“Cəmiyyətin dini ehtiyacı da sağlam dini dəyərlərlə ödənilməlidir” - MÜSAHİBƏ

Kənan Rövşənoğlu: “Təfkirçilik ideyaları bizim cəmiyyətimizə də yayılır”

Araşdırmaçı jurnalist Kənan Rövşənoğlu son günlər cəmiyyətimizi narahat edən məsələ - Suriyaya gedən azərbaycanlılarla bağlı "OLAYLAR"ın suallarını cavablandırıb.

- Necə olur ki, insanlar bilərəkdən Suriyada ölməyə gedirlər? Onlar həqiqətənmi muzdlu döyüşçülərdir?

- Şəbəkə necə qurulur, necə idarə olunur, bununla bağlı heç kimin dəqiq məlumatı yoxdur. Xüsusi olaraq bu işlə məşğul olan adamlar var. Suriyaya getmək istəyənləri dəstəkləyən, onları ora aparan bir şəbəkə var. Hamını muzdlu döyüşçü kimi təqdim eləmək olmaz. Gedənləri çoxu inandırırlar ki, orada müqəddəs müharibə baş verir, onlar orada döyüşüb şəhid olacaqlar. Bu onlara təlqin olunan, onların beyinlərinə yeridilən inancdır. Çoxu da bu məqsədi rəhbər tutaraq gedirlər. Təbii ki bunun bir təşkilatı tərəfləri də olmalıdır. Amma bu barədə açıq şəkildə heç kəs bir söz demir. Bu çox güman ki, mövcuddur. Elə bir qruplar, şəbəkələr var ki, insanların oraya getməsini təşkil edir və onlara kömək edirlər.

- Suriyada həlak olan insanların sayı barədə dəqiq məlumat varmı?

- Keçən il türk saytlarında 30-a yaxın azərbaycanlının öldürüldüyü yazılırdı. Amma bu ilin yanvarında müxalif qruplar arasında daxili müharibə başladı. Hər iki tərəfdə azərbaycanlılar olduğu üçün ölənlərin sayı da artıb. Təkcə bu ay yarım ərzində orada çox sayda soydaşımız həlak olub. Hazırda isə ölənlərinin sayının 50-yə yaxın olduğu deyilir. Orada həlak olanların cəsədi Azərbaycana gətirilmir.

- Daha çox hansı insanlar radikal cərəyanların qurbanına çevrilirlər? Əsas səbəblər hansılardır?

- Bu baxımdan onlar üçün heç bir şərt, ölçü yoxdur. İdeologiya, inanc elə bir məfhumdur ki, o insanlara təlqin olunur. Bunların arasında ali savadlı adamlar da ola bilər, savadsız da ola bilər. Bunun əsas səbəbi odur ki, Azərbaycanda uzun müddət dini fəaliyyət kənara qoyuldu, maarifçilik olmadı. Bunu 10 il bundan əvvəl ekspertlər də deyirdilər ki, Azərbaycanda maarifçilik fəaliyyəti olmalıdır. Boşluq yarananda digər qüvvələr bu boşluqdan istifadə edir. Yəni sağlam dini maarifçilik olmayanda onun yerini istər-istəməz insanların inanc ehtiyacını müxtəlif qüvvələr tutur. Hətta onların arasında müsəlman olmayan qüvvələr də var. Bir zamanlar Azərbaycanda belə bir boşluqdan qeyri-islam təriqətləri rahat şəkildə fəaliyyət qururdular. Bu boşluqdan müəyyən təşkilatlar istifadə etdilər, oturuşdular.

- Bunlar cəmiyyət üçün nə dərəcədə təhlükəlidir?

- Radikal fikirlər, təfkirçi düşüncə cəmiyyət üçün təhlükəlidir. Ümumiyyətlə islamda təfkirçi deyə bir şey yoxdur. Əsil islamda təfkir etmək, kafirçilik kimi şeylər yoxdur. Bu sonradan islama daxil olmuş bir şeydir və təhlükəlidir, ona görə ki, təfkirçilikdə istənilən halda sadə bir səbəbdən ötrü ölüm hökmü verə bilirlər. Məsələn, buna misal kimi deyə bilərəm ki, Somalidə internet istifadə edənlərə ölüm hökmü verə bilirlər. Təfkirçilik ideyaları bizim cəmiyyətimizə də yayılır. Bu çox təhlükəlidir. Bunun da qarşısını almaq üçün maarifçilik aparılmalıdır. İnsanların da dinə də ehtiyacı var. Cəmiyyətin dini ehtiyacı da sağlam dini dəyərlərlə ödənilməlidir. Bu ödənməyəndə və boşluq yarananda təbii ki oraya başqa qüvvələr gəlir. Onlar cəmiyyətin müxtəlif təbəqələrinin dinə olan ehtiyacını öz istədikləri şəkildə ödəyirlər.

 Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31