“Bizə elə gəlir ki, yalnız nurçular elmin, təhsilin, mədəniyyətin üzərində öz təriqətlərini inkişaf etdirirlər” - MÜSAHİBƏ
13 Mart 2014 14:51 MüsahibəAzərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun "OLAYLAR"-a müsahibəsi
-Sərdar bəy, Azərbaycan Demokrat Partiyasının da daxil olduğu "Qarabağ" bloku partiyaların bələdiyyə seçkilərində birgə iştirakı ilə bağlı təşəbbüslə çıxış etmişdi. Həmin təşəbbüsün mahiyyəti nədən ibarətdir?
-Biz istəyirdik ki, bələdiyyə seçkiləri ərəfəsində qanunvericiliyin təkmilləşdirilməsinə çalışaq. və bunun üçün də alternativ qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim edək. Məlumdur ki, Azərbaycanda bələdiyyələrlə bağlı qanun Avropanın bələdiyyələr haqqında Xartiyasının tələblərinə cavab vermir. Bələdiyyələr haqqında qanunu məhz həmin Xartiyanın tələblərinə uyğunlaşdırmaq üçün qanunvericiliyə əlavə və dəyişikliklər üzərində işləyirik. Hazırda komissiya yaradılıb və həmin komissiya sözügedən istiqamətdə iş aparır. Yəqin ki, gələn həftə ilkin variant müzakirə olunaraq cəmiyyətə təqdim ediləcək.
-Bəs digər partiyaların buna reaksiyası necədir?
-Biz belə bir qərar qəbul etmişdik ki, qanun layihəsini digər partiyalarla birlikdə hazırlayaq. Ümumiyyətlə, belə fikirləşmişdik ki, müxalifət düşərgəsində ayrı-ayrı partiyaların demokratiyaya xidmət edən hansısa təkliflər verməsi, qanun hazırlaması düzgün deyil. Əgər hansısa bir partiya demokratiyaya xidmət edən təkliflər verirsə bütün partiyalar bunu dəstəkləməlidir. Ancaq Azərbaycanda belə bir psixologiya formalaşıb ki, müəllifi mən olmayan istənilən təklif pisdir. Müəllifi özüm olan istənilən bir şey isə xeyirlidir. Bu prinsiplə irəli getmək mümkün deyil. Biz belə bir təklif irəli sürəndə partiyalar bundan imtina etdilər. Ona görə biz də yalnız "Qarabağ" bloku çərçivəsində bu məsələni həll etməyi qarşımıza məqsəd qoyduq.
-Son günlər Azərbaycanda da kifayət qədər tanınan bir sıra insanların nurçu olduğu barədə fikirlər səslənir. Maraqlıdır müxalifət partiyaları daxilində də nurçular varmı?
-Mən problemə başqa bir rakursdan baxardım. Bu gün küçədə istənilən şiədən hansı təriqətdən olduğunu soruşsaq beş nəfərdən biri deyə bilər ki, Cəfəri təriqətindənəm. Ondan İmam Cəfərin kim olduğunu, Cəfəri təriqətinin prinsipləri, ideyalarının nədən ibarət olduğunu soruşsaq cavab verə bilməz. Ancaq Azərbaycanda hamı bilir ki, nurçuluq nə zaman yaranıb, onların ideyaları nədən ibarətdir, onun tərəfdarları hansı işlərlə məşğuldur, dünyanın hansı ölkəsində nə kimi fəaliyyətləri var və s. Eləcə də vəhabilər barədə bunu demək mümkündür. Nəyə görə biz vəhabiliyi, nurçuluğu, az qala buddizmi belə əzbər bilirik, ancaq Cəfəriliyin mahiyyətindən xəbərimiz yoxdur? Hansı ki, bizim ənənəvi təriqətimiz budur və IV İmam Cəfərin təriqətindən olan şiələrik. Ancaq öz təriqətimizdən xəbərsizik. Problemin qaynağı budur. Patkinsonun məşhur sosioloji qanunu var. Vakuum qanununda deyilir ki, biz öz fəaliyyətimizlə boşluq yaratdığımız yerdə rəqiblərimiz həmin boşluğu dolduracaq. Sən əgər Cəfərilik təriqətini ölkəndə istənilən kimi təbliğ edə bilmirsənsə, o halda istənilən təriqət burada öz fəaliyyətini quracaq. Söhbət təkcə nurçulardan getmir. Eləcə də başqa təriqətlər, vəhabilərdən belə təhlükəli olan sələfilər kimi təriqətlər mövcuddur. Həmçinin kəndlərdə İbrahimilər deyilən təriqət üzvləri var ki, onlar özlərini peyğəmbər adlandırırlar. Azərbaycanda bütün təriqət nümayəndələri mövcuddur. Onu da qeyd edim ki, İmam Cəfər bütün sünni imamlarının, o cümlədən nurçuların belə istinad etdiyi dini təriqət rəhbərlərinin müəllimi olub. Məhz İmam Cəfər nurçuluqdan 600 il əvvəl elmin, təhsilin vacibliyini əsas götürərək öz təriqətini bunun ətrafında yaradıb. Ancaq bizə elə gəlir ki, yalnız nurçular elmin, təhsilin, mədəniyyətin üzərində öz təriqətlərini inkişaf etdirirlər. Həmişə başımıza gələn işlərin günahkarlarını başqa yerdə axtarır, həmin problemin yaranmasında olan öz rolumuzu isə dərk etmək istəmirik. Azərbaycanda müxtəlif təriqətlərin inkişaf etməsinin bir səbəbi var ki, ölkədə öz ənənəvi təriqətini inkişaf etdirən heç kim yoxdur. Bu gün azərbaycanlılar daha çox Hüseynidir, nəinki Cəfəri. Biz yalnız Aşuranı bilir, İmam Hüseynə yas tuturuq. Nə zaman ki, Azərbaycanda öz təriqətimiz olacaq, heç bir yad təriqət bura ayaq aça bilməyəcək. Əgər insanlar öz təriqətlərini dəqiq bilib sevsələr, onun bütün dəyərləri, adətlərini, şərtlərini mənimsəyə bilsələr bu problem meydana çıxmaz. Əslində Azərbaycanda başqa təriqətlərin yer tutub inkişaf etməsi ateizmlə bağlıdır. Çünki bu gün müsəlman olduğunu deyənlər, müxtəlif təriqətlərə üz tutanların 99 faizi ora ateizmdən gediblər. Dünya tarixi göstərir ki, ən əhəmiyyətsiz təriqətə inanan və ona tapınan insan həmin təriqəti mənimsəyirsə onu yolundan döndərdmək çətin məsələdir.
Süleyman İsmayılbəyli