“Ukrayna hadisələri Azərbaycan üçün də bir təhdiddir” - MÜSAHİBƏ

Taliyət Əliyev: “İndiki həssas bir dönəmdə bütün siyasi qüvvələr də hər şeydən öncə Azərbaycan dövlətçiliyini düşünməlidir”

"Çünki, bizə ilk öncə Azərbaycan dövləti lazımdır"

Keçən ilin oktyabrında ölkədə keçirilən prezident seçkilərində məğlubiyyətlə üzləşən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu siyasi mədəniyyət nümayiş etdirərək partiya sədrliyindən istefa verdikdən sonra demokratların qurultayının keçirilməsi aktuallaşsa da, lakin bu günə qədər ADP öz ali toplantısını keçirə bilməyib. Bir çoxları bunu ADP-də Sərdar Cəlaloğlunu əvəz edə biləcək birinin olmaması ilə əlaqələndirir. Partiyanın sədr müavini Taliyət Əliyev "OLAYLAR"-a verdiyi müsahibədə ADP-nin qurultayının yubanmasının səbəbləri, müxalifət daxilində mövcud olan vəziyyət, eləcə də ölkənin siyasi həyatında baş verən digər hadisələr barədə danışıb. Demokratların rəsmisi Ukraynada cərəyan edən hadisələr və onun Azərbaycana mümkün təsirlərinə də toxunub.

-Taliyət bəy, Azərbaycan Demokrat Partiyasının qurultayının yubanmasının başlıca səbəbi nədir və yaxın vaxtlar üçün qurultayın keçirilməsi gözlənilirmi?

-Partiyanın qurultayının keçirilməsi gündəmdən çıxmayıb. Bu məsələnin həyata keçirilməsi üçün daxili müzakirələr aparılır. İlk olaraq Ali Məclisin sessiyasının çağırılması və sessiyada qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması lazımdır. Yəqin ki, qurultayla bağlı daxili müzakirələr yaxın zamanlarda yekunlaşacaq və müvafiq prosedur addımlar atılacaq.

-"Qarabağ" Bloku olaraq müxalifətə bələdiyyə və parlament seçkilərində birgə iştirakla bağlı müraciət etmişdiniz. Digər partiyaların sizin təklifinizə münasibəti necə oldu?

-Bələdiyyə seçkiləri ilə bağlı deyil 2015-ci ildə keçiriləcək parlament seçkilərində müxalifətin birgə iştirakı ilə bağlı təşəbbüslərimiz olub. Amma, təəssüflər olsun ki, bu təşəbbüslər hələ ki, havadan asılı vəziyyətdədir. Buna baxmayaraq biz bu təşəbbüslərimizi davam etdirəcəyik.

-Partiyada bələdiyyə seçkilərinə hazırlıq başlayıbmı və ADP seçkidə iştirak edəcəkmi?

-Bəli, bələdiyyə seçkiləri ilə bağlı istər partiya, istərsə də təmsil olunduğumuz "Qarabağ" Bloku daxilində mütəmadi müzakirələr aparılır. İlk olaraq biz bələdiyyələrin statusu ilə bağlı qanunvericilikdə islahatların aparılmasını istəyirik. Bələdiyyələrin statusu ilə bağlı blok olaraq təkliflərimiz var və yaxın vaxtlarda bu təklifləri müvafiq dövlət orqanlarına təqdim edəcəyik. Seçkilərdə iştirakla bağlı qərarımızı isə yəqin ki, payızda verəcəyik. Azərbaycan Demokrat Partiyasının bələdiyyə seçkilərində hansı formada iştirakı mövcud situasiyadan asılı olacaq. Bu partiya olaraq təkbaşına və ya "Qarabağ" Bloku daxilində olacaq. Partiya bələdiyyə seçkilərində iştirak etməsə belə, bu məsələdə partiya üzvlərinə sərbəstlik veriləcək. Çünki, bələdiyyə seçkiləri yerli səviyyəli seçkilər olduğundan bu seçkilərdə yerli təşkilatların üzvləri iştirakda daha maraqlı olurlar.

-Rusiyanın Ukraynanın ərazisinə müdaxiləsi bəzi partiyalar tərəfindən susqunluqla qarşılanır və Kremlin imperialist siyasətinə etiraz edilmir. Bir sıra siyasilərin ortaya qoymuş olduğu bu mövqe haradan qaynaqlanır?

-Ukrayna ərazisinə Rusiyanın müdaxiləsinə qarşı susqunluq nümayiş etdirmək razılıq əlamətidir. Bəziləri bu məsələyə nəinki susur, hətta dəstək də verir. Bildiyiniz kimi özünü Azərbaycan Kommunist Partiyanın nümayəndəsi kimi təqdim edən Telman Nurullayev adlı şəxs hətta Rusiya Federasiyasının prezidenti Vladimir Putinə dəstək məktubu da yazıb. Vəfa Quluzadənin bu yaxınlarda Azərbaycandakı 5-ci kolonun mövcudluğu ilə bağlı fikirlərini bölüşürəm. Hesab edirəm ki, Rusiyanın imperialist siyasətinə susanlar və ya dəstək verənlər həmin 5-ci kolonun nümayəndələridir. Bəziləri bunu qeyri-ciddi, Rusiya imperiyasının Azərbaycandakı ideya daşıyıcılarının çox zəif olduğunu bildirirlər. Amma elə deyil, bu faktor ciddidir. Düşmən qarışqa da olsa, onu fil hesab etmək lazımdır. Bu kolonun nümayəndələrinin əksəriyyəti ictimai qınaqdan çəkinir. Rus təhlükəsi ciddiləşərsə onlar aktivləşəcək. Biz bunu bu gün Ukraynanın timsalında çox aydın şəkildə görürük.

-Sizcə, Azərbaycan müxalifəti Rusiyanın işğalçılıq siyasətini həyata keçirdiyi belə bir vəziyyətdə hansı mövqeyi nümayiş etdirməlidir?

-Hesab edirəm ki, Ukrayna hadisələri Azərbaycan üçün də bir təhdiddir. İndiki həssas bir dönəmdə bütün siyasi qüvvələr də hər şeydən öncə Azərbaycan dövlətçiliyini düşünməli və bundan yana nə gərəkirsə onu da etməlidir. Çünki, bizə ilk öncə Azərbaycan dövləti lazımdır ki, onun demokratik ölkə olması uğrunda da mübarizə apara bilək...

Süleyman 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31