Gənclərimizin Gürcüstan cəmiyyətinə inteqrasiyası-MÜSAHİBƏ

Leyla Məmmədova: “Yaxşılığa doğru gedir”

"Bir neçə il öncə demək olar ki, gənclərimizin böyük qismi Gürcüstanın  dövlət dilini o qədər də yaxşı bilmirdi"
Müstəqillik illərinə qədər əksər ölkələrdə olduğu kimi Gürcüstanda yaşayan azərbaycanlıların da təşkilatlanma prosesində müəyyən problemlər mövcud idi. Zaman-zaman bu problemin aradan qaldırılması istiqamətində Azərbaycan dövləti və onun müvafiq strukturları səviyyəsində cəhdlər göstərilsə də, nəticə heç də qaneedici olmurdu. Bütün bunlara baxmayaraq proses davam etdirilir, Gürcüstanda yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində addımlar atılırdı. Mərhələ-mərhələ həyata keçirilən bu proses artıq öz müsbət nəticəsini göstərməkdədir. Həyata keçirilən siyasət və atılmış düşünülmüş addımların nəticəsidir ki, hazırda Gürcüstanda soydaşlarımızın birləşdiyi onlarla təşkilat, assambleya,eləcə də bu və ya digər qurumlar fəaliyyət göstərir. Sevindrici hal ondan ibarətdir ki, bu kimi koordinasiya edilmiş qurumlar arasında ayrı-ayrı gənclər təşkilatları da var və həmin gənclər təşkilatları qonşu ölkədə yaşayan gənc soydaşlarımızın təşkilatlanması, onların üzləşdiyi bu və ya digər problemlərin həlli istiqamətində fəaliyyət göstərir. Bu gənclər təşkilatlarının zaman-zaman Azərbaycan dövlətinin dəstəyi ilə Gürcüstanda həyata keçirdiyi bu və ya digər layihələr gürcüstanlı azərbaycanlı gənclərin problemlərinin həllinə yardımçı olmur. Həmçinin həmin gənclər təşkilatları azərbaycanlı gənclərin Gürcüstan cəmiyyətinə inteqrasiyası, onların bu ölkənin ictimai-siyasi həyatında fəal rol oynamasında da müstəsna xidmətlər göstərir. Belə gənclər təşkilatlarından biri də Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqıdır.  Təsis edildiyi gündən fəaliyyətini Gürcüstandakı azərbaycanlı gənclərin təşkilatlanması, onların üzləşdiyi problemlərin həllinə yönəldən Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı cari ilin sonuna qədər də bir sıra layihələr həyata keçirməyi, tədbirlər təşkil etməyi qarşıya məqsəd qoyub. Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədova "OLAYLAR"-a verdiyi müsahibədə rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətləri, eləcə də yaxın vaxtlar üçün nəzərdə tutduğu tədbirlər barədə məlumat verib.
-Leyla xanım, Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı nə zamandan fəaliyyət göstərir və rəhbərlik etdiyiniz təşkilatın əsas fəaliyyət istiqamətləri hansılardır?
-Gürcüstanın Azerbaycanlı Gənclər İttifaqı 2010-cu il, may ayının 15-də təsis edilib. İttifaq bu ölkə tarixində ilk dəfə keçirilən Gürcüstanın Azərbaycanlı Gənclərinin I qurultayında çox saylı gənclərin rəyilə yaradılıb. Məlumat üçün qeyd edim ki, Gürcüstanın Azərbaycanlı Gənclərinin I qurultayın 300-ə qədər iştirakçısı var idi, Onlardan 160-ı ölkənin müxtəlif regionlarından gələn azərbaycanlı gənclər, 40-dan çoxu qeyri hökumət təşkilatlarının rəhbərləri, dövlət məmurları, millət vəkilləri və biznes strukturlarının nümayəndələri idi. Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı həmin vaxtdan qeydiyyata alınaraq fəaliyyətə başladı. Bizim təşkilatın əsas fəaliyyəti cəmiyyətimiz üçün aktiv, müasir, dərin düşüncəli gənclər yetişdirmək və gənclər arasında ali təhsilə maraq yaratmaq, onları keyfiyyətli təhsil almağa, öz millətinə qulluq etməyə yönəltməkdir. Ötən müddət ərzində Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı qeyd etdiyim istiqamətlərdə bir sıra addımlar atıb, tədbirlər həyata keçirib. Bundan sonrakı fəaliyyətimiz də qarşımıza qoyduğumuz məqsədlər istiqamətində davam edəcək

-Hazırda Gürcüstanda yaşayan azərbaycanlı gənclərin üzləşdikləri başlıca problemlər hansılardır və Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı həmin problemlərin həllinə hansı formada yardımçı ola bilir?
-Gürcüstanda yaşayan azərbaycanlı gənclərin üzləşdikləri başlıca problemləri: işsizlik və bundan meydana gələn maddi problemlərdir. Bütün bunlarla yanaşı təhsil almaq, dövlət dilini bilmək, informasiya kommunikasiya texnologiyalarına yiyələnmək kimi problemləri də bu sıraya aid etmək olar. Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı bu və ya digər problemləri həll etmək, eləcə də gələcəyə aktiv gənclər yetişdirmək məqsədiylə pulsuz kurslar təşkil edib. Belə ki, Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı olaraq 6-16 yaş arasında olan uşaq və gənclər üçün gürcü, ingilis dilləri və kompyüter biliklərinə yiyələnmək üçün "Bacarıqlı Əllər" dərnəyi yaratdıq. Həmin dərnəkdə 50-dən çox uşaq iєtirak edir. Eyni zamanda partnyor təşkilatlarla birlikdə "Qadının Səsi" adlı boyük layihə həyata keçirdik. Həmin layihə əsasında müəllimlərə və gənclərə 6 ay ərzində treyninqlər keçirildi. Layihə çərçivəsində hər həftə canlı yayımla tele-verilişlər təşkil olundu. Həmin proqramlarda bölgəmizdə sayılıb seçilən insanlar iştirak edərək tamaşaçıların mövzuya aid suallarını cavablandırdılar. Nəticə etibarilə 100 mindən artıq insan bu layihədən bəhrələndi.
-Gürcüstanda yaşayan azərbaycanlı gənclərin gürcü cəmiyyətinə inteqrasiyası hansı səviyyədədir? Gənclərimizin Gürcüstan cəmiyyətinə inteqrasiyasını qaneedici saymaq olarmı?

-Mübaliğəsiz olaraq deyə bilərəm ki, gənclərimizin Gürcüstan cəmiyyətinə inteqrasiyası gün-gündən yaxşılığa doğru inkişaf edir. Hesab edirəm ki, bu proses qaneedici sayıla bilər. Çünki, bundan bir neçə il öncə demək olar ki, gənclərimizin böyük qismi Gürcüstanın  dövlət dilini o qədər də yaxşı bilmirdi. Eyni zamanda gənclərimiz gürcü dilini öyrənməyə maraq da göstərmirdilər. Vəziyyət o zaman tamamilə dəyişdi ki, qeyri hökumət təşkilatları tərəfindən gürcü dilini öyrətmək məqsədilə gənclər üçün pulsuz kurslar təşkil olundu. Gürcüstanda bu sahədə ən böyük layihə Diasporla İş ьzrə Dövlət Komitəsinin maliyyə dəstəyilə Marneuli rayonunda həyata keçirildi. Belə ki, bu rayonda yerləşən Azərbaycanlıların Mədəniyyət Mərkəzi tərəfindən 85 Azərbaycan dilli məktəblərdə 4 il ərzində gürcü dili kursları həyata keçirildi. Gürcü dili kurslarında oxuyan şagirdlər bu dili yüksək səviyyədə mənimsədikləri üçün  Gürcüstanın ali məktəblərinə uğurla daxil ola bildilər. Bu çox müsbət hadisə sayıla bilər. Çünki, bundan öncə gənclərimiz ali təhsil almaq üçün başqa ölkələrə, Ukrayna, Rusiya, Azərbaycan və s. getməyə üstünlük verirdilər. Təbii ki, həmin ölkələrdən geri dönənlər də nadir hallarda olurdu. Hətta geri dönsələr də dövlət dilini bilməyən mütəxəssislərə iş yox idi.
-Sizcə xarici ölkələrdə yaşayan və ya təhsil alan azərbaycanlı gənclər həmin ölkələrdə Azərbaycanı layiqincə təmsil edə və üzləşdiklərimiz problemləri yaşadıqları ölkələrin cəmiyyətinə çatdıra bilirlərmi?
-Mən tək Gürcüstandan deyil, eləcə də bütün dünyada olan azərbaycanlı gənclərin qeyd edilən istiqamətlərdəki fəaliyyətini müsbət qiymətləndirərdim. Hesab edirəm ki, bu gün hansı ölkədə yaşaması və təhsil almasından  asılı olmayaraq hər bir Azərbaycan gənci həmin ölkədə dövlətimizi layiqincə təmsil edir, Azərbaycanın üzləşdikləri problemləri dünya ictimaiyyətinə çatdırmaq üçün əlindən gələni əsirgəmir. Başqa cür də ola bilməz. Çünki bu gün Azərbaycan dövləti gənclərimiz üçün hər bir şərait yaradıb. İstər ölkə daxilində, istərsə də Azərbaycandan kənarda təhsil alan gənclərimiz dövlət qayğısı ilə əhatələnib. Onlar hər zaman dövlətin diqqət və qayğısındadır. Bizim də üzərimizə düşən yeganə vəzifə bu etimadı doğrultmaq, yaşadığımız ölkədə Azərbaycanəı layiqincə təmsil etməkdir. Bir məqamı da qeyd edim ki, bu gün xarici ölkələrdəki gənclərimiz diaspora fəaliyyətində də aktivlik nümayiş etdirir, bu prosesə öz töhfələrini verirlər. 2012-ci ilin mart ayında Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclərinin təsis qurultayında dünyanın müxtəlif ölkələrindən çıxış edən gənclərin məruzələrindən bəyan oldu ki, gənclərimizin müasir Azərbaycanın müsbət imicini yaradıb təbliğ etməkdə nə qədər böyük əməyi var. Məhz bunun nəticəsidir ki, Azərbaycan diasporu getdikcə daha aktiv fəaliyyət göstərir, Azərbaycanla bağlı ayrı-ayrı ölkələrdə müxtəlif tədbirlər reallaşdırır. Son illər ərzində Azərbaycan diaspor təşkilatlarının gördüyü işlər bunun əyani sübutudur.
-Azərbaycanın müvafiq dövlət qurumları, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığınız hansı səviyyədədir?

-İttifaq olaraq müvafiq təşkilatlarla, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsi ilə çox sıx şəkildə işləyirik. Ulu öndərimiz Heydər Əliyevin uzaqgörənliyi, onun həqiqətən böyük siyasətçi olduğunun göstəricisindən biri elə odur ki, dünyaya səpələnmiş xalqımızı birləşdirən struktur yaratdı və hamımızı azərbaycançılıq ideyası ətrafında birləşdirdi. Bir müddət əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 10 ili tamam oldu. Bu illərdə Komitənin gördüyü işlər göz qabağındadır. Fürsətdən istifadə edərək Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və digər əməkdaşlarını 10 illik fəaliyyəti münasibətilə təbrik edirəm.
Rəhbərlik etdiyiniz təşkilatın yaxın vaxtlar üçün qarşıya qoyduğu məqsədlər, reallaşdırmağı nəzərdə tutduğu layihələr hansılardır?

-Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı gənclərimizi gürcü cəmiyyətinə tanıtmaq üçün "Gənc Yazarlar" dərnəyi yaradıb. Məlumat üçün qeyd edim ki, dərnəkdə həm yaşlı, həm də gənc yazarlarımız təmsil olunur. Digər planlarımız da var. Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı olaraq bu kimi tədbirləri davamlı olaraq həyata keçirəcəyik və gələcəkdə dərnəkdə iştirak edən gənc yazarlarımızın yazılarından ibarət almanax nəşr etdirməyi planlaşdırırıq. Həmçinin ən böyük layihələrimizdən biri də, erkən nigahlar, eləcə də ailədaxili zorakılıqların nəticəsində psixi zorakılığa məruz qalmış gənclərimizlə bağlıdır. Təşkilat olaraq həmin gənclər üçün psixoloji mərkəz yaratmağı nəzərdə tutmuşuq.
Süleyman İsmayılbəyli.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31