da uzun müddət idi ki, Azərbaycan və İran arasında dövlət rəhbərləri səviyyəsində görüşlər olmurdu. Düzdür, İranın hazırkı prezidenti Həsən Ruhani seçkilərdən sonra Azərbaycanın dövlət başçısı, cənab İlham Əliyevlə xaricdə bir dəfə, beynəlxalq tədbirdə görüşüb. Lakin bu prezidentlər səviyyəsində keçirilən ikinci bir görüş idi. Hesab edirəm ki, İran da Azərbaycanla normal münasibətlərin olmasında maraqlıdır. Eyni zamanda Azərbaycan da öz qonşuları ilə normal münasibətlər qurmaq niyyətindədir. İki xalq, dövlət arasında qonşuluq münasibətləri mövcuddur və bu münasibətlər əbədidir. Heç şübhəsiz ki, hər iki ölkə bir-biri ilə yaxından əməkdaşlıq etməkdə maraqlıdır. Baxmayaraq ki, İranın Ermənistanla da isti münasibətləri var. Azərbaycan dövləti dəfələrlə açıqlayıb ki, Ermənistan təcavüzkar və işğalçı bir ölkədir. Belə görünür ki, hazırkı İran hakimiyyəti Azərbaycanla münasibətlərin daha da istiləşməsində maraqlıdır.

-Prezidentlər səviyyəsində keçirilən görüş zamanı İranın Dağlıq Qarabağ probleminin həllinə töhfə verə biləcəyi barədə də fikirlər səsləndirildi. Sizcə, rəsmi Tehran Qarabağ probleminin həllinə necə töhfə verə bilər?

-İran dövlətinin Dağlıq Qarabağ probleminin həllində hansı missiyanı öz üzərinə götürəcəyi məsələsi mənim üçün tam aydın olmasa da, belə hesab edirəm ki, ilk növbədə İran tərəfindən işğalçı ölkə olan Ermənistana edilən yardımlar dayandırılmalıdır. Digər tərəfdən yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, yəni Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərimizin azad edilməsi qarşılığında aparılan sülh danışıqlarında İran öz qətiyyətli mövqeyini ortaya qoymalıdır. Düzdür, İslam Əməkdaşlıq Təşkilatı səviyyəsində İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib. Ancaq biz istərdik ki, bunun əyani təzahürü real praktik həyatda da görünsün və hiss olunsun.

-Azərbaycan Xəzəryanı ölkələrlə normal münasibətlər saxlasa da, bəzi sahilyanı ölkələr Azərbaycana qarşı eyni mövqeni sərgiləmir. Xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Kremlin növbəti mərhələdə Azərbaycanı təhdid edəcəyi bildirilir. Siz, hazırkı vəziyyətdə Rusiya təhlükəsini mümkün hesab edirsinizmi?

-Fikrimcə Azərbaycan üçün Rusiya tərəfindən belə bir təhlükə gözlənilmir. Çünki bu gün Azərbaycan regionda güclü, lider bir dövlətdir və Azərbaycanla hər hansı güc, hədə yolu ilə danışmaq mümkün deyil. Azərbaycan Ermənistan kimi vassal ölkə deyil ki, bizimlə təzyiq yolu ilə danışsınlar. Bu gün Azərbaycanın kifayət qədər güclü dövlətçiliyi, oturuşmuş, formalaşmış hakimiyyəti var. Eyni zamanda bu gün ölkəmizin dövlət büdcəsi imkan verir ki, bu gün Azərbaycan tam müstəqil bir siyasət həyata keçirə bilsin. Heç şübhısiz ki, bu siyasət də aparılır. Digər bir tərəfdən Azərbaycan prezidenti cənab İlham Əliyevlə Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinin çox normal, isti münasibətləri var. Ümumiyyətlə, Azərbaycan və rus xalqları hər zaman mehribanlıq şəraitində yaşayıb. Nə Azərbaycan Rusiya ilə hər hansı bir gərginliyin meydana gəlməsinə, nə də Rusiya Azərbaycanda gərgin bir vəziyyətin yaranmasına maraqlı ola bilər. Hesab edirəm ki, Azərbaycanı Rusiya tərəfindən qeyd etdiyiniz təhlükə gözləmir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31