“Radikal müxalifət YAP-a məğlub olmaqdan yorulmaq bilmir” - MÜSAHİBƏ
Niyaməddin Orduxanlı: “Son prezident seçkilərində bir daha gördük ki, nə ucadan danışan Əli Kərimli, nə də 20 ildir “biz gəlirik “ deyən İsa Qəmbərin İlham Əliyevə rəqib olmağa cürət etmədi”
2 Aprel 2014 15:38 Müsahibə"İsa Qəmbər ancaq İlham Əliyevin müxbiri ilə rəqib olmağa cəsarət edir"
Türkiyədə keçirilən son bələdiyyə seçkiləri bir daha onu sübut etdi ki, bu ölkənin bütün siyasi dairələri yerli idarəetmə orqanlarına keçirilən seçkilərdə aktiv mübarizə aparır və həmin qurumda təmsil olunmağa çalışır. Türkiyədən fərqli olaraq isə Azərbaycanda əksər siyasi partiyalar bələdiyyə seçkilərinə ciddi yanaşmırlar. Bəs görəsən bunun başlıca səbəbi nədir? Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı "OLAYLAR"-a verdiyi müsahibədə Azərbaycanda müxalifət partiyalarının bələdiyyə seçkilərinə maraq göstərməməsinin səbəblərindən danışıb. Niyaməddin Orduxanlı hazırda müxalifət düşərgəsində mövcud olan vəziyyətə də toxunub.
Bu siyasi qüvvələr seçkilərə bir layihə kimi baxırlar
-Niyaməddin bəy, Türkiyədən fərqli olaraq Azərbaycanda müxalifətin bir çoxunun bələdiyyə seçkilərinə ciddi maraq göstərməməsi nə ilə bağlıdır?
-Cari ilin sonunda Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə radikal müxalifətin marağı yoxdur. Ancaq parlamentdə təmsil olunan konstruktiv müxalifət bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası hazırda bütün imkanlarını bu istiqamətə səfərbər edib. Maksimum dərəcədə çalışacağıq ki, daha çox dairədə öz namizədimizlə seçkidə iştirak edək. Bizim partiyada xeyli sayda insan var ki, bələdiyyə seçilməyə layıqdir və seçiləcək də. Nəzərinizə çatdırıram ki, hazırda mən BAXCP sədrinin ictimai-siyasi məsələlər üzrə müavini olmaqla yanaşı 30 minə yaxın sakini olan Abşeron rayonun Mehdaibad bələdiyyəsində "Hüquq komissiyasının" sədriyəm. Bundan əvvəlki 5 illikdə bələdiyyə sədrinin müavini idim. 1999-cu ildə, 21 yaşında Azərbaycanın ən gənc bələdiyyəsi seçilmişdim. İndiyə qədər 3 dəfə bu qəsəbədən bələdiyyəyə seçilmişəm. 15 ilə yaxındır ki, bələdiyyə üzvü kimi fəaliyyət göstərirəm. Ola bilsin ki, dördüncü dəfə də namizədliyimi verdim. Radikal müxalifət nümayəndələri arasında bir nəfər göstərin ki, son bələdiyyə seçkilərində namizəd olub və qalib gəlib? Əli Kərimlinin və ya İsa Qəmbərin hansı müavini öz yaşadığı qəsəbənin bələdiyyəsinə seçilə bilib? Məncə bunlar yaxşı bilir ki, bələdiyyə üzvü seçilmək imkanları yoxdur. Özlərinə inamları olsa idi, ən azından indiyə kimi bir dəfə bələdiyyəyə namizəd olar və seçilərdilər. Türkiyədə əsasən böyük siyasətlə məşğul olan siyasətçilərin əksəriyyəti öz yaşadığı dairədən bələdiyyəyə seçilənlərdir. Türkiyənin indiki baş naziri Rəcəb Tayyib Ərdoğan da ilk dəfə bələdiyyə başqanı olub. Odur ki, radikal müxalifət bələdiyyəyə qatılmaqdan ehtiyat edir və daha çox məğlub olacaqlarından qorxurlar. Bu baxımdan da seçkiyə qatılmaq istəmirlər. Son bələdiyyə seçkilərində -2009-cu ildə BAXCP Azərbaycan üzrə uçuncü yeri tutmuşdu. Bu dəfə çalışacağıq ki, maksimum dərəcədə ikinci yerə çixa bilək. Təbii ki, birinci yeri Yeni Azərbaycan Partiyası tutacaq.
-Hazırda radikal müxalifət düşərgəsində mövcud olan passivliyin başlıca səbəbi nədir?
-Radikal müxalifətin passivliyinin əsas səbəbi bir-birinə qarşı inamsızlığıdır. Son 20 ildə keçirilən bütün seçkilərdə YAP qalib gəlib. Radikal müxalifət YAP-a məğlub olmaqdan yorulmaq bilmir. Və yenə də öz siyasətində dəyişiklik etmir. Artıq bu siyasi qüvvələr seçkilərə bir layihə kimi baxırlar. Son prezident seçkilərində bir daha gördük ki, nə ucadan danışan Əli Kərimli, nə də 20 ildir "biz gəlirik " deyən Müsavat başqanı İsa Qəmbərin İlham Əliyevə rəqib olmağa cürəti çatmadı. İsa Qəmbər ancaq İlham Əliyevin müxbiri ilə rəqib olmağa cəsarət edir. Bu acı bir həqiqətdir. Özləri də yaxşı bilir ki, mən düz danışıram. Cəsarətləri olsaydı, 75 yaşlı, siyasətdən başı çıxmayan Rüstəm İbrahimbəyovu deyil, yaxud Heydər və İlham Əliyev haqqında bütün günü kitablar yazan və hakimiyyət tərəfindən qovulan Cəmil Həsənlinin arxasında gizlənməzdilər. Prezident seçkiləri bitən kimi "Milli Şura"da parça-parça oldu. Hamı bilir ki, bu qurum Əli Kərimlinin oyuncağına çevrilib. İsa Qəmbər və onun adamları istefa verməklə Əli Kərimlini gülməli vəziyyətdə qoydular. Yalnız 2015-ci ilin parlament seçkilərində radikal müxalifət "aktiv" fəaliyyətə keçəcək. Həmin seçkidə də bu adamlar yenə də bir-biriləri ilə amanasız mübarizə aparacaqlar...
İsa Qəmbər Arif Hacılıya verdiyi vədi yerinə yetirməlidir
-Müsavat Partiyasının qurultay keçirə bilməməsinin əsl səbəbi sizcə partiyanı idarə edə biləcək bir başqanın hələ də tapılmaması deyilmi. Yəni, Müsavatda İsa Qəmbəri əvəz edəcək birinin olmaması qurultay vaxtının uzanmasına gətirib çıxarmırmı?
-Qətiyyən elə deyil. Uzun müddətdir ki, Arif Hacılı Müsavat başqanı olmağa hazırlaşır. Son 10 ildə Müsavat daxili çəkişmələrdə məğlub olub. Partiyadan istefa verib gedənlər belə etiraf edib ki, bu mübarizədə Arif Hacılıya məğlub olublar. Müsavatda rəsmi 2-ci yeri tutan Sülhəddin bəy belə Arif Hacıliya görə partiyadan uzalqaşdığını deyib. Siyasətlə məşğul olan adamların böyük əksəriyyəti bilir ki, Arif Hacılı nəyin bahasına olur olsun Müsavat başqanı olacaq. Mənə elə gəlir ki, hətta İsa Qəmbərlə Arıf Hacılı arasında başqanlıqla bağlı razılaşma var. İndi İsa Qəmbər Arif Hacılıya verdiyi vədi yerinə yetirməlidir. Bir neçə aya qurultaylarını keçirəcəklər və İsa Qəmbər başqanlıqdan gedəcək. Əgər o başqanlıqda qalsa, Müsavat parçalanacaq və Arıf Hacılı öz partiyasını yaradacaq. İsa Qəmbər könüllü deyil, məcburiyyət qarşsında bu addımı atmalıdır.
Əli Kərimlidən milli maraqları qoruyan çıxar?
-Bu arada bəzi partiyalar Rusiya təhlükəsinə qarşı iqtidar və müxalifətin həmrəy mövqe nümayiş etdirməsini təklif edir. Sizcə ölkədəki bütün siyasi qüvvələr ümummilli məsələlərdə xalq və dövlətlə bir yerdə olarmı?
-Bəzi partiyalar deyəndə ki, konret danışmaq lazımdır. Bu təklifi radikal müxalifət nümayəndələri irəli sürüblər. Ataların yaxşı bir misalı var. Yalançının yaddaşı olmur. Bu siyasi qüvvələr nə tez yadlarından çıxartdı ki, 4-5 ay bundan qabaq elə hamısı Rusiyanın adamı olan və hal-hazırda da məhz Rusiyada yaşayan Rüstəm İbrahimbəyovla mövcud hakmiyyəti devirib hakmiyyətə gəlmək istəyirdilər. Bütün günü sosial təbliğat aparmirdılar ki, Putin İlham Əliyev hakmiyyətini devirmək istəyir? Elə həmin Putindir də. Nə dəyişib ki? Şəxsən mən inanmıram ki, radikal müxalifət Azərbaycanın milli maraqlarında belə hakmiyyətlə əməkdaşlıq etsin. Yəqin qarşıdan 2015-ci il parlament seçkilərinin gəldiyini görürlər. Ona görə də özlərini "ürəyi yanan" göstərmək istəyirlər. Əli Kərimlidən milli maraqları qoruyan çıxar? Həmin Əli Kərimli Avropa Komissiyasında çıxış edib deyirdi ki, İlham Əliyev hakimiyyətdə qalsa, Qarabağda müharibə edə bilər. Qafqazda sülhün təminatı milli demokratik qüvvələrin hakmiyyətə gəlməsindədir. Yəni Əli Kərimli Avropaya və Qərbə mesaj verirdi ki, məni hakmiyyətə gətirin, gəlim Qarabağı rəsmən Ermənistana verim.
Süleyman