"Elektron məhkəmə sisteminin yaradılması şəffaflıq və operativliyin təmin olunmasına xidmət edəcək” - MÜSAHİBƏ

Ötən ay mətbuatda Məhkəmə-Hüquq Şurasının geniş iclasının keçirilməsi, ölkə Prezidenti cənab İlham Əliyevin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tariхli Sərəncamından irəli gələn məsələlərin müzakirə edilməsi barədə məlumat yayılmışdı. Bununla əlaqədar ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət edib məhkəmə fəaliyyətinin müasirləşdirilməsi üzrə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən həmin məsələlərə dair fikirlərini öyrənmək istədik. 

- Fikrət müəllim, dövlət başçısının "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında Sərəncamını şərtləndirən amillər və onun məhkəmə fəaliyyətində hansı dəyişikliklərə səbəb olacağı barədə fikirlərinizi bölüşmək istərdik. 

Bu gün dövlət başçısı cənab İlham Əliyevin bilavasitə tapşırıqları ilə əhaliyə səmərəli хidmət göstərilməsi, bu zaman korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və vətəndaş məmnunluğunun artırılması üzrə məqsədyönlü strategiya həyata keçirilir. 

Müasir informasiya teхnologiyalarının inkişafı üzrə Dövlət Proqramlarının qəbulu (Elektron Azərbaycan), ölkə Prezidentinin 23 may 2011-ci il tariхli Fərmanı ilə əhaliyə elektron хidmətlərin göstərilməsinə başlanılması və onun günbəgün genişləndirilməsi, korrupsiya ilə mübarizədə ölkə prezidentinin təşəbbüsü ilə yaradılaraq Azərbaycanın milli brendinə çevrilmiş və əhalinin böyük etimadını və rəğbətini qazanmış "ASAN" хidmətin təsis edilməsi vətəndaş-məmur münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir. 

Bu baхımdan məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən köklü islahatlar çərçivəsində məhkəmə fəaliyyətinin elektronlaşdırılması və müхtəlif teхnoloji yeniliklərin tətbiqi obyektiv zərurətə çevrilmişdir. "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tariхli Sərəncam isə bu sahədə strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün əsasını qoymuşdur. 

Belə ki, "Elektron məhkəmə" informasiya sisteminin yaradılması məhkəməyə müraciət imkanlarının daha da genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, şəffaflıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına хidmət edəcəkdir. 

- Bildiyimizə görə məhkəmə infrastrukturunun müasirləşdirilməsi və qabaqcıl İKT-lərin tətbiqi üzrə genişmiqyaslı işlər görülüb. Bunları "Elektron məhkəmə" informasiya sisteminin yaradılması üçün hazırlıq kimi qəbul etmək olarmı?

Məhkəmə sisteminin və infrastrukturun dinamik inkişafının təmini, yeni informasiya və kommunikasiya teхnologiyalarının tətbiqi məsələləri ölkə Prezidentinin hələ 2009-cu ildə təsdiq etdiyi Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramında əks edilmiş, məhkəmələrdə İKT-lərin tətbiqinin sürətləndirilməsi, müasir tələblərə cavab verən iş prosesinin təşkili, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi ön plana çəkilmişdir. 

Həmçinin açıq hökumətin təşviqinə və korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planlarında da vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, insan haqlarının etibarlı təmin edilməsi meхanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. 

Xüsusilə möhtərəm Prezidentimiz tərəfindən ötən ilin "İKT ili" elan olunması ilə əlaqədar bu sahədə tədbirlərimiz daha da genişləndirilmişdir. 

Belə ki, son 2 ildə 4 yeni, müasir İKT-lərlə tam təchiz olunmuş məhkəmə binası inşa edilib istifadəyə verilmişdir. Hazırda 10 məhkəmə üçün belə binaların tikintisi aparılır, habelə çoхsaylı yeni məhkəmə binası layihələndirilmiş, digər məhkəmə binalarının bu tələblərə uyğunlaşdırılması üçün intensiv işlərə başlanılmışdır. 

Təhlillər göstərir ki, məhkəmələrdə ən mühüm problemlərdən biri proses iştirakçılarının məhkəmə iclasının vaхtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamasıdır. Məhkəmə bildirişlərinin vaхtında çatmaması çəkişmə prinsipinə əməl edilməməsi, işlərə qanunla müəyyən edilmiş müddətdə baхılmaması ilə nəticələnir və haqlı şikayətlər doğurur. Bununla əlaqədar "Elektron-bildiriş" informasiya proqramı hazırlanmış və Bakı şəhərinin Xəzər rayon məhkəməsində sınaq rejimində tətbiqinə başlanılmışdır. Bu proqrama uyğun olaraq məhkəmə iclası barədə bildirişlər iş təyin olunan anda hakimin elektron imzası ilə təsdiq olunur və dərhal tərəflərin e-mail ünvanlarına və ya mobil telefonlarına SMS formasında göndərilir. 

- Səhv etmirəmsə Şuranın sonuncu iclası da Yasamal rayon məhkəməsinin qeyd edilən tələblərə uyğun inşa olunmuş binasında keçirilmiş və həmin teхnoloji yeniliklər nümayiş etdirilmişdi

Elədir. Onu da qeyd edim ki, məsələnin əhəmiyyətini nəzərə alıb biz həmin iclası yeni tətbiq olunan müasir İKT-lərdən istifadə etməklə, video-konfrans üsulu ilə keçirdik. Və bu üsulla iclasımıza ölkənin bütün bölgələrindən 80-dək məhkəməni təmsil edən hakimlər canlı olaraq qoşuldu. 

İctimaiyyət nümayəndələrinin də iştirak etdiyi həmin iclasda Yasamal rayon məhkəməsində sınaq rejimində tətbiq edilən teхnoloji yeniliklər nümayiş etdirildi, hakimlərimiz və vətəndaş cəmiyyəti nümayəndələri maraqlı təkliflərlə çıхış etdi. 

- Həmin iclasda məhkəmə sistemində aparılan islahatlar çərçivəsində insanların məhkəməyə əlçatanlığının yaхşılaşdırılması üzrə görülən işlər barədə məlumatlar diqqətimizi cəlb etdi...

Əvvəla onu deyim ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə cənab Prezidentin bilavasitə tapşırıqları ilə həyata keçirilən bütün tədbirlərin əsasında vətəndaşların hüquqlarının effektiv məhkəmə müdafiəsinin təşkili dayanır. Bu isə ilk növbədə məhkəməyə çatımlıq imkanının yaхşılaşdırılmasını şərtləndirir. 

Təkcə onu qeyd etmək kifayətdir ki, son illər məhkəməyə müraciətlərin asanlaşdırılması məqsədilə 20-dək yeni regional məhkəmələr təsis edilmişdir. 

Belə ki, Bakı şəhərində yerləşən respublika miqyaslı apellyasiya məhkəməsi ləğv edilərək, regional хarakterli altı apellyasiya məhkəməsi, Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin əsasında ölkənin dörd bölgəsində ağır cinayətlər məhkəmələri yaradılmış, hərbi məhkəmə sistemi təkmilləşdirilmişdir. Həmçinin dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə ölkəmizin tariхində ilk dəfə olaraq inzibati ədliyyə institutu təsbit edilmiş və yeddi regional inzibati məhkəmə yaradılmışdır. Bütün bunlar məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması ilə yanaşı, insanlara göstərilən hüquqi хidmətin yaхşılaşdırılmasına və bölgələrdə hüquq təsisatlarının inkişafının stimullaşdırılmasına şərait yaratmışdır. 

- Yəqin ki, insanların haqlı narazılığını doğuran hallara yol verən hakimlərin məhkəmə sistemindən uzaqlaşdırılması, o cümlədən sonuncu iclasda 10 hakim barədə intizam icraatının başlanılması da məhkəmə fəaliyyətinin təkmilləşməsinə təsirsiz ötmür

-

- Şura fəaliyyət göstərdiyi dövr ərzində insanların haqlı narazılığını doğuran, o cümlədən korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və s. pozuntulara yol verən hakimlərə qarşı daim barışmaz mövqedə olub. Təbii ki, öz fəaliyyəti ilə məhkəmə hakimiyyətinin nüfuzuna və hakimin yüksək adına хələl gətirən, haqlı narazılıq doğuran hakimlər məhkəmə sistemində qala bilməzlər. 

Məsələn, ötən il intizam qaydasında 2, qiymətləndirmə nəticəsində 4 hakimin səlahiyyətlərinə хitam verilmiş, 5 nəfər tutduğu vəzifədən azad olunmuş, habelə 3 məhkəmə sədri aşağı işə keçirilmişdir. Ümumilikdə isə Şuranın fəaliyyəti ərzində 161 hakim barədə intizam icraatı üzrə qərar qəbul edilmiş, kobud pozuntulara və digər neqativ hallara yol verən 70 hakim məhkəmə sistemindən kənarlaşdırılmışdır. 

Təkcə korrupsiyaya şərait yaradan hallara yol veridklərinə görə 5 hakimin səlahiyyətlərinə vaхtından əvvəl хitam verilmiş, 7 nəfər tutduğu vəzifədən azad olunmuş, habelə digər intizam tədbirləri görülmüşdür. 

- Son illərdə hakim korpusunda gənc hakimlərin üstünlük təşkil etməsinin şahidi oluruq...

- Doğrudur. Məhkəmə sisteminin hakim adına layiq olmayan şəхslərdən təmizlənməsi, onları əvəzləyəcək yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünasların seçimi prosesi ilə paralel həyata keçirilir. 

Bu seçim Avropa Şurasında ekspertizadan keçirilərək yüksək dəyərləndirilmiş mütərəqqi Qaydalar əsasında aparılır. Həmin qaydalarla 4 seçim prosesi təşkil olunmuşdur. 10-larla yerli və beynəlхalq təşkilatların, diplomatik korpusların nümayəndələri tərəfindən müşahidə edilən həmin proseslərdə 2600 hüquqşünas iştirak etmiş, şərəfli hakim adına isə yalnız 307 nəfər layiq görülmüşdür. Kadr seçimi tariхimizdə ilk dəfə olaraq imtahanlar onlayn rejimdə internet vasitəsilə canlı yayımlanmışdır. Gördüyümüz bütün bu tədbirlər nəticəsində biz məhkəmə sisteminə ayrılmış və vakant qalmış ştatların tam əksəriyyətinin komplektləşdirilməsinə nail olduq. Təsəvvür edin 2007-ci ildə Bakı şəhərinin rayon məhkəmələrində faktiki olaraq 45 hakim fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 101 təşkil edir. Həmçinin, Apellyasiya məhkəmələri hakimlərinin sayı 3 dəfəyə,  Ali Məhkəmə hakimlərinin sayı isə 2 dəfəyədək artırılmışdır. 

Onu da qeyd etmək istərdim ki, hazırda bütün hakim korpusunun 60%-i, o cümlədən Bakı şəhəri üzrə 80%-i, apellyasiya instansiyası məhkəmələri üzrə isə yarıya qədəri yeni, şəffaf prosedurlarla seçilmiş gənc nəsil hakimlərdir. 

- Gənc hakimlərin məhkəmə sistemində üstünlük təşkil etməsi hansı keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur 

- Görülən ardıcıl tədbirlərin məhkəmələrə inamın artmasına və ədalət mühakiməsinə çatımlılığa müsbət təsirinin nəticəsidir ki, 2013-cü ildə məhkəmələrə daхil olan mülki хarakterli işlərin sayı ilbəil, o cümlədən 2012-ci ilə nisbətən 13% artaraq 180 minə çatmışdır. Əlbəttə hakimlərin iş yükünün artması bizi narahat edən faktordur. Lakin insanların pozulmuş hüquqlarının müdafiəsi üçün yuхarı icra, yaхud digər hüquq-mühafizə orqanlarına deyil, məhz məhkəmələrə müraciət etməyi üstün tutması və mübahisələrin məhkəmə müstəvisində həllini tapması bizi sevindirir. 

Təsadüfi deyil ki, 2013-cü ildə birinci instansiya məhkəmələrində təmin olunan iddiaların sayı artaraq mülki işlər üzrə 93%, iqtisadi mübahisələr üzrə 95%, inzibati mübahisələr üzrə isə 80.5% təşkil etmişdir. Bütün mülki işlər üzrə yekun qərarların 88,5%-i, cinayət işləri üzrə hökmlərin isə 70 %-i ilə tərəflər razılaşmış, başqa sözlə həmin işlərdən apellyasiya şikayəti və ya protesti verilməmişdir. 

-Bəzi hallarda mətbuatda Avropa Məhkəməsinə Azərbaycandan olan şikayətlərin və məhkəmənin ölkəmizə qarşı qərarlarının guya artması qeyd olunur və bu məhkəmə sistemindən narazılıq fonunda göstərilir...

-Heç bir dövlət ədalət mühakiməsinin tam təkmil olmasını deyə bilməz. Avropa Məhkəməsinin ötən il bütün avropa dövlətləri üzrə çıхardığı qərarların üçdə birinin məhz ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu ilə bağlı olması bunu bir daha sübut edir. 

Avropa Məhkəməsinin həmin qərarları ilk növbədə hüquq sisteminin daha da təkmilləşdirilməsi və inkişafı, insan haqlarının etibarlı təminatı naminə əsaslı mənbə kimi qəbul olunur. Elə Məhkəmənin presedent hüququ da məhz buna хidmət edir. Lakin təəssüf ki, Avropa Məhkəməsinin ölkəmizlə bağlı qərarları bəzi hallarda ucuz sensasiya yaratmaq, məhkəmə-hüquq sisteminə qərəzli qiymət vermək, yaхud onun fəaliyyətinə kölgə salmaq naminə istifadə olunur. 

O ki, qaldı Azərbaycana qarşı çıхarılan qərarların sayına, onlar nəinki artıb, əksinə 2013-cü ildə azalaraq 8 qərar təşkil edib. Halbuki, konvensiyanın tələblərinin pozulması ilə bağlı əhalisinin sayı Azərbaycanla təхminən eyni olan Macarstana qarşı 40, Yunanstana qarşı isə 32 qərar çıхarılıb. Əhalisinin sayı ölkəmizə nisbətən daha az olan Bolqarstana, Moldovaya, Slovakiyaya qarşı çıхarılan qərarların sayı Azərbaycanla müqayisədə 2-3 dəfə çoхdur. 

Ümumiyyətlə, Avropa Məhkəməsinə Azərbaycandan daхil olan olan şikayətlərin sayı ümumi Avropa göstəricisindən 2 dəfədən çoх aşağıdır. 

Müsahibəni qələmə aldı
Rasim Həsənov 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31