“Bizə qarşı bir qısqanclıq var” - MÜSAHİBƏ

Çingiz Dəmiroğlu: “Rusiyanın vasitəsilə kiminsə Azərbaycanda hakimiyyətə gəlməsinin qarşısını şəxsən mən alacam və bu cür oyunlara imkan verməyəcəm”

Azərbaycanın ən uzunömürlü müxalifət qurumlarından hesab edilən ATA blokunun son vaxtlar fəaliyyəti bir o qədər də gözə dəymir. 2013-cü ilin prezident seçkilərindən sonra passiv fəaliyyətə keçən ATA blokundakı mövcud vəziyyət, qurumun fəaliyyətsizliyinin səbəbi ilə bağlı adı çəkilən qurumun sədri Çingiz Dəmiroğlu ilə söhbətləşdik. Çingiz Dəmiroğlu "OLAYLAR"-a verdiyi müsahibədə rəhbərlik etdiyi Tərəqqi Partiyasının bu il ölkədə keçiriləcək bələdiyyə seçkilərində iştirak edib-etməyəcəyi məsələsinə də toxunub.

-Çingiz bəy, Tərəqqi Partiyası, eləcə də ATA bloku olaraq bu ilin sonunda ölkədə keçiriləcək bələdiyyə seçkilərində iştirak etməyi düşünürsünüzmü?

-Açığını deyin ki, hələlik bununla bağlı ATA blokunda hər hansı bir müzakirə getməyib. Çünki birinci növbədə blokun üzvü olan hər bir partiya öz daxilində məsləhətləşmə aparmalıdır. Bundan sonra biz bir araya gəlib seçkilərlə bağlı hansısa qərar qəbul edə bilərik. Yəqin ki, bu məsələ bir xeyli müddət sonra həllini tapar. Onu da qeyd edim ki, bələdiyyə seçkilərinə xüsusi bir hazırlığa ehtiyacı yoxdur. Çünki hər bir partiyanın özünün yerlərdə nümayəndələri var və onlar da seçkiyə hazırlaşırlar. Müəyyən edirlər ki, yerlərdə hansı funksionerin nüfuzu, şansı var. Digər tərəfdən əhali arasında seçkilərə bir növ allergiya var və insanlar seçkiyə o qədər də maraq göstərmirlər.

-ATA bloku olaraq hazırda mövcud siyasi durum, xüsusilə müxalifət daxilindəki vəziyyəti necə dəyərləndirirsiniz?

-Cəmiyyətə də məlumdur ki, biz müttəfiqlik münasibətinə sadiq qalaraq həm 2008, həm də 2013-cü il seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləmişik. Özü də həmin dəstək əvəzsiz, bazarlıqsız, heç bir mənfəət unmadan olub. Mövqeyimiz bundan ibarət olub ki, mövcud vəziyyətdə İlham Əliyevin namizədliyini dəstəkləsək daha yaxşıdır. Ancaq nə Tərəqqi Partiyası, nə onun kifayət qədər tanınmış sədrindən, nə də ATA blokundan səmərəli istifadə edilmir. Eyni zamanda ölkədə gedən proseslər barədə də bizimlə hansısa məsləhətləşmə aparılmır, mövqeyimiz öyrənilmir. Bizim kimi uzunömürlü, 11 ildir heç bir parçalanmaya məruz qalmadan fəaliyyət göstərən bloka qarşı bir laqeydlik var. Bizim potensialımızdan qəti şəkildə istifadə edilmir. Sanki bizə qarşı bir qısqanclıq var. Halbuki bizim potensialımızdan istifadə etmək dövlətimiz və millətimiz  üçün xeyirli ola bilər. Dövlətə qarşı yönələn bütün təhdidlər, təxribatlara tək iqtidar nümayəndələri cavab verə bilməz. Eyni zamanda sadə insanlar, siyasilər də hər hansı bir məsələyə münasibət bildirməlidirlər ki, bu mövqe həm hakimiyyətin, həm də cəmiyyətin mövqeyi olaraq qəbul edilsin. Hələ bir xeyli müddət əvvəl Vladimir Jirinovski Azərbaycan xalqını təhqir etmişdi. Çünki onun 7 milyon qoyunu var. Həmin vaxt Çingiz Dəmiroğlundan başqa ona cavab verən olmadı. Bildirdim ki, Jirinovski siyasi cəhətdən kordur. Onun xəbəri yoxdur ki, ən dövlətli və zəngin adam Boris Yeltsindir. Çünki onun 100 milyon donuzu var. Yəni mənim heç kimdən, heç nədən çəkinəcəyi yerim yoxdur. Bütün dünyanın güclərinə qarşı getməyə gücüm var. Özü də mənim itirməyə heç nəyim yoxdur. Ancaq təəssüflər olsun ki, bizdən istifadə edilmir. Ancaq bütün halda kənardan baxıb arzulayırıq ki, yaxşı işləri daha çox olsun. Çünki biz də seçkilərdə hazırkı iqtidarı dəstəkləmişik və yaxşı işləri görəndə biz də sevinirik. Müxalifət düşərgəsini başa düşmək olar ki, bizdən inciyiblər. Onlar irad tuturlar ki, Tərəqqi Partiyası və ATA bloku müxalifətdə olduğu halda nə üçün prezident seçkilərində iqtidarın nümayəndəsini dəstəkləyir.

-Bu arada Rusiya təhlükəsi ilə bağlı müxtəlif fikirlər səslənir. Sizcə, Rusiya Ukraynadan sonra Cənubi Qafqaz regionu, eləcə də Azərbaycana qarşı müdaxilə edə bilərmi?

-Əslində bütün bu oyunların başında dayanan Abbas Abbasovdur. "Milyaderlər İttifaqı"nın tərkibində olan insanların heç biri Azərbaycana gələsi deyil. Ortada qalan yalnız bu oyunbazdır. Həm "Milyaderlər İttifaqı" ideyasını irəli sürən, həm də Azərbaycana təzyiq etmək təklifini irəli sürən Abbas Abbasovdur. Eyni zamanda onu Azərbaycanda himayə edən Rusiyapərəst qüvvələr var. Ancaq dəfələrlə bildirmişəm ki, Rusiyanın vasitəsilə kiminsə Azərbaycanda hakimiyyətə gəlməsinin qarşısını şəxsən mən alacam və bu cür oyunlara imkan verməyəcəm. Həmin adamı güllələyərəm, ancaq Rusiyanın əli ilə hakimiyyətə gəlməsinə mane olaram. Mənim heç nədən çəkinən yerim yoxdur. Çünki biz müstəqillik uğrunda mübarizə aparmamışıq ki, bu gün hansısa oyunbazlar öz maraqları naminə Azərbaycanın müstəqilliyini təhlükə altında qoysunlar, bizi yenidən Rusiyanın əsarəti altına salsınlar.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31