“Ukrayna ilə bağlı hazırlanan ssenari hələ başa çatmayıb” - MÜSAHİBƏ
Mütəllim Rəhimli: “Ukrayna faktiki olaraq parçalanmaya doğru gedir”
24 Fevral 2014 13:44 Müsahibə"Parçalanmış Ukraynadan ən böyük faydanı, zənnimcə, Rusiya əldə edəcək"
Bu günlərdə Ukrayna özünün ən çətin dövrünü yaşayır. Bir neçə ay davam edən kütləvi etiraz aksiyaları və küçə döyüşlərindən sonra prezident Viktor Yanukoviçin istefa verməsi və hakimiyyətin müxalifətin əlinə keçməsi ölkədə uzun müddətdən bəri davam edən siyasi böhranın aradan qalxacağına ümid yaradıb. Ancaq bunun əksini də söyləyənlər var. Ədalət Partiyasının sədr müavini, Demokratiyanın İnkişafı Problemləri Mərkəzinin (DİPM) sədri Mütəllim Rəhimli isə hesab edir ki, Ukrayna ilə bağlı hazırlanan ssenari hələ başa çatmayıb. Mərkəz rəhbərinin sözlərinə görə, Ukraynanın parçalanması təhlükəsi bundan sonra da qalır. Mütəllim Rəhimli deyir ki, Ukrayna məsələsində Rusiyanın məğlub olduğunu da indidən söyləmək düzgün olmaz. Demokratiyanın İnkişafı Problemləri Mərkəzi sədrinin qənaətincə, Ukraynanın parçalanması reallaşarsa, bu daha çox Kremlin maraqlarına xidmət edəcək.
-Mütəllim bəy, Ukraynada cərəyan edən proseslərdən görünən odur ki, Rusiya bu məsələdə Qərbə uduzdu. Sizcə, Kreml bu məğlubiyyətlə barışacaqmı, yoxsa Kreml Qərbdən bunun əvəzini çıxmaq üçün yeni planlar üzərində işləyəcək?
-Ukrayna hadisələrindən bu qədər tez nəticə çıxarmaq düzgün deyil. Düşünürəm ki, bu ölkə ilə bağlı hazırlanan ssenarilər hələ sona çatmayıb. Proseslər davam edir. Prezident Viktor Yanukoviçin belə tez, ciddi müqavimət göstərmədən istefaya getməsi müəyyən şübhələr üçün əsas verir. Biz deyə bilmərik ki, Rusiya hadisələrin bu cür gedişini planlaşdırmırdı. Faktiki olaraq Ukrayna parçalanmaya doğru gedir. Parçalanmış Ukraynadan ən böyük faydanı, zənnimcə, Rusiya əldə edəcək. Nəticə etibarilə Rusiya Qara dənizə çıxış imkanlarını genişləndirəcək, müəyyən əraziləri, cənubi Osetiya və Abxaziyada olduğu kimi, idarə etmək imkanı əldə edəcək. Beləliklə, faktiki nəzarət etdiyi əraziləri genişləndirəcək, münaqişəli vəziyyətlərdən istifadə edərək siyasi sövdələşmələrdə öz maraqlarının nəzərə alınmasını təmin edəcək.
-Ukraynanın bundan sonrakı siyasi həyatını necə xarakterizə edərdiniz?
-Ukraynanın gələcəyi yaxşı görünmir. Dağılmış iqtisadiyyat, siyasi böhran, xarici güclərin toqquşan geopolitik maraqları hələ uzun müddət bu ölkəni silkələyəcək. Hazırda Ukrayna vətəndaş müharibəsi astanasındadır. Tərəflərdən birinin digərini qəbul etməsi inandırıcı görünmür. Ona görə də bu barışmazlıq mühitinin ölkəni ən azı iki yerə böləcəyini ehtimal edirəm. Deməli, bu hadisələrdən ukraynalılardan başqa hamının qazandığını və maraqlarına uyğun olduğunu söyləmək olar.
-Sizcə, Rusiyanın iqtisadi baxımdan Ukraynaya qarşı atacağı sərt addımlar, eləcə də enerji məsələlərində nümayiş etdiriləcək sərt mövqe Ukraynanı çətin durumda qoymayacaq?
-Rusiya artıq əvvəlki kimi aqressiv siyasətini açıq-aşkar aparmaqdan çəkinir. Çalışır ki, öz hərəkətlərinə indi ictimai don geydirsin. Təbii ki, bundan sonra Rusiya Kiyev hakimiyyətinə isti münasibət göstərməyəcək. Lakin bunun təkcə özündən asılı olmadığını, həm də qarşı tərəfə bağlı olduğunu nümayiş etdirməyə çalışacaq. Yəni Rusiya öz niyyətini Kiyev hakimiyyətinin əli ilə reallaşdırmağa cəhd edəcək. Ukrayna onsuz da çətin durumdadır. Rusiyanın onu sıxışdırmasına elə də ehtiyac yoxdur. İqrisadi böhran keçirən Avropanın isə Ukraynaya lazımi köməklik edəcəyi inandırıcı təsiri bağışlamır.
-Mümkündürmü ki, Rusiya digər regionlarda bu məğlubiyyətin əvəzini çıxmağa çalışsın və konkret olaraq Cənubi Qafqazla bağlı yeni planları ortaya çıxsın?
-Mən hələlik Rusiyanın Ukraynada tamamilə uduzduğunu görmürəm. Amma bununla belə Avrasiya İttifaqına və Gömrük Birliyinə qarşı duran MDB dövlətləri, təbii ki, "cəzalandırılacaq".
Süleyman