“Azərbaycan dövlətinə, xalqına qarşı müxalif olmaq düşmənçilik mövqeyidir” - MÜSAHİBƏ

Ramin Məmmədov: “Bəzi gənclərimiz müəyyən vədlər, sözlərə aldanaraq həmin siyasi dairələrin alətinə çevrilməkdədirlər“”

Bu ilin sonunda ölkədə keçiriləcək bələdiyyə seçkilərində gənclər də öz potensialını ortaya qoyaraq yerli idarəetmə orqanları uğrunda mübarizəyə qoşulcaqlar. Ölkədə ən güclü siyasi gücə malik olan Yeni Azərbaycan Partiyası Gənclər Birliyi də bələdiyyə seçkilərində aktiv iştirak etməyi qarşıya məqsəd qoyub. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov "OLAYLAR"-a verdiyi müsahibədə təmsil etdiyi qurumun bələdiyyə seçkilərinə hazırlığı, bu istiqamətdə yaxın vaxtlar üçün atılacaq addımlar, eləcə də YAP Gənclər Birliyinin beynəlxalq əməkdaşlıq istiqamətində gördüyü işlərdən danışıb.

-Ramin müəllim, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində hansı addımlar atılır? Ümumiyyətlə, hakim partiyanın Gənclər Birliyinin beynəlxalq əlaqələri hansı səviyyədədir?

-Yeni Azərbaycan Partiyasının gəncləri Azərbaycan Respublikasında ən fəal və kifayət qədər böyük saya məxsusdur. YAP Gənclər Birliyi son illər ərzində istər siyasi platformalar və tədbirlərdə, istərsə də gənclərimizin sosial aktivliyinin artırılması, müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində görülən işlər nöqteyi nəzərdən öndə gedən gənclər təşkilatlarından biridir. Bu günkü Azərbaycan dövlətinin qurulmasında, Azərbaycan Respublikasının inkişafında böyük rol alan YAP gəncləri kimi fəxrlə deyə bilərik ki, hakim partiyanın Gənclər Birliyinin üzvləri son 20 ildən artıq bir dövrdə ölkənin bütün siyasi, sosial, iqtisadi proseslərində aktiv iştirak ediblər. Beynəlxalq əlaqələrin inkişafına gəldikdə isə deyə bilərəm ki, hakim partiyanın özünün kifayət qədər geniş beynəlxalq əlaqələr coğrafiyası mövcuddur. Həmin coğrafiyadan, Azərbaycan Respublikasının ümumi strategiyası, eləcə də partiyamızın sədri, cənab İlham Əliyevin gənclər, partiya üzvləri qarşısında qoyduğu məsələlərdən irəli gələrək Gənclər Birliyinin beynəlxalq əlaqələrini iki prizmadan inkişaf etdirməyə çalışırıq. Bunlardan birincisi, YAP Gənclər Birliyinin beynəlxalq təşkilatlarla birbaşa ünsiyyətinin, əlaqələrinin qurulması, bəzi təşkilatlarda üzvlük məsələsinin həllinə nail olmaq, ikincisi isə, müxtəlif ölkələrdə fəaliyyət göstərən siyasi və qeyri-siyasi gənclər təşkilatları ilə sıx əlaqələr yaratmaqdan ibarətdir. Məlum olduğu kimi, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransında Yeni Azətbaycan Partiyasının aktivliyi göz önündədir. Sözün həqiqi mənasında bir neçə il ərzində biz həmin təşkilatda böyük fəaliyyət ortaya qoymuşuq. Fevral ayının 20-də Malayziyanın Kuala-Lumpur şəhərində təşkilatın Gənclər Birliyinin növbəti toplantısı keçirildi və iclasın qərarına uyğun olaraq YAP Gənclər Birliyinin nümayəndəsi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Birliyinin birinci vitse-prezidenti seçildi. Bu həm Azərbaycana, həm də partiyamıza verilən ən böyük qiymətdir. Bundan başqa bir müddət əvvəl Macarıstanın paytaxtı Budapeştdə Avropa Xalqları Partiyasının Gənclər Birliyinin şura iclası keçirildi. İclas çərçivəsində Azərbaycanda aparılan gənclər siyasəti ilə bağlı geniş məlumat verdim. Bizim əsas məqsədlərimizdən biri bu il ərzində həmin təşkilatda YAP Gənclər Birliyinin üzvlük məsələsinin təmin olunmasıdır. Bu misalları gətirməkdə məqsədim ondan ibarətdir ki, həm Asiya, həm də Avropa regionunda fəaliyyət göstərən nəhəng gənclər təşkilatları ilə YAP Gənclər Birliyinin əlaqələri kifayət qədər genişdir.  Bundan başqa biz həmin təşkilatların rəhbər vəzifələrində də təmsil olunuruq. Bu bizim üçün böyük bir uğurdur. Digər istiqamətimiz isə müxtəlif ölkələrdə fəaliyyət göstərən gənclər təşkilatları ilə birbaşa əlaqələr, ikitərəfli münasibətləri inkişaf etdirməkdir. Son illər ərzində  Azərbaycanın paytaxtı, eləcə də digər bölgələrə müxtəlif ölkələrdən olan gənclər təşkilatlarının nümayəndələri səfər ediblər. Həmin səfərlər çərçivəsində ölkəmizdə olan xarici dövlətlərin  gəncləri sadəcə Bakı şəhərində deyil, ümumilikdə regionlarda aparılan işlər, müxtəlif layihələrin icrası və digər məqamlarla yaxından tanış olublar. Son illər ərzində Qazaxıstan, Rumıniya, Rusiya, Belarus, Macarıstan, Çin, Cənubi Koreya, İsrail kimi dövlətlərin gəncləri Azərbaycana səfər ediblər. Həmin səfərlər fonunda artıq onu görməkdəyik ki, beynəlxalq  təşkilatlarla münasibətlərimiz fərqli bir səviyyəyə qalxıb. Yaxın günlərdə Yunanıstandan böyük bir gənclər qrupunun Azərbaycana səfəri gözlənilir. Səfər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəvəti ilə baş tutacaq. Yunanıstanın hakim partiyasının Gənclər Biliyinin böyük bir qrupdan ibarət nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində iki ölkənin gəncləri arasında siyasi platformada əlaqələrin genişlənməsi, eləcə də biznes strukturları ilə görüşlərin keçirilərək iki ölkə gənclərinin müştərək biznes layihələrinin nail olunmasına çalışacağıq. Ümumiyyətlə, məqsədimiz Azərbaycanda gedən proseslərin Yunanıstan gəncləri vasitəsilə bu ölkənin ictimaiyyətinə çatdırılmasıdır. Ondan sonra isə Filippin dövlətinin hakim partiyasının Gənclər Birliyinin nümayəndə heyətinin Azərbaycana səfəri nəzərdə tutulur. Onu da qeyd edim ki, həmin Gənclər Birliyinin üzvlərindən artıq bir qrupu Filippin parlamentində təmsil olunur ki, bu səfər də iki ölkə arasında parlamentlərarası münasibətlərə öz müsbət təsirini göstərəcək. Eyni zamanda bu səfər müştərək layihələrin həyata keçirilməsi istiqamətində ciddi addımlara yol açacaq.

-Bəs qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq hansı səviyyədə gedir?

-Yeni Azərbaycan Partiyası Gənclər Birliyi bütün proseslərdə aktiv olduğu kimi bələdiyyə seçkilərində də fəal olacaq. Beynəlxalq əlaqələr prizmasında bir neçə ölkənin yerli bələdiyyə orqanlarında təmsil olunan gənc siyasətçilər, idarəetmə mütəxəssislərinin Azərbaycana səfərini planlaşdırırıq. Eyni zamanda bələdiyyələrə namizədliyini irəli sürməyi düşünən gənclərimizin həmin ölkələrə səfərini nəzərdə tuturuq. Bu da gənclərimizin təcrübə qazanması, o təcrübənin Azərbaycanda tətbiq olunmasına öz müsbət təsirini göstərəcək.

-Partiya rəhbərliyi tərəfindən gənclərə göstərilən bu cür diqqət və qayğının nəticəsi olaraq gənclər özlərini doğrulda bilirmi?

-Yeni Azərbaycan Partiyasının rəhbərliyi, cənab prezident tərəfindən gənclərə göstərilən etimad, eyni zamanda partiyanın icra katibliyi tərəfindən gənclərə yaradılan şəraiti göz önünə alsaq deyə bilərik ki, YAP Gənclər Birliyi daha aktiv və səmərəli fəaliyyətin ortaya qoyulmasına nail olmalıdır. Göstərilən qayğı, yaradılan şəraiti bizlərə verilən bir avans kimi qəbul etmişik. İstər yay və ya qış məktəblərinin təşkili, istər müxtəlif layihələrin həyata keçirilməsi zamanı bizə verilən dəstək, istərsə də xarici ölkələrə səfərlər və həmin ölkələrin gənclərinin Azərbaycana səfərlərinin təşkil olunmasına verilən dəstəyi bu sıraya şamil etmək olar. Bir sözlə Yeni Azərbaycan Partiyasının gənclərinə bütün istiqamətlərdə "yaşıl işıq" yandırılıb. Yeni Azərbaycan Partiyasının gəncləri istər paytaxt, istərsə də regionlarda müxtəlif layihələrin həyata keçirilməsinə tam dəstək almaqdadır. Düzdür, hakim partiyanın gəncləri də sözün əsl mənasında bu mənəvi borcun geri qaytarılması istiqamətində ciddi addımlar atmaqdadır. Ancaq gənc olaraq onu deyə bilərəm ki, gənclik hər zaman dinamika, təşəbbüs deməkdir. Ümid edirəm ki, növbəti illərdə bizim gənclər daha təşəbbüskar olacaq.  Bizə göstərilən bu qayğının ikiqat, üç mislini qaytarmalıyıq ki, növbəti nəsillərə də həmin qayğıdan bir pay düşsün.

-Bəzən ölkə daxilində olan gənclər müəyyən dairələrin siyasi alətinə, alver predmetinə çevrilirlər. Həmin gənclərə sözünüz nə olardı?

-Siyasi müxtəliflik cəmiyyətin tərkib hissəsidir. Hər hansı bir gənc özünə siyasi bir ideologiya seçə və siyasi partiyaya qoşula bilər. Bu onun haqqıdır. Digər tərəfdən Azərbaycan hökumətinə müxalif olmaq normaldır və bu siyasi mübarizənin tərkib hissəsidir. Onlar hansısa bir siyasi partiyanın üzvü olaraq Yeni Azərbaycan Partiyasının siyasətinə, hökumətin atdığı hansısa addıma qarşı müxalif ola bilərlər, ancaq Azərbaycan dövlətinə, xalqına qarşı müxalif olmaq düşmənçilik mövqeyidir. Həmin gənclərlə beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlərdə, diskussiyalarda onlara dövlətimizə, xalqımıza qarşı müxalif olmağı deyil, normal, konstruktiv müxalifət kimi fəaliyyət göstərməyi tövsiyyə edirik. Təbii ki, bəzi gənclərimiz müəyyən vədlər, sözlərə aldanaraq həmin siyasi dairələrin alətinə çevrilməkdədirlər. Bundan çox təssüf edirik. Ancaq sevindirici hal ondan ibarətdir ki, belə gənclərin sayı çox azdır. Normal, konstruktiv siyasətlə məşğul olan gənclərimizin sayı kifayət qədərdir. Biz hakim partiya olaraq dəfələrlə istənilən siyasi qruplarla dialoqa hazır olduğumuzu açıq bəyan etmişik. Bu təbii ki, gənclərə də şamil olunur. Maraqlı fakt ondan ibarətdir ki, son vaxtlar həmin aldanmış, siyasi vədlərə inanan gənclərin sayı getdikcə azalmaqdadır. Müəyyən radikal qruplar qalıb ki, onlara da cəmiyyətin inanmadığı, etimad göstərmədiyi 2013-cü ilin prezident seçkilərində öz təsdiqini tapdı. Bu bir daha göstərdi ki, Azərbaycanda cəmiyyət, gənclik kifayət qədər sağlamdır, onlar ağılla, müdrikliklə düzgün seçim etmək iqtidarındadırlar. İnanıram ki, Azərbaycan dövlətçiliyinin qorunub möhkəmləndirilməsi istiqamətində gənclərimiz hər zaman düzgün yol seçəcəklər.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31