Nizami Cəfərov: “Fətullah Güləni böyük siyasətçi hesab etmirəm” - MÜSAHİBƏ

Son zamanlar Azərbaycanda nurçularla bağlı ciddi müzakirələr gedir. Mili Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü, filologyla elmlər doktoru, professor, Bakı Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov həm də "Dialoq Avrasiya" Platformasında Azərbaycandan Milli Komitənin sədridir. Onunla görüşüb sözügedən mövzu ilə bağlı fikirlərini öyrəndik.

- Nizami müəllim, son zamanlar Azərbaycanda nurçuluqla bağlı ciddi müzakirələr və qarşılıqlı ittihamlar var. Xüsusilə mətbuatda yer alan bu kimi məsələlərə sizin münasibətiniz necədir? "Dialoq Avrasiya" Platformasında Azərbaycandan Milli Komitənin sədri kimi məsələləri necə qiymətləndirirsiniz?

- Azərbaycan elə bir ölkədir ki, hər cür ideyalar, dialoq üçün mədəni səviyyədə çox geniş imkanlar var. Bizdə dəfələrlə elmi konfranslar səviyyəsindən tutmuş, siyasi səviyyəyə qədər bu dialoqlar keçirilir. Azərbaycanda dünyanın ən böyük şəxsiyətləri, keçmiş prezdentləri səviyyəsində mədəniyyət dialoqları oldu. Buna ölkəni qapamaq olmaz. İstənilən ideya özünü təqdim edə bilər. Ancaq dünyanın hər yerində bir qayda var. ABŞ, Çin, Rusiya da belədir. Bu da ondan ibarətdir ki, bəzən dini təriqətlərin fitvaları, müzakirəsiz göstərişləri elə yerə istinad olunur ki, bu müzakirəyə gəlmir. Ona görə də adətən belə məsələlərdə dövlət həmişə ehtiyatlı olmalıdır. Çünki o ideya müzakirəsiz olaraq kütlələrə yiyələnir və bunun ardınca maliyyə, iqtisasi, siyasi maraqlar ortaya çıxır. Son zamanlar geniş söhbətlər gedir. Hətta dövlət strukturlarında gələcəkdə işləmək üçün hansısa məqsəd güdənlər var. Bax, bu qorxuludur və dövləti özünə tabe etməyə, iflic etməyə qədər gedə bilən məsələdir. Hələlik bizdə bu sahə ilə bağlı elə ciddi problem görmürəm. Ancaq bu məqamları nəzarətsiz buraxmaq olmaz. Özü də burada tək nurçuluqdan söhbət getmir. Vəhhabilik və başqa təriqətçilik də nəzarətsiz olarsa, müəyən problemlər yarana bilər. Bizim dövlətin gücü, imkanı kifayət qədərdir.

Bir daha qeyd etmək istəyirəm ki, bizdə heç bir ideyanın qarşısı alınmır. Ancaq o ideya ki, təxribat yarada bilər, o, istər-istəməz ideya dialoqu deyil, bir ölkəyə qarşı dağıdıcı təzyiqdir və bunun qarşısı alınmalıdır. Əminliklə deyə bilərəm ki, bizdə elə bir problem yoxdur ki, onun qarşısı alınmasın. Hər bir məsələ birinci növbədə insanların, cəmiyyətin, xalqın taleyini müəyyənləşdirir. O hadisə sabah cəmiyyətə mənəvi boşluq gətirəcəksə, cəmiyyəti hər hansı aqressiv qüvvəvnin əlində alətə çevirəcəksə onun qarşısı alınmalıdır. Bizdə müəyyənləşmiş Ümumilli liderimiz Heydər Əliyevin qoyduğu siyasət var ki, o siyasət olduqca canlıdır və istənilən təsirlərə qarşı qüclü müqavimət hissi var. Bunun üçün də bizdə milli-mənəvi dəyərlərin gücləndirilməsi, insanın ağlının, intellektinin boş buraxılmaması da var. O cür təriqətlər nə zaman bizə gələ bilər?

O zaman gələ bilər ki, biz öz tariximizin, mənəviyatımızın daşıyıcısı olmayaq. Bir boşluq olsun, onda fətvalar gələcək. İnanıram ki, o cəhətdən bizdə problemlər yoxdur. İntellekt çatışmazlığı kimi problemdən uzağıq. Biz kompleksli millət deyilik. Kompleksli millətlərə belə şeylər daha çox təsir edir. Bizdə dialoqlara inam var. Biz ondan faydalanırıq.

Burada bəzən nurçuluqdan təxribat kimi istifadə olunur, müəyyən adamlara böhtan atılır. Azərbaycanda da komitəsi olan qurum, Dialoq Avrasiya platforması var.

Fəthullah Gülənin Dialoq Avrasiyada nüfuzu böyükdür. Mən Dialoq Avrasiya komitəsinin sədriyəm. Məndən öncə Anar müəllim bu komitəyə rəhbərlik edib. Bu qurum nurçuluq demək deyil. Avrasiya səviyyəsində müxtəlif mədəniyyətlərin, düşüncələrin, dinlərin dialoqunu həyata keçirən ictimai təşkilatdır. Bu görüşlərdə, müzakirələrdə iştirak edən Anar, rəhmətlik Çingiz Aytmatov haqda kim deyə bilər ki, onlar nurçu olublar. Rusiayadan, Ukraynadan bir sıra insanlar var ki, bu dialoqlarda iştirak edirlər. Onlar müxtəlif dinlərin daşıyıcılarıdır. Onlara necə nurçu demək olar. Bu, mümkün deyil. Fəthullah Gülənin təşəbbüsü ilə belə bir qurum yaranıb. Bir xristian kilsəsinin təşəbbüsü ilə də belə bir qurum yaradıla bilər. Burada söhbət nəyisə qəbul etdirməkdən yox, dialoqdan gedir. Bu gün mətbuatımızda müəyən qədər təxribat var. Amma bilmək lazımdır, kimlərsə nurçudularsa, o ideyaya xidmət edirlərsə, bu onların mənəvi haqlarıdır. Ancaq bunu ortaya atıb cəmiyyətdən istifadə edilirsə, onlar cəzlandırılmalıdır. Çünki Konstitusya, qaydalar var. Fətva ilə hərəkət etmək mümkün deyil.

İndi Çağ Öyrətim haqda belə deyilir ki, guya onların əksəriyyəti nurçudur. O nurçuluğu təhsildə də özlərinə kadr yetişdirmək üçün həyata keçirəcəklərsə, bunun qarşısı alınmalıdır. Faktiki olaraq, Çağ Öyrətim Azərbaycanda kifayət qədər ciddi işlər görüb. Biz istənilən ideyanın yaxşı tərəfindən istifadə etməliyik. Əgər orada dağıdıcı nəsə olarsa, bizim millətimizin təbiətinə zidd nəsə edəcəklərsə, .bunun qarşısı alınmalıdır.

- Türkiyədə Fəthullah Gülənin tərəfdarları ilə hakimiyyət arasında ciddi problemlər var. Hiss olunan odur ki, bu qarşıdurmanı Azərbaycana keçirmək istəyirlər. Eyni qarşıdurma burada da yaşana bilərmi?

- Dünyanın harasında olursa olsun, qlobal məkanlarda Türkiyədə baş verənlər həm də bizə təsir edəcək proseslərdir. Ola bilsin ki, Azərbaycanda gedən hər hansı prosees Türkiyəyə təsir etməsin. Ancaq Türkiyədə olan hər hansı bir problem türk dünyasına təsir edir. Orada çox ciddi münaqişə əmələ gəlib. Biz həmişə təsəvvür edirdik ki, bu günki Türkiyə iqtidarı Fəthullah Gülən ideyalarına istinad edir. Sonradan məlum oldu ki, çox ciddi münaqişələr var. Ancaq inanmıram ki, bu əvvəldən olub. Bu sonradan, hakimiyyət maraqlarının müəyyən qədər o ideoloji marağı üstələməsindən irəli gəlib. Bu sırf Türkiyə hadisəsidir. Bunun Azərbaycana, Qazağıstana keçmə ehtimalı yoxdur. Biz nə Fəthullah, nə də Türkiyə iqtidarından asılıyıq. Bizim üçün Türkiyə cəmiyətinin mövqeyi maraqlıdır. Türkiyə cəmiyyətində baş verən hadisələri həmişə həssaslıqla izləyirik. Ölkədə gedən siyasi prosesləri, mədəni proseslərini, Türkiyənin dünyaya inteqrasiyasını, dünyanın Türkiyədə müəyyən mövqe tutmasını izləyirik və bizim üçün də Türkiyə Atütürk Türkiyyəsidir. Ümumilli liderimiz də deyib ki, Türkiyə Cümhuriyyəti Atatürkün əsəridir. Bu əsərə hansı əlavələr olacaq, bu əlavələr əsəri korlayacaq və ya əksinə, hər şey baş verə bilər. Bizim üçün mahiyyət önəmlidir.

- Fəthullah Gülənlə şəxsi münasibətiniz varmı?

- Onunla heç vaxt görüşməmişəm. Nə qədər maraqlı adam olsa da, görüşüb görüşməməyin bir əhəmiyyəti yoxdur. Bir neçə əsərini oxumuşam, çıxışlarına qulaq asmışam. Mən Fəthullah Güləni çox böyük siyasətçi hesab etmirəm. Sadəcə onun müəyyən fikirləri var, elm, təhsil,mənəviyyat məslələri ilə bağlı söhbətləri mənim üçün başqa hansısa ideoloqun mülahizələrindən üstün deyil. Hadisəni öyrənməliyik. Ortaya ideya, münasibət çıxırsa, intellekt tələb edir ki, biz onunla tanış olaq ki, bu nədir? Daha Gülənin ətəyindən yapışmaq, bu, mümkün deyil. Bizim səviyyəmiz elə deyil ki, hər ideyanın ardınca gedək. Ancaq hər ideyanı bilməyimiz, səviyyəmizin göstəricisidir.

Ulduz İBRAHİMOVA  milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31