Milli Şura imitasiya ilə məşğuldur - MÜSAHİBƏ

Əhməd Oruc: “Bu 3 şəxs tərəfindən Moskvanın uzantısı olaraq yaradılmış bir qurumdur”

"Milli Şura son prezident seçkilərini biabırçı şəkildə uduzmuş bir təşkilatdır"

Keçən ilin oktyabrında ölkədə keçirilən prezident seçkilərindən sonra əksər siyasi partiyalar kimi Azadlıq Partiyası da bir növ passiv fəaliyyətə üstünlük verib. Ölkədəki ictimai-siyasi proseslərdə o qədər gözə dəyməyən partiyanın passivliyinin səbəbinə aydınlıq gətirmək üçün Azadlıq Partiyasının sədri Əhməd Orucla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Əhməd Oruc hazırda müxalifət daxilində mövcud olan vəziyyət barədə də danışıb.

-Əhməd bəy, prezident seçkilərindən sonrakı dönəmdə Azadlıq Partiyasının fəaliyyətində bir passivlik müşahidə edilir. Bu passivlik nə ilə bağlıdır?

-Prezident seçkiləri ərəfəsində biz çox böyük enerji sərf etdik. Ondan sonrakı etapda isə siyasi meydanı bir müddət Milli Şuranın parçalanmasından doğan məsələlər zəbt etdi. Hazırda da bir qədər siyasi passivlik dövrüdür. Çünki o qədər aktiv siyasi proseslər yoxdur ki, biz də partiya olaraq həmin prosesdə hansısa şəkildə iştirak edək. Bununla yanaşı bizim irəli sürdüyümüz təşəbbüs ətrafında müəyyən görüşlərimiz keçirilir. Bu sırada Ədalət, Müsavat, Aydınlar, Xalq, Liberal Demokrat partiyaları ilə görüşlər olub. Prinsip etibarilə bizim təşəbbüsümüzü hamı dəstəkləyib. Ancaq bu istiqamətdə aktiv siyasi fəaliyyət göstərməyə meyilli olan heç bir partiya yoxdur. Biz hesab edirik ki, hazırda əsas diqqət seçki qanununda dəyişikliklər və seçki mühitinin demokratikləşdirilməsinə yönəlməlidir. Bu istiqamətdə demokratik düşərgədə olan bütün siyasi partiyalar, ictimai qurumlar, qeyri-hökumət təşkilatları və ziyalılar seçki dəyişikliyi ilə bağlı bir araya gəlməlidir. Nəticə etibarilə beynəlxalq təşkilatların dəstəyi ilə Azərbaycandakı hazırkı seçki qanunvericiliyi və seçki komissiyaları dəyişməlidir. Əks halda seçkiyə qatılmağın heç bir əhəmiyyəti yoxdur.

-Belə çıxır ki, seçki qanunvericiliyində dəyişiklik olmasa bələdiyyə seçkilərində iştirak etməyəcəksiniz?

-Xeyr.

-Hazırda müxalifətin düşmüş olduğu passiv vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

-Biz öz təklifimizi irəli sürmüşük. Bildirmişik ki, indiki etapda hamının razılaşa biləcəyi məsələ seçki qanunvericiliyinin demokratikləşməsi ola bilər. Bunun əsasında müxalifəti aktivləşdirmək və onun fəaliyyətini koordinasiya etmək olar. Burada hansısa qurumun yaradılmasından söhbət getmir. Hətta hansısa qurum yaratmadan ayda bir neçə dəfə görüşüb bu istiqamətdə müzakirələr aparmaq olar. Təəssüflər olsun ki, bu istiqamətdəki cəhdlərimiz yetərli nəticə vermir. Bu gün Milli Şura adlanan qurum faktiki olaraq imitasiya ilə məşğuldur. Qurumun guya qorunub saxlandığı, onun dağılmadığı haqqında rəy yaratmaq üçün ayda bir-iki dəfə yığılıb gündəlikdə olan cari məsələlərlə bağlı bəyanat veririlər. Təbii ki, onların enerjisi, fəaliyyəti ilə Azərbaycanda hansısa dəyişikliyə nail olmağın mümkünsüzlüyünü özləri də yaxşı bilirlər. Onlar səhf bir taktika seçiblər ki, guya müxalifətin əsas mərkəzi, real alternartiv qüvvə həmin qurumdur. Bu çox səhv yanaşmadır. İndiyə kimi Milli Şuranın ən böyük format olduğu bildirilirdi. Ancaq həmin format heç bir il keçmədən çoxlu itkilər verdi. Digər tərəfdən həmin formatın yaradılması, onun fəaliyyət prinsipləri də siyasi texnologiya, demokratik prinsiplərə zidd idi.  Bu 3 şəxs tərəfindən və onların ağlının təxəyyülünün məhsulu kimi formalaşmış, Moskvanın uzantısı olaraq yaradılmış bir qurumdur. Onun üzərində çox böyük şübhələr var. Milli Şura son prezident seçkilərini biabırçı şəkildə uduzmuş bir təşkilatdır. Onlar seçkilər ərəfəsində Azərbaycanın ictimai fikrini aldatdılar ki, guya ciddi proseslər gedir. Ancaq reallıqda heç nəyə nail olmadılar.  Eləcə də digər siyasi partiya və qurumlarda bir pessimizm, passivlik var. Dünənki siyasi liderlər bu gün sanki bir dərviş əhval-ruhiyyəsindədirlər.

-Yeni birlik və blokların yaradılması istiqamətində ayrı-ayrı partiyalarla müzakirələr aparırsınızmı?

-Bu günkü siyasi durum ayrı-ayrı partiyaların bir araya gəlib nəsə etməsini mümkünsüz edir. Bu yalnız siyasi gündəmdə qalmağa xidmət edir. Heç kimi kənarda qoymadan, bütün qüvvələrin iştirakına açıq olan, hamının maraqlı olduğu məsələdə bir araya gəlmək, bu istiqamətdə fəaliyyət göstərmək lazımdır. 3-5 partiyanın yaratmış olduğu blokların fəaliyyəti, onların aqibətini biz gördük. Adətən bu kimi bloklarda kimsə daxildən bir-iki nəfər hakimiyyətlə separat əlaqələrə can atır, gedib ucuz qiymətə satılır. Ancaq bütün təşkilatlar bir arada olan yerdə, fəaliyyətdə şəffaflıq mövcud olduğu halda kimsə satılsa belə həmin birliyi poza bilmir və həmin şəxs və ya siyasi qüvvənin fəaliyyəti müxalifət daxilində ciddi parçalanmaya səbəb olmur.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31