İşəgötürənlər gənc kadrları nə üçün işə almırlar? - ŞƏRH

Pərviz Məmmədov: Ali məktəbi yenicə bitirən məzunlar onlardan iş təcrübəsinin tələb edilməsinə haqlı olaraq narazılıq edirlər”

Ölkədə yeni müəssisə və zavodların fəaliyyətə başlaması çoxlu sayda iş yerlərinin açılması, işsizlik probleminin aradan qalxmasına öz müsbət təsirini göstərir. Müxtəlif ali təhsil ocaqlarını bitirən gənclər həmin idarələrdə müvafiq postlar tuturlar. Ancaq bəzi hallarda işəgötürənlər gənclərin bilik və bacarıqlarından şikayətlənir, onların praktik biliklərinin az olmasını əsas götürərək işə almaq istəmirlər. Bəs görəsən bu problemi hansı yolla aradan qaldırmaq mümkündür və nə kimi vasitələrdən istifadə etməklə gənc kadrlara kömək göstərmək olar? CLC hüquq şirkətinin direktoru Pərviz Məmmədov bununla bağlı bir sıra tədbirlərin həyata keçirilməsini vacib sayır.

-Pərviz müəllim, son dövrlərdə bir sıra şirkət rəhbərləri ali məktəbi yeni bitirmiş və iş üçün müraciət edən şəxslərin praktik biliklərinin az olmasından narahatlıqlarını ifadə edirlər. Sizcə, bu problemin həlli yolu nədədir?

 

-Təəssüf  ki, bu gün bu problemlə bütün işəgötürənlər üz-üzə qalırlar və ali məktəbi yenicə bitirən məzunlar haqlı olaraq onlardan iş təcrübəsinin tələb edilməsinə narazılıq edirlər. Düşünürəm ki, tələbələr təhsil aldığı dövrdə paralel olaraq praktiki biliklər əldə etmək imkanına da malik olmalıdırlar. Artıq ali məktəbi bitirdikdə onların müəyyən praktiki bilikləri olmalıdır ki, öz peşəkar karyeralarına uğurlu start verə bilsinlər. Bunu müxtəlif yollarla həyata keçirmək mümkündür. Belə ki, şirkətlərdə bir neçə aylıq təcrübə keçmək, peşəkar treyninqlərdə iştirak etmək, yarım gün də olsa şirkətlərdə ödənişli işləmək və s. qeyd edə bilərəm.

-CLC Hüquq Şirkəti bu sahədə tələbələrə və artıq məzun olmuş şəxslərə hansı formada kömək etməyi planlaşdırır?

-Biz treyninqlər keçirmək, təcrübə proqramları təşkil etməklə əlimizdən gələn dəstəyi verməyə çalışırıq.  Bu istiqamətdə bizim Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə birgə təlimlərimiz planlaşdırılır və həyata keçirilir. Növbəti bu cür təlim may ayında CLC Hüquq Şirkəti və Azərbaycan Risk Peşəkarları Assosiasiyasının birgə həyata keçirdiyi "Məhkəmələrdə nümayəndəlik" praktiki təlimi olacaq. Təlim heç təcrübəsi olmayan məzunlar və sonuncu kurs tələbələri, eləcə də magistrantlar üçün nəzərdə tutulur. Lakin təlimdə yenicə işləməyə başlamış hüquqşünaslar üçün də bir çox maraqlı məsələlər tədris ediləcək. Ümumilikdə təlim 3 hissədən ibarət olmaqla həftədə 4 saat nəzərdə tutulur. Təlimi daha əvvəl müxtəlif rayon məhkəmələrində çalışmış və artıq bir neçə ildir ki, peşəkar hüquq praktikası ilə məşğul olan Araz Yusifov keçəcək. Təlim bilavasitə praktik vərdişlərin formalaşdırılması istiqmətində keçiriləcək.

- Bəs təlimlər gənc hüquqşünaslara hansı imkanlar yaradacaq?

-Təlimdə iştirak edən şəxslsər artıq sərbəst olaraq hər hansı hüquqi və ya fiziki şəxsin nümayəndəsi kimi onun maraqlarını məhkəmədə müdafiə edə biləcəklər. Bunun üçün tələb olunan bütün biliklər sənəd nümünələri və daha əvvəl məhkəmələr tərəfindən qəbul edilmiş qərar nümunələri iştirakçılara təqdim ediləcək. Bundan əlavə iştirakçılar özləri də praktik olaraq bu cür sənədlərin hazılranmasında iştirak edəcəklər və sonda müsabiqə keçiriləcək.Qalib gələn 2-3 iştirakçıya CLC Hüquq şirkətində təcrübə keçmək imkanı yaradılacaq. Bizim təlimin digər bir fərqli cəhəti  odur  ki, hazırda bu təlimin proqramı aparıcı banklar və iri şirktələrlə müzakirə olunur və ilkin razılıq artıq əldə edilib. Proqram və proqramın məzmunu razılaşdırmaqla təlim iştirakçılarının həmin bank və şirkətlərdə daha rahat iş əldə etməsinə çaılışırıq. CLC Hüquq Şirkəti olaraq biz Azərbaycan Risk Peşəkarları Assosiasiyası birgə bu cür tədbirləri mütəmadi olaraq keçirməyi planlaşdırırıq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31