Seyid Camal: “Onların Suriyada döyüşməsində hamımız günahkarıq” - MÜSAHİBƏ

“Azərbaycanda Dini İşlər Nazirliyinin yaradılması zəruridir”

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəylinin müsahibəsi:

- Hazırda ölkədəki dini durumu necə qiymətləndirirsiniz?

- Azərbaycanda hər bir zaman dini dözümlülüyün olduğunu söyləyərkən, bəzi şeyləri göz önündən qaçırmışıq. Tək ziyalılar deyil, bu məsələlərə cavabdeh olan qurumların rəhbərləri də biganəlik nümayiş etdiriblər, yəni bəzi şeylərə göz yumublar. Dövlət başçısının tolerant münasibətindən, həm də xalqımızın dini dözümlülüyündən məharətlə istifadə edən qüvvələr öz işlərinə təkan verə biliblər. Həmin qüvvələr din adı altında Azərbaycanı poliqona çevirməkdədirlər. Bəzi millət vəkilləri, ilahiyyatçılar bu məsələnin şişirdilməməsini istəyirlər. Mən proseslərin içində olan şəxs kimi deyirəm ki, Azərbaycanın dini mühiti həssas bir mərhələyə gəlib çatıb.

- Bu gün Suriyaya döyüşməyə onlarla azərbaycanlı gedir. İstərdik bu məsələyə də münasibət bildirərdiniz.

- Bütün bunlara səbəb Azərbaycanda dini mühitdə boşluğun olmasıdır. Bu məsələ Azərbaycanın milli mənəviyyatı adına başucalığı gətirmir. Ölkənin əhalisinin 96 faizini müsəlmanlar təşkil etdiyi halda, bəzi məkrli, zərərli qüvvələr Azərbaycanda özlərinə yer tuta biliblər. Bunun da acı nəticəsidir ki, gənclərimiz (onların arasında yüksək balla ali məktəblərə qəbul olanlar da var) cihad adı altında Suriyada ya ölürlər, ya da öldürürlər. Bu, Azərbaycanın nüfuzuna xələl gətirir. Həmçinin, din qardaşını öldürmək islamın prinsiplərinə ziddir. Bu gün bizim tək cihad yerimiz Qarabağdır.

Ancaq onu da qeyd etmək lazımdır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi son 20 ildə Azərbaycanın dini mühitində aparılmayan elmi-islami maarifləndirmə işlərini bir il ərzində Bakıda və regionlarda uğurla həyata keçirib. Bu məsələdə biz də Komitəyə dəstək veririk. Dini Komitə sədrinin vətəndaşlarla görüşü də müsbət haldır.   

- Bu məsələdə dini liderin günahı nə qədərdir?

- Bir neçə dəfə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Hidayət Orucova bildirmişəm ki, Azərbaycanda dini maarifləndirmə işi zəif aparılır və bunun acı nəticələri ilə üzləşəcəyik. Gənclərimizin Suriyaya gedib döyüşməsində Şeyxülislam da günahkardır, mən də günahkaram - bir sözlə, hər birimiz günahkarıq. Düşünürəm ki, islamın 20 ildə Azərbaycanda düzgün aşılanmaması bu cür xoşagəlməz hallara gətirib çıxarır. Bu gün təkfirçiləri həbs etsələr, ölkə həbsxanalarında yer qalmaz. Onu da qeyd etməliyəm ki, Azərbaycanda Dini İşlər Nazirliyin yaradılması da zəruridir.

- Bu günlərdə bir qrup sələfi ilə görüşünüz olub. Görüşün məqsədi nə idi?

- Moskvada yaşayan imanlı həmyerlimiz mənə zəng edib dedi ki, Azərbaycanda bir qrup sələfi var ki, onlar səninlə görüşmək istəyir. Görüşüb, söhbət etdim. Onların içərisində Vətəni, dövləti sevən, Qarabağda döyüşməyə hazır olan insanları gördüm. Həmin insanlar arasında intellektual səviyyəsi güclü olan gənclər də vardı. Amma onlara vəhhabi deyilməsini xoşlamadıqlarını da bildirdilər. Onlarla iş aparılmalıdır, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi onları tədbirlərinə çağırmalıdır. lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31