Ukrayna hadisələrində xarici amilin təsiri nə dərəcədədir? - ŞƏRH
Mübariz Qurbanlı: “Məmur harınlığı, Yanukoviçin özünün səhv siyasəti bu cür hadisələrə gətirib çıxarıb”
28 Fevral 2014 13:49 MüsahibəMüsahibimiz millət vəkili, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlıdır
- Mübariz müəllim, Ukraynada baş verən hadisələrdə xarici faktorun təsiri nə dərəcədədir?
- Əslində mən bu tezislə razı deyiləm. Misirdə əgər milyonlarla insanın ac-yalavac vəziyyətdə qaldığı bir vaxtda Hüsnü Mübarək hakimiyyəti və onun ətrafındakılar ölkədə bu problemi həll etmək üçün tədbirlər görmürdüsə, həmin ac-yalavac insanların "Təhrir" meydanına çıxmasında hansısa bir xarici amil axtarmaq o qədər də məntiqli deyil. Xarici amil orda informasiya baxımından rol oynaya bilər. Həmin hadisələri dünyaya, daxili auditoriyaya çatdırmaq baxımından rol oynaya bilər. Dediyim kimi, xarici amil burada informasiya, həmin ölkənin hakimiyyətinə siyasi təzyiq və beynəlxalq təzyiq baxımından rol oynaya bilər. Yəni, bu tipli hadisələrdə çox az rolu var xarici amilin. Məgər xarici amil deyirdi ki, Yanukoviç, sən özünə milyonların hesabına elə bir dəbdəbəli saray tik, qızıl suyuna çəkilmiş vannada çim? Xarici amil Yanukoviçə deyirdi ki, sənin tərəfdarların harın həyat sürsün və xalqın problemlərin həll etməsi üçün islahatlar aparmasın? Xarici amil gəlib Ukraynanın ayrı-ayrı bölgələrində əhaliyə deyirdi ki, narazılığını ifadə et? Bütün sayılanlar göstərir ki, orda biznes mühitinin boğulması, o cümlədən, məmur harınlığı, Yanukoviçin özünün səhv siyasəti bu cür hadisələrə gətirib çıxarıb. Xarici amil burada o rolu oynayıb ki, beynəlxalq dəstək baxımından mesajlar verib, informasiya vasitəsilə təzyiq göstərib. Təbii ki, bəzi hallarda bəzi dairələrə müəyyən maddi yardımların da edilməsi aydın məsələdir. Amma bütövlükdə istənilən ölkələrdə yaranan böhranların hamısı həmin ölkələrin öz içərisində yaranır və məşhur bir deyimdə deyildiyi kim, inqilabları yuxarılar hazırlayır, aşağılar həyata keçirir. Mən Leninin dediyini demirəm. O, başqa tezisdir. Yəni, inqilabları yuxarılar yetişdirir, aşağılar həyata keçirir. "Yuxarılar yetişdirir" sözünün arxasında da başqa məna var - belə demək mümkünsə, yuxarıların sərt və səhv siyasəti bu cür inqilabları yetişdirir. Xarici amil deyirdi ki, Qəzzafi 30 illik siyasəti ilə Liviyada problemləri həll etməsin? Xarici amil, əlbəttə, vəziyyət yetişdikdə öz məqsədi naminə bu prosesdə iştirak edir, geopolitik marağını həyata keçirməyə çalışır və müdaxilə edir. Buna isə imkan verməməlisən. Xarici amilə imkan verməmək üçün də birinci növbədə güclü hakimiyyət yaratmalısan, ikincisi, xalqla həmrəylik olmalısan, üçüncüsü, ölkə ardıcıl olaraq islahatlar həyata keçirməlisən. Xarici amil Azərbaycanda da müxtəlif vaxtlarda cəhdlər göstərib. Ancaq bu, cəhdlər alınmayib.
-Sizcə, niyə Azərbaycanda xarici dairələrin cəhdləri alınmayıb?
-Çünki Azərbaycan Prezidentinin liderliyi də, xalqla bağlılığı da buna imkan verməyib. Bu inqilab ssenariləri, xarici amil, bunların hamısını xaricə bağlamaq əslində həmin tipli ölkələrin səhv siyasətinin bir formasıdır. Xarici amil sənin ölkənin daxilində o zaman iş görə bilir ki, sənin ölkənin daxilində bunun üçün əlverişli mühit və şərait yaradılıb. Yəni, ölkədə alışqan maddə varsa, onu alışdırmaq üçün adi qığılcımı ora atmaq imkanı yaradır. Sən gərək bu qığılcımın bura atılması zamanı alovlanmanın qarşısını almaq haqqında düşünəsən və buna imkan verməyəsən. Buna imkan verməməyin yolu isə yüzdəyüz xalqın hakimiyyəti dəstəkləməsidir. Xalqın hakimiyyəti müdafiə etməsidir. Bütün hadisələri yalnız xarici amil, bir mərkəz, nə bilim, masson, bu kimi ifadələrlə, deməli, göstərmək bu yanlışlığa gətirib çıxara bilər. Xarici amil varsa, geopolitik maraqları olan ölkələr niyə istədikləri yerdə bunu edə bilmir? Bəzən diletant səviyyəsində massonçuluq, digər bu cür mərkəzlərlə bağlı o qədər fantastik fikirlər yayılır ki, belə çıxır ki, elə dünyada hər şeyi kimsə həll edir. Belə deyil. Bütün ölkələrdə hər şeyin sahibi həmin ölkənin xalqı, həmin ölkənin siyasi liderləridir, ona məsuliyyət daşıyanlardır və bunların bu işdə həmrəyliyidir. Dəfələrlə Prezidentimiz xalqla hakimiyyətin vəhdəti məsələsini ifadə edib. İfadə etməyə də onun əlində əsasları var. Bu gün Azərbaycan hakimiyyətinin arxasında Azərbaycan xalqı dayanır. Azərbaycan hakimiyyəti Azərbaycan xalqı ilə vəhdətdədir. Ona görə bizim ölkəmizdə 2003-cü ildə, 2005-ci ildə və 2013-cü ildə hər hansı xarici dairələrin ölkədə qarışıqlıq salmaq üçün etdiyi cəhdlər iflasa uğrayıb. Ona görə ki, daxildə bunun üçün mühit yoxdur. Daxildə mühit yarandıqdan sonra xarici amil olmadan da həmin daxili proses ölkədə böyük qarşıdurmaya və bu cür vasitələrə gətirib çıxara bilər.
- Siz Ukraynadakı hadisələri yenə də daha çox məmur harınlığı, dövlət vəsaitinin dağıdılması, Yanukovic hakimiyyətinin korrupsiyalaşması və sair ilə əlaqələndirirsiniz. Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə ölkədə məmur harınlığından və qudurğanlığından sərt, açıq şəkildə danışıb, öz xəbərdarlığını edib...
- Siz Yanukoviçin dilindən belə söz eşitmisinizmi? Və yaxud da bəlkə başqalarının dilindən belə söz eşitmisinizmi? Eşitməmisiniz axı. Yanukoviçin özü öz hakimiyyətindəki bu və ya digər nöqsanları, bu və ya digər qeyri-qanuni hərkətləri ifşa edəcək və ya onun qarşısını alacaq, onu zamanında əzə biləcək bir siyasət yeritmiş olsaydı, o hadisələr baş verməzdi. Cənab Prezident İlham Əliyevin bir kəlməsi ilə ölkədə bu cür hərəkətlərə yol verənlərin isə necə geri çəkildiyini və özlərinin o hərəkətlərini, demək olar ki, dayandırdığını görürük. Məsələn, ölkədə korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Prezidentin kəskin çıxışı və bunu həyata keçirmək üçün sürətli olaraq addımlar atması, təbii ki, bu cür hadisələrin qarşısını aldı. Bəli, harınlamış məmurun qarşısını almaq üçün Prezident öz mesajını verib və onun mesajı da öz təsirini göstərməkdədir. Bu təsiri biz hər gün hiss etməkdəyik. Ona görə də əgər zamanında Ukraynada və ya başqa yerlərdə ölkədə gedən prosesləri dəqiq təhlil edib, bunun qarşısını almaq üçün zamanında tədbirlər görülsəydi, əlbəttə, bu cür hadisələr baş verməzdi. Amma Ukraynanın təhlil edən həm Ukrayna, həm Rusiya, həm Qərb politoloqları yekdil fikirdədirlər ki, ölkədə islahatların aparılmaması və bütövlükdə hakim elitanın ölkənin problemləri ilə bağlı lazımi tədbirlər görməməsi bu cür qarşıdurmaya gətirib çıxarır və çıxardı. Burada xarici amil həlledici rol oynamır. Həlledici rolu yalnız və yalnız ölkə daxilində yaranmış böhran vəziyyəti oynayır.
-Son illər Azərbaycanda bu və digər səbəblərdən intihar halları artmaqdadır. Bunu isə bir sıra qüvvələr sosial ədalətsizliyin nəticəsi və sosial partlayışın ilkin simptomları kimi qələmə verməyə çalışırlar. Sizcə, bu baxımdan, Azərbaycanda sosial partlayışın və yekunda inqilabın simptomları görünürmü?
- Azərbaycanda hər hansı sosial-siyasi xarakterli inqilabı mən gözləmirəm, proqnozlaşdırmıram. Çünki Azərbaycanın həm sosial-iqtisadi inkişafı, həm Prezident İlham Əliyevin şəxsi liderliyi ilə onun bütün problemləri görərək həmin problemləri həll etmək üçün lazımi tədbirlər görməsi bu cür bədbin proqnozlar verənlərin ümidlərini, gözləntilərini doğrultmayacaq. Mən əminəm ki, Azərbaycanda bu cür qarşıdurma, "Maydan" tipli hadisələr olmayacaq. Çünki Prezidentimizin yeritdiyi siyasətin istiqamətləri göz önündədir, bütün bunlar həmin hadisələri yaradacaq səbəbləri aradan qaldırmaqdadır və qaldırıb. O ki qaldı ölkədə bu və ya digər hadisələrlə əlaqədar intihar hadisələrinin baş verməsinə, əlbəttə, bu, yaxşı hal deyil və bu, təəssüf doğurucudur. İnsanların intihara cəhdi və ya intihar etməsi, bu, həmin hadisənin yaxşı hal olmadığı kimi dəyərləndirilir. Amma dünyada statistikaya baxsaq, bütün ölkələrdə bu cür intihar hadisələrinə təsadüf edirik, rast gəlinir. Hətta, deyərdim ki, əhali sayının nisbəti ilə götürsək, bəlkə də Azərbaycan intihar sayına görə dünyada o qədər də öndə gedən ölkə deyil. Yəni, bu məsələdə "öndə gedən" ölkələr var. Hətta dünyanın ən qabaqcıl-insan amilinə görə inkişaf etmiş ölkələrində - Skandinaviya ölkələrində, Yeni Zenlandiyadan başlamış Qərbin inkişaf etmiş ölkələrində belə intiharlar var. İntiharların bu cür hallara əl atmasının səbəbləri araşdırılarkən, bunun heç də əksəriyyətinin sosial problemlə bağlı olmadığı göstərilir. Yəni, psixoloji, sosioloji araşdırmalar göstərir ki, bunların bəzi hallarda səbəbləri heç də sosial məsələ ilə bağlı deyil. Amma bu cür hadisələrin qarşısını almaq üçün profilaktik tədbirlər görülməlidir.
-Söhbət hansı profilaktik tədbirlərdən gedir?
-Məsələn, psixoloji tədbirlər. Psixoloqlar işləməlidir. Media burada çox ciddi iş görməlidir, izahat işləri olmalıdır. Əlbəttə, yerlərdə narazılıqlar varsa, onun qarşısı alınmalıdır və bu narazılığı törədən səbəb aradan qaldırılmalıdır. Siz fikir verisiniz, Azərbaycan hökumətinin üzvləri davamlı olaraq rayonlarda, Bakı şəhərində vətəndaşlarla görüşlər keçirir. Yəni, bu gün əslində Azərbaycanda bütün qapılar vətəndaşların açıqdır. Amma, əlbəttə, ölkədə olan bütün problemləri dərhal həll etmək və onu bir gündə həll etmək mümkün deyil. Və bunlar zamanla həll olunan məsələdir. On il əvvəlki problem bu gün yoxdur. Bugünkü problem, görünür ki, bir neçə ildən sonra olmayacaq. Bir neçə ildən sonra artıq başqa bir problem varsa, o da sonrakı zaman həll olunacaq. Yəni, dünyanın bütün ölkələrində problemlər var və bu problemlərin xarakterləri , mahiyyəti fərqlidir və problemləri həll etmək də hər bir hökumətin, hakimiyyətin ümdə vəzifəsidir. Ona görə də Prezident deyir ki, biz xalqın qulluqçusuyuq, xalqın qulluqçusu olmalıyıq. Eyni zamanda, bu intihar hadisələri ki, baş verir, onları tam araşdıraraq, bunun səbəblərini aradan qaldırmaq lazımdır. Mən əminəm ki, bu cür hadisələr yüksələn xətt üzrə gedə bilməz və bu hadisələr çox istərdim ki, heç olmasın. Amma intiharları yaradan səbəbləri aradan qaldıraraq, bunun kökünü biz tam minimuma endirməyə çalışmalıyıq. Bununla yanaşı, bunu da xüsusi şişirdərək, kimlərsə dünyada Azərbaycanı bu yöndə "öndə gedən" ölkə kimi göstərməyə çalışırsa, onlar məsələlərə çox sadəlövh yanaşırlar. Görünür, onlar statistik məlumatlara baxmırlar və bu prosesi diqqətlə öyrənmirlər, bu proseslə bağlı, dünyada hadisələrlə bağlı bilgiyə malik deyillər. Bundan da sui-istifadə edib hakimiyyətə qarşı qarayaxma kampaniyası aparanlar da inanmıram ki, dəstək qazana bilər. Çünki hər bir intihar hadisəsinin səbəbi araşdırılır, öyrənilir. Bu, hüquq-mühafizə orqanları tərəfindən də araşdırılır, digər qurumlar tərəfindən də. Ona görə də bu hadisələri şişirdib, bu hadisələrin arxasında dayanaraq, bunun Azərbaycanda hansısa böyük bir qarşıdurmaya gətirib çıxaracağını proqnozlaşdırmaq, mənə elə gəlir ki, düzgün elmi yanaşma deyil.
Alim