“İnsanlara dini başqa cür başa salırlar” - MÜSAHİBƏ
Fərəc Quliyev: “Onlara başa salmaq lazımdır ki, savaşmaq istəyirsənsə, günün birində Qarabağda vuruşa bilərsən”
7 Fevral 2014 16:14 MüsahibəBir müddətdir ki, Suriyada gedən daxili qarşıdurmalarda azərbaycanlıların da iştirak etdiyi barədə xəbərlər yayılmaqdadır. Təəssüfedici hal ondan ibarətdir ki, Suriyada gedən döyüşlərdə azərbaycanlıların ölməsi xəbərləri ard-arda gəlməkdədir. Bununla da son günlərin gündəmini tutan xəbərlərdən biri də azərbaycanlıların Surayada gedən döyüşlərdə qatılması məsələsinin müzakirələri tutdu. Heç kimə sirr deyil ki, döyüşmək üçün Suriyaya üz tutan həmyerlilərimiz radikal dini quruplaşmalara aid gənclərimizdirlər. Məsələ ilə bağlı müxtəlif mövqelərdən yanaşmalar olsa da, lakin yekdil bir yanaşma yoxdur. Bu problemin qarşısını almaq üçün müxtəlif təkliflər irəli sürülür. Sözügedən məsələ kifayət qədər ciddi bir problem olduğu üçün, Milli Məclisdə də müzakirə olunub. Amma, verilmiş təkliflərin əksəriyyəti sərt tədbirlərin görülməsi ilə bağlı olub. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev isə daha çox maarifləndirici, profilaktik tədbirlər görülməsini təklif edir.
-Fərəc bəy, son günlər Suriyadan gələn azərbaycanlı döyüşçülərin ölüm xəbərləri cəmiyyəti ciddi şəkildə narahat etməkdədir. Millət vəkili kimi bu problemin həlli yolunu nədə görürsünüz?
-Mən parlamentin sonuncu iclasında çıxışımda bu məsələyə münasibət bildirdim. Təklif etdim ki, bu cür hadisələrin baş verməməsi üçün daha çox maarifləndirici, profilaktik tədbirlər görülməlidir. Azərbaycandan Suriyaya gedən şəxsləri terrorçu adlandırıb damğalamağın əleyhinəyəm. Onlar sadəcə, muzdlu əsgərdirlər. Vətəndaşlarımız aldadılırlar. Bu cür mənfi halların qarşısını almaq çox çətin olsa da, bunu etməliyik.
-Sizcə maarfiləndirici tədbirlər hansı yolla aparılmalıdır?
-Hesab edirəm ki, təbliğata bayağı verilişlərin yerinə əsl İslam dini haqqında verilişlər hazırlayıb tamaşaçılara təqdim etməklə başlamaq mümkündür. İnsanlara dini başqa cür başa salırlar. Əsl İslamın nə olduğunu hər kəsin diqqətinə çatdırmaq lazımdır. Orta və ali məktəblərdə İslam dini ilə yanaşı digər dinlər haqqında da məlumatlar verilməsini arzulayardım. Bəlkə, bundan sonra insanlar din haqqında yanlış fikirləşməz, səhv yolla getməzlər.
-Ancaq bəziləri Suriyada döyüşən azərbaycanlıların cinayət məsuliyyətinə cəlb edilməsini təklif edirlər. Bu təklifə münasibətiniz necədir?
-Həmin şəxslərin mütləq həbs olunmasının, vətəndaşlıqdan çıxarılmasının əleyhinəyəm. Onların amnistiyaya salınmasına və geri qayıtmaları üçün şərait yaradılmasına tərəfdaram. Qoy vətənlərinə gəlsinlər və yanlış yoldan geri dönsünlər. Onlara başa salmaq lazımdır ki, savaşmaq istəyirsənsə, günün birində Qarabağda vuruşa bilərsən. Ona görə də profilaktik tədbirlər geniş miqyas almalıdır. Təbliğat işləri dayandırılmamalıdır. Geri qayıdan şəxslərdən kimsə qərəzli şəkildə yenə ora yollanarsa, belə adamlara hər hansı cəza tətbiq oluna bilər. Bu zaman onlara qanun qarşısında cavab verəcəklərini əvvəldən bildirmək lazımdır.
Süleyman İsmayılbəyli