Səlim Müslümov: “Azərbaycan əlilliyi olan şəxslərlə bağlı siyasətini beynəlxalq standartlara uyğun qurmaq əzmindədir” - MÜSAHİBƏ
8 Aprel 2014 19:45 MüsahibəƏmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov aprelin 8-də Yeni Azərbaycan Partiyasının internet saytına (www.yap.org.az) müsahibəsi
- Səlim müəllim, bir neçə gün öncə Cenevrədə BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında Siz "Əlillərin hüquqları haqqında" Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan hökumətinin ilk məruzəsini təqdim etdiniz. Sizcə, Azərbaycanda əlillərlə bağlı siyasətin qeyd olunan Konvensiyaya uyğunlaşdırılması sahəsində vəziyyət necədir?
- İlk növbədə bildirim ki, müstəqil Azərbaycanda əlilliyi olan şəxslərin maddi və mənəvi tələbatlarının ödənilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və inkişaf etdirilməsi işlərinə hələ ötən əsrin 90-cı illərinin ortalarında Ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanılmışdır. 1995-ci ilin 17 yanvarında Respublika Protez-Ortopedik Bərpa Mərkəzinin kollektivi ilə görüşündə Ümummilli liderimiz Heydər Əliyev "İnsanların, dövlətin, cəmiyyətin fiziki, ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə yüksək səviyyədə olmalıdır"-deyə vurğulamışdır.
Bu sözlər real həyatda öz təsdiqini tapmışdır. Respublikada qeyd olunan şəxslərin hərtərəfli dövlət qayğısı ilə təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, onların maddi təminatı ildən ilə gücləndirilmişdir. Son on ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan böyük inkişaf yolu keçmiş, ölkədə ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır. Bu dövrdə ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enmişdir. Qeyd edim ki, bu gün heç də bütün ölkələr BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasına qoşulmağa hazır deyil, bunun üçün ümumən cəmiyyətin inkişafı, Konvensiyada müəyyən olunan öhdəlikləri yerinə yetirmək üçün siyasi iradə, institusional baza lazımdır. Məhz sürətli inkişaf və bütün sahələrdə qabaqcıl beynəlxalq standartların tətbiqi prosesinin genişlənməsi, həmçinin dövlətin əlilliyi olan şəxslərlə bağlı siyasətini mütərəqqi dünya praktikasından irəli gələn yanaşmalara uyğun qurmaq əzmi artıq Azərbaycan Respublikasının 2008-ci ilin oktyabr ayında BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasına və həmin Konvensiyanın Fakültativ Protokoluna qoşulmasına şərait yaratmışdır.
- Konvensiyada müəyyən edilən öhdəliklərin icrası sahəsində nazirlik tərəfindən görülən hansı konkret işləri qeyd edərdiniz?
-Bildiyiniz kimi, Konvensiyada müəyyən edilən ümumi öhdəliklərin səmərəli icrası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi koordinator kimi müəyyən olunmuş, Nazirlik yanında aidiyyatı dövlət qurumları və əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarından ibarət İşçi Qrup yaradılmışdır.
Konvensiyadan irəli gələn öhdəliklərə uyğun olaraq, qanunvericilik aktlarının və proqramların hazırlanmasında, eləcə də əlilliyi olan şəxslərlə bağlı müxtəlif layihələrdə həmin şəxslərin ictimai birlikləri ilə sıx əməkdaşlıq edilir. Artıq 2 aydan çoxdur ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni Qanun layihəsi hazırlanaraq Nazirliyin rəsmi internet saytında (http://www.mlspp.gov.az) yerləşdirilib. Həm ictimayyətin, həm də qeyri-hökumət təşkilatlarının müvafiq rəyləri nəzərə alınmaqla layihənin son variantı hökumətə təqdim olunacaqdır. Yeni qanun layihəsi ölkəmizin Konvensiya üzrə üzərinə götürdüyü bütün öhdəlikləri, o cümlədən bu sahədə dövlət siyasətinin əsas prinsiplərini, dövlət təminatlarını, əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin abilitasiyası və reabilitasiyası, məşğulluğu, əlil şəxslərin sosial təminatları kimi məsələləri əhatə edir.
- Cənab nazir, ümumiyyətlə, bu gün Azərbaycanda nə qədər əlilliyi olan şəxs var və ölkədə əlilliyə təsir edən amillər kimi nələri qeyd edərdiniz?
-Hazırda Azərbaycan əhalisinin 5,6 faizi, yəni 530 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Müqayisə üçün bildirim ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünya əhalisinin 15 faizi əlilliyi olan şəxslərdir. Azərbaycanda əlilliyin səviyyəsinin digər ölkələrə nisbətən aşağı olmasının əsas səbəbi ölkə əhalisinin gənc olmasıdır. Qeyd etmək istərdim ki, əlilliyin artmasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi böyük rol oynamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüşlərdə 11912 nəfər əlil olmuşdur.
- Əlilliyi olan şəxslərin layiqli həyat səviyyəsinin təmin edilməsi həm də həmin insanların maddi təminatının gücləndirilməsini, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasını nəzərdə tutur. Bu sahədə vəziyyət necədir?
-Bildiyiniz kimi, Azərbaycanda əlilliyi olan şəxslərə müvafiq qanunvericilikdə nəzərdə tutulan müddət qədər əmək stajları olduqda əlilliyə görə əmək pensiyaları verilir. Əmək pensiyası hüququ olmadıqda, onlara sosial müavinətlər ödənilir. Bununla yanaşı, müvafiq kateqoriyadan olan əlillərə Prezident təqaüdləri təyin olunur. Hazırda əmək pensiyası alanların 27%-i, sosial müavinət alanların 57,2%-i, Prezident təqaüdü alanların isə 52,2% -i əlilliyi olan şəxslərdir. 2006-2013-cü illər ərzində əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 3,3 dəfə, sosial müavinətlərin məbləği isə 2,6 dəfə artırılmışdır.
Cari ilin mart ayında ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı, ümumən 32 907 nəfər əlili əhatə edən Sərəncamlara əsasən əlillərə verilən sosial müavinətlərin məbləği orta hesabla 36 faiz artırılmışdır. Eyni zamanda, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Beləliklə, əmək pensiyası almaq hüququ olmayan I qrup əlillərin müavinətlərinin məbləği 67 manatdan artırılaraq 127 manata çatdırılmaqla, yaşayış minimumunun üzərinə çıxarılmışdır. Digər tərəfdən, müharibə əlillərinin ödənişli ali və orta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsinin hesabına ödənilməsi nəzərdə tutulmuşdur.
Müharibə əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması işlərinin əsası Ulu öndərimiz tərəfindən qoyulub və son on ildə möhtərəm Prezidentimizin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanda müharibə əlillərinin və şəhid ailələrinin mənzillə təminatı sahəsində mühüm tədbirlər davam etdirilib. Bu sahədə Azərbaycan digər ölkələrdə mövcud olmayan müsbət təcrübəyə malikdir. Belə ki, indiyədək 5000-ə yaxın müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunmuşdur. Eyni zamanda, 4000-ə yaxın müharibə əlilinə avtomobillər verilmişdir.
-Əlilliyi olan şəxslərin müalicə, reabilitasiya və təhsil xidmətləri ilə təmin olunması sahəsində ölkəmizdə hansı tədbirlər həyata keçirilir?
- Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla ölkənin paytaxtında və bölgələrində yerləşən 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Əlilliyi olan şəxslərin dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, güzəştli şərtlərlə apteklərdən dərman almaq, sanator-kurort müalicəsi ilə təmin olunmaq hüquqları vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 20 Yanvar əlillərinin, milli münaqişə zəminində əlil olanların, digər kateqoriyalardan olan I və II qrup əlillərin, Çernobıl AES-də qəza nəticəsində əlil olmuş şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların, İİV/QİÇS-lə xəstələnmiş vətəndaşların dərman preparatları ilə pulsuz təmin edilməsi qaydası müəyyənləşdirilmişdir.
-Cənab nazir, Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluq imkanları necə dəstəklənir, onların əmək bazarına çıxışı üçün hansı imkanlar yaradılır?
Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışı əlilliyi olan şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Həmin mərkəz öz profilinə görə birbaşa olaraq əlilliyi olan şəxslərin peşə hazırlığına xidmət edən ilk mərkəzdir. Burada əlilliyi olan gənclər müxtəlif istiqamətlərdə (xalçaçılıq, rəssamlıq, kulinariya, toxuculuq və s.) peşə reabilitasiyası kurslarına cəlb olunurlar. Yeni peşələrə yiyələndikdən sonra onların həmin peşələr üzrə məşğulluğu da təmin ediləcəkdir. Onu da bildirim ki, "Sosial Müdafiənin İnkişafı" Layihəsi çərçivəsində hazırlanan modul tipli təlim proqramları əhalinin digər kateqoriyaları ilə yanaşı, xüsusilə əlilliyi olan şəxslərin əmək bazarında tələb olunan peşə vərdişlərinə yiyələnmələrində müasir və çevik vasitədir.
Əlbəttə, əlilliyi olan şəxsə dövlət tərəfindən qayğı göstərilməsi vacibdir. Bununla belə, hər bir əlilliyi olan şəxsin ilk növbədə onun məşğulluq imkanlarını reallaşdıran, beləliklə, onun ictimai həyatın fəal iştirakçısına çevrilməsini təmin edən şəraitin yaradılmasına daha çox ehtiyacı var. Belə bir şərait əlilliyi olan şəxsə təkcə maddi tələbatını ödəmək üçün gəlir əldə etmək mənasında deyil, daha çox cəmiyyətdə özünü təsdiq etmək baxımından lazımdır. Biz əlilliyi olan insanlarla görüşlərimiz zamanı da onlar daha çox məşğulluqlarının təmin olunmasına köməklik göstərilməsi istəklərini ifadə edirlər. Digər tərəfdən, əvvəllər əlilliyin müəyyən olunması zamanı müayinə aktından çıxarış blanklarında müvafiq bənddə əlilin fəaliyyət göstərə bilməsi üçün zəruri olan əmək şəraiti göstərilmir, sadəcə "əmək qabiliyyətsiz" sözü yazılırdı. Bu da əlil şəxslərin məşğulluğuna ciddi maneə yaradan hal kimi onları narahat edirdi. Biz bu maneəni aradan qaldırdıq və artıq əlillik qrupu verilən bütün şəxslərin əlillik arayışlarında onlar üçün əmək zəmanəti qeyd olunur ki, bu da əlillliyi olan şəxsə bu və ya digər müəssisədə öz fiziki imkanlarına uyğun işlə təmin olunmağa imkan verir.
- Əlilliyi olan qadınların, sağlamlıq imkanları məhdud uşaqların hüquq və azadlıqlarının təmin edilməsi də Konvensiyada əksini tapan öhdəliklər sırasındadır...
- Tamamilə doğrudur. Məlumat üçün bildirim ki, ölkəmizdə əlilliyi olan şəxslərin ümumi sayının 44,4 faizini qadınlar təşkil edir. Azərbaycan qanunvericiliyində cinsi bərabərlik, qadın hüquqlarının qorunması tam olaraq əksini tapmışdır. Belə ki, 2006-cı ildə "Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında" Qanun qəbul edilmiş, Nazirlər Kabinetinin 25 yanvar 2007-ci il tarixli Qərarı ilə "Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı" təsdiq edilmişdir. 2010-cu ildə isə "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanun qəbul olunmuşdur.
Bu normativ hüquqi aktlarda qadın hüquqlarının təmin olunması ilə bağlı müddəalar təbii ki, əlilliyi olan qadınlara da şamil olunur və burada hər hansı ayrı-seçkilik yoxdur. Həmçinin Azərbaycan Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda əlilliyi olan qadınların hüquq və azadlıqlarının müdafiəsi tədbirləri mühüm yer tutur. Proqramda əlilliyi olan qadınların məşğulluğunun təmin edilməsi üçün ixtisaslaşdırılmış iş yerlərinin yaradılmasına dair təşəbbüslərin dəstəklənməsi, onların uyğun peşələrə yiyələnmələri üçün müvafiq peşə hazırlığı kurslarının təşkil olunması nəzərdə tutulmuşdur.
- "Əlillərin hüquqları haqqında" Konvensiya əlilliyi olan şəxslərin sosial infrastrukturdan, nəqliyyat, informasiya və rabitədən istifadəsinə şərait yaradılmasını da əsas öhdəliklərdən biri kimi irəli sürür. Bu gün Azərbaycanda belə bir şəraitin yaradılması üçün hansı zəruri işlər görülür?
- Ümumiyyətlə, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bəyan olunmuşdur ki, ölkəmizdə aparılan siyasətin əsasında məhz insan amili dayanır. Bu həm də o deməkdir ki, ölkədə mövcud olan və yaradılan bütün yaşayış və xidmət infrastrukturu hər bir vətəndaşa, o cümlədən əlilliyi olan vətəndaşa xidmət etməlidir. Əminliklə deyə bilərəm ki, ölkəmizdə artıq bu işlər geniş vüsət almaqdadır.
Bu sahədə artıq hökumətin qətiyyətli mövqeyi vardır və əvvəllər yaradılmış infrastrukturun imkanlar daxilində əlilliyi olan şəxslərin istifadəsinə uyğunlaşdırılması ilə yanaşı, yeni istifadəyə verilən obyektlərdə bu məsələ nəzərə alınır və həllini tapır. Məsələn, 2012-ci ildə istifadəyə verilmiş Heydər Əliyev Mərkəzi, "ADA" Universiteti, 2013-ci ilin yanvar ayında fəaliyyətə başlamış "ASAN Xidmət" Mərkəzləri əlilliyi olan şəxslərin istifadəsi üçün tam uyğundur.
"ASAN xidmət" mərkəzlərində gözdən əlil vətəndaşların qəbul şöbəsinə və birbaşa xidmət sahəsinə gedə bilmələri üçün xüsusi işarələrlə təchiz olunmuş cığırlar, göstərilən xidmətlər barədə məlumat alınması üçün Brayl əlifbası ilə məlumat lövhələri və fövqəladə hallar üçün köçürülmə planları quraşdırılıb, sanitar qovşaqları əlillərin istifadəsi üçün uyğunlaşdırılıb. Bu mərkəzlər hərəkət imkanları məhdud vətəndaşlar üçün hətta əlil arabaları ilə də təchiz edilib.
- Səlim müəllim, Azərbaycanı BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyası üzrə öz öhdəliklərini uğurla yerinə yetirən bir ölkə kimi xarakterizə etmək olarmı?
- Burada Konvensiyanın ayrı-ayrı müddəaları üzrə qeyd edilənlər Azərbaycanın əlilliyi olan şəxslərlə bağlı siyasətini beynəlxalq standartlara uyğun qurmaq əzmində olduğunu göstərir. Bəli, Azərbaycan hökuməti Konvensiya ilə üzərinə götürdüyü öhdəliklərə sadiqliyini əməli fəaliyyəti ilə təsdiq edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışı zamanı söylədiyi "Biz bir amal ətrafında birləşmişik ki, ölkəmizi daha da inkişaf etdirək, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycanın gücü artsın, dünyadakı mövqeləri möhkəmlənsin, sosial məsələlər həll olunsun, iqtisadiyyat inkişaf etsin və biz müstəqil ölkə kimi əbədi yaşayaq" sözləri bütün ölkə vətəndaşları kimi, əlilliyi olan vətəndaşların da daim hərtərəfli qayğı ilə əhatə olunaraq layiqli həyat səviyyəsinə malik olmalarının təmin edilməsini bir vəzifə kimi müəyyən edir. Bu mühüm vəzifənin icrası, əlil vətəndaşlarımızın bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarının təmin olunması, eləcə də bu sahədə beynəlxalq standartların tətbiqi sahəsində səylərimizi daim artıracağıq.