Cəzaçəkmə müəssisəsindən azad olunan şəxslər cəmiyyətə necə adaptasiya olunur?

Nazir Quliyev: “Sosial Adaptasiya Mərkəzinin fəaliyyəti gücləndirilməlidir”

Bu gün mövcud olan problemlərdən biri də cəzaçəkmə müəssisəsindən azad olunan insanların cəmiyyətə adaptasiya oluna bilməmələridir. Bir çox hallarda cəmiyyətin həmin şəxsləri qəbul etməməsi, bəzən isə bu qəbildən olan insanların özlərinin cəmiyyətə adaptasiyaya maraqlı görünməməsi onları təkrar-təkrar cinayət hallarına sürükləyir. Bəs görəsən bu problemdən necə yaxa qurtarmaq olar? Bu və ya digər məsələlərlə bağlı ortaya çıxan  sualları "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyev aydınlıq gətirib. 

-Nazir müəllim, cəzaçəkmə müəssisəsindən azad olunan insanların, xüsusilə gənclərin cəmiyyətə adaptasiyası nə dərəcədə asan olur və cəmiyyət tərəfindən bu cür insanlar necə qarşılanır?

-Əvvəla onu qeyd edim ki, bu cəmiyyətimizdə bir problem olaraq hələ də qalmaqdadır. Təəsssüflər olsun ki, həbsxana həyatını başa vuran insanlar heç də asanlıqla cəmiyyətə adaptasiya oluna bilmirlər. Xüsusilə gənclər və uşaqlar həbsxanadan azad olunandan sonra onların üzərində olan məhkumluq damğası, həmin şəxslərin ailə, cəmiyyət, ətraf  və hətta dövlət qurumları tərəfindən diskriminasiyaya məruz qalmalarına, bu səbəbdən hüquqi, psixoloji problemlər yaşamasına, iş tapmaqda çətinlik çəkmələrinə səbəb olur. Həmçinin uşaqların məhkumluq müddətində müxtəlif tipli cinayət törətmiş yeniyetmələrlə birlikdə olması, onların tam formalaşmamış şəxsiyyətlərində izlər qoyur, doğru olmayan davranışlara gətirib çıxarır. Bütün bunlar isə öz növbəsində onların azadlığa çıxandan sonra cəmiyyətə adaptasiya olunmasında böyük problemlər yaradır. Mövcud problemləri nəzərə alaraq biz "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyi olaraq hələ keçən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə "Penitensiar və xüsusi müəssisələrdən azad olunan baxımsız uşaqların sosial adaptasiyası" layihəsini həyata keçirdik. Layihə 2013-cü ilin iyun -dekabr aylarını əhatə etdi. Bu tip layihələrin icra edilməsinə zərurətin yaranması məhz məhkumluq həyatı yaşayan uşaqların azadlığa çıxandan sonra cəmiyyətə adaptasiya olunmaqda çətinlik çəkməsindən irəli gəlir.

-Sizcə, qısa müddətli layihələr həyata keçirmək, müəyyən işlər görməklə bu problemi aradan qaldırmaq mümkündür? 

-Təbii ki, yox. Ona görə də biz İctimai Birlik olaraq yeni bir layihə həyata keçirməyi qərarlaşdırmışıq. Belə ki, "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin sosial adaptasiyası işinin təşkilinə yardım və azadlığa çıxmağa hazırlaşan məhkumların maarifləndirilməsi" layihəsinin icrasına başlayıb. Layihənin məqsədi cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin sosial adaptasiyası işinin təşkilinə yardım göstərmək və azadlığa çıxmağa hazırlaşan məhkumları sosial adaptasiya tədbirləri ilə bağlı maarifləndirməkdən ibarətdir. 

-Konkret bu istiqamətdə hansı addımların atılmasını zəruri hesab edirsiniz?

-Hesab edirəm ki, keçmiş məhkumlar üçün nəzərdə tutulan Sosial Adaptasiya Mərkəzinin fəaliyyəti gücləndirilməli, cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin sosial adaptasiyası işinin təşkilinə yardım göstərilməli, onlara hüquqi yardımlar edilməlidir. Həmçinin cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin birdəfəlik müavinət, ünvanlı sosial yardım və şəxsiyyət vəsiqəsi alması işinə yardım göstərmək, onların şəxslərin tibbi yardım almaq hüquqlarının müdafiə olunması işini həyata keçirmək, cəzaçəkmə müəssisələrini tərk etmiş şəxslərin sosial problemlərinə cəmiyyətin diqqətini cəlb etmək, bu qəbildən olan  şəxslərə qarşı ayrıseçkiliyin aradan qaldırılması ilə bağlı maarifləndirmə işini həyata keçirmək zəruridir. Eyni zamanda cəzaçəkmə müəssisələrində məhkumlar arasında sosial adaptasiya ilə bağlı maarifləndirmə işi də aparmaq lazımdır.  Məlumat üçün qeyd edim ki, layihə çərçivəsində cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxslərin Fərdi İnkişaf  Planları hazırlanacaq və müasir sosial adaptasiya metodologiyası əsasında problemlərinin həllinə kömək ediləcək. Bundan başqa cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərə  hüquqi məsləhətlər veriləcək, hüquqları dövlət orqanlarında, məhkəmələrdə və digər qurumlarda müdafiə ediləcək və hüquqi sənədləri hazırlanacaq. 

-Həbsxanadan azad olunan şəxslərin günümüzdə üzləşdiyi digər bir problem onların iş tapmaqda çətinliklə qarşılaşmalarıdır. Bəs, bu problemi hansı yolla aradan qaldırmaq mümkündür?

-Tamamilə doğru qeyd edirsiniz. Bir çox hallarda işəgötürənlər cəzaçəkmə müəssisəsindən azad olunan insanları işə götürməkdə ehtiyat edir. Bu da həmin şəxslərin yenidən cinayətə əl atmasına gətirib çıxarır. Layihə komandasının üzvləri penitensiar müəssisələrdən azad olunan şəxslərin işlə təmin olunması üçün Məşğulluq Mərkəzləri, biznes qurumları və işədüzəltmə xidmətləri ilə sıx əməkdaşlıq edəcək. Eyni zamanda tibbi xidmətlərə ehtiyacı olan keçmiş məhkumlar tibb müəssisələrinə yönləndiriləcək və bununla bağlı olaraq Bakı şəhəri Tibb Baş İdarəsi ilə sıx əməkdaşlıq ediləcək. Psixoloji xidmətlərə ehtiyacı olan şəxslərə isə psixoloq tərəfindən psixoloji məsləhətlər veriləcək və onların psixoloji gərginliyinin azaldılması üçün müxtəlif terapiya tədbirləri və görüşlər təşkil ediləcək.  Eyni zamanda mütamadi olaraq onlarla fərdi görüşlər keçiriləcək və  Fərdi Terapiya işi aparılacaq. 4 ay müddətində həyata keçirilən layihə ilə bağlı məhkumların məlumatlılığının artırılması  və sosial adaptasiya məsələləri ilə bağlı onların məlumatlandırılması məqsədilə 10  müəssisədə cəza çəkən şəxslər üçün azadlığa çıxdıqdan sonra sosail adaptasiya məsələləri mövzusunda seminarlarlar keçiriləcək. Hər seminarda azadlığa çıxmağa hazırlaşan 50 nəfər iştirak edəcək. Seminarlara  İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri də dəvət olunacaq. Seminarlarda  məhkumlara Sosial Adaptasiya Mərkəzi haqqında məlumatlar və  eyni zamanda təşkilatımızın Qaynar Xətt telefonları  keçmiş məhkumlara veriləcək. 

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31