Müxalifətin vəziyyəti ürəkaçan deyil - MÜSAHİBƏ

Həsrət Rüstəmov: “Bu düşərgə seçkilərə bölünmüş vəziyyətdə girmişdi”

"Seçkidən sonra hətta həmin prosesdə birlikdə iştirak etmiş qüvvələr də parçalandı"

Müntəzəm olaraq müxalifətin birlik təşəbbüsləri ilə çıxış edən Azərbaycan Demokrat Partiyası bu düşərgədə təmsil olunan partiyalara daha bir mesaj ünvanlayıb. Belə ki, demokratlar bələdiyyə və parlament seçkiləri ərəfəsində müxalifət partiyalarının bir araya gəlib vahid mövqedən çıxış etməsi təşəbbüsünü irəli sürüb. Bu təşəbbüsə digər partiyaların nümayiş etdirdiyi mövqe, eləcə də hazırda müxalifət düşərgəsindəki vəziyyətə aydınlıq gətirmək üçün Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmovla söhbətləşdik.  "OLAYLAR"-a verdiyi müsahibədə demokratların rəsmisi partiyanın növbəti qurultayının keçirilməsinin hansı səbəbdən uzanmasına da aydınlıq gətirib. O, ADP-nin qurultay keçirməsi üçün bir sıra problemlərinin olduğunu da etiraf edib.

-Həsrət bəy, prezident seçkilərindən sonra Azərbaycan Demokrat Partiyasının qurultayının keçirilməsi məsələsi gündəmə gəlsə də, hazırda bu məsələ ətrafında heç bir söhbət getmir. Partiyanın qurultayı arxa plana keçdi, yoxsa hazırlıq işləri görülür?

-Etiraf edim ki, qurultaya hazırlıqla bağlı işlər zəif gedir. Əsas problem regionlarda qurultaya hazırlıqla bağlı konfransların keçirilməsidir. Digər tərəfdən qurultayın təşkilinə və ümumiyyətlə qurultaya hazırlıq prosesinə lazım olan minimum maliyyə vəsaitlərinin toplanmasında çətinliklər var. Havaların soyuq keçməsi, yerli təşkilatların konfrans keçirməsi üçün müvafiq yerlərin tapılmasındakı çətinliklər və s. işimizə mane olan amillərdir. Ona görə də partiyanın növbəti qurultayının nəzərdə tutduğumuz kimi aprel- may aylarında deyil, daha sonra keçirilməsi istisna deyil. Partiyanın İdarə Heyəti meydana çıxan çətinlikləri aradan qaldırmaq üçün çalışır və ümid edirəm ki, planlaşdırdığımız fəaliyyəti həyata keçirə biləcəyik.

-Seçkidən sonrakı dövr ərzində Azərbaycan müxalifətinin durumunu necə xarakterizə edərdiniz? 

- Azərbaycan müxalifətinin belə demək mümkünsə, ümumi vəziyyəti seçkidən sonra daha da pisləşib. Müxalifət seçkilərə bölünmüş vəziyyətdə girmişdi. Bundan başqa seçkidən sonra hətta həmin prosesdə birlikdə iştirak etmiş qüvvələr də parçalandı. Nəinki parçalandı, qarşılıqlı ittihamlar daha da sərtləşdi. Bir sözlə vəziyyət heç də ürəkaçan deyil.

-Müntəzəm olaraq ADP müxalifəti düşmüş olduğu böhranlı vəziyyətdən çıxarmaq üçün təkliflər, təşəbbüslər irəli sürürdü. Ancaq son vaxtlar ADP tərəfindən bu kimi təşəbbüslər özünü göstərmir. Bu partiyanızın təqdim etdiyi təkliflərə digər müxalifət birlik və təşkilatları tərəfindən olan qeyri-səsmimi mövqe ilə bağlıdır, yoxsa partiyalar birgə əməkdaşlığa meyilli deyil? 

-Müşahidələriniz dəqiqdir. Amma sona qədər deyil. Belə ki, Azərbaycan Demokrat Partiyası olaraq bələdiyyə və xüsusilə də parlament seçkilərində müxalifətin birgə iştirakına dair təkliflərimiz var. Təklifləri partiyada və Qarabağ blokunda ilkin müzakirə də etmişik. Parlament seçkilərində müxalifətin dairələr üzrə namizədləri razılaşdırması üçün partiyalararası komissiyanın yaranması təklifi ilə çıxış etmişik. Amma hələlik reaksiyalar zəifdir.

-ADP bu il ölkədə keçiriləcək bələdiyyə seçkilərində iştirak barədə düşünürmü? 

-Azərbaycan Demokrat Partiyası imkan olduqca bütün seçkilərdə iştirak etmək xəttini müdafiə edir. Ən pis halda seçkidə  xalqla təmaslar qura və yeni mesajlarımızı xalqa çatdıra bilirik. Bələdiyyə Azərbaycanda tam formal bir qurum olmasına baxmayaraq bu seçkiləri də bir fürsət kimi dəyərləndirməyin və iştirakın tərəfdarıyıq. Əslində bələdiyyə seçkiləri təşkilati baxımdan ən çətin seçkilərdir. Çünki bu seçkilərdə daha böyük insan resursu, daha böyük maliyyə və digər güc vacibdir. Buna baxmayaraq gücümüz çatan və üzvlərimiz istədiyi şəkildə bu seçkilərdə iştirak etməyi düşünürük. Eyni zamanda bələdiyyələrin statusunun artırılması, iri şəhərlərdə bələdiyyə başçılarının birbaşa xalq tərəfindən seçilməsi, regionlarda bələdiyyə şuralarının seçilməsi məsələsini də aktuallaşdırmaq fikrindəyik.

-Milli Şura ətrafında gedən son prosesləri necə dəyərləndirirsiniz? 

-Bu barədə çox danışılıb. Məncə daha böyük və yaxın gələcəkdəki siyasi hadisələrə ünvanlanan siyasi koalisiyaların yaradılmasının vaxtı başlamaqdadır. Ona görə də müxalif düşüncəli bütün insanları, daha doğrusu xalqın əksəriyyətini öz ətrafına toplaya, beynəlxalq demokratik ictimaiyyətdən dəstək almaq gücünə sahib birliyin meydana gəlməsi məqamı yetişir. Buna gecikməmək, danışıqlara başlamaq, planlaşdırmaq, mesajları və vəzifələri müəyyən etmək, xalqla təmasların yollarını aramaq, maliyyə qaynaqları tapmaq və ya toplanması yollarını araşdırmaq və s. işlər bizi gözləməkdədir.

-Son vaxtlar ölkədə dini zəmində qarşıdurmanın baş verəcəyi barədə yayılan xəbərlər, sosial şəbəkələrdə edilən çağırışlar kifayət qədər ciddi məqamlardan xəbər verirmi?.

-Dini məzmunlu təhdidlərə ciddi yanaşmağın, dövlətin bütün gücünün bu istiqamətdə, ölkənin təhlükəsizliyi baxından yönəldilməsinin tərəfdarıyam. Bu təhdidlərin bir qismi özfəaliyyətin, cinayətkar ünsürlərin işi ola bilər. Amma böyük qisminin arxasında beynəlxalq terrorçu dairələr, müxtəlif güc mərkəzlərinin durması şübhə doğurmur. Ona görə də, iqtidar da, müxalifət də bu sahədə vəziyyəti düzgün qiymətləndirməli, terror və ekstremizim dairələrinin fitnələrindən öz siyasi maraqları üçün istifadə cəhdlərindən çəkinməlidirlər. Əks halda dövlətimizin qarşılaşa biləcəyi fəlakətli vəziyyəti hətta təsəvvür belə etmək istəməzdim.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31