“Almaniya təhsil almaq üçün ideal ölkədir”
Famil Qurbanov: “Son illər ölkəmizdən çox sayda tələbələrin Almaniyaya göndəriləməsi və eyni zamanda diaspora təşkilatlarımızn fəaliyyəti nəticəsində ölkəmizin müəyyən mənada tanınmasına nail olunub”
3 Fevral 2014 14:33 MüsahibəAlmaniyanın Flensburg Universitetinin Avropa Birliyi üzrə magistr proqramının məzunu, "Political Analyses" saytında araşdırmaçı yazar Famil Qurbanov "OLAYLAR"a müsahibə verib.
- Təhsil aldığınız ölkənin özəllikləri barədə ne deyə bilərsiniz?
- Almaniya Federativ Respublikası 16 federal torpaqdan ibarətdir və paytaxtı Berlin şəhəridir. Bu ölkə öz iqtisadi gücünə görə dünyada ən inkişaf etmiş ölkələrdən biridir. Ölkədə her şey sosial rifah dövləti prinsipinə görə idarə olunur, yəni dövlət və şirkətlər tərəfindən atılan hər bir addımın təməlində insanların hüquqlarının və azadlıqlarının qorunması, təmin olunması və sosial rifahı nəzərdə tutulur. Almaniya dünyada mövud olan müasir təhsil sistemlerinin və dəyərlərinin bütün özəlliklərini özündə əks etdirir. Həm müəllimlərin bilik və bacarıqlarına görə həm də, tələbələrə göstərilən liberal münasibətə görə bu ölkə təhsil almaq üçün ideal olan ölkələrdən biri hesab oluna bilər. Bununla birlikdə yerli və xarici tələbələrə yaradılan sosial imkanlar da xüsusi ilə qeyd olunmalıdır. Belə ki, Almaniyada tələbələr bir çox sosial xərclərdən azad ediliblər və ya minimum həddə tabe tutulublar. Keyfiyətli təhsil ilə birlikdə, tələbələrə sərfəli qiymətlərlə Avropada səyahət etmə imkanları da təmin edir.
- Almaniyada həmyerlilərimizə münasibət necədir?
- Azərbaycanlıların Almaniyada geniş miqyasada tanındığını deyə bilmərəm, təbii ki tam olaraq tanınma olmursa hər hansı bir bir münasibətdən bəhs etmek çətin olar. Buna baxmayaraq son illərdəki ölkəmizdə baş verən önəmli müsbət və müsbət olmayan hadisələr alman mediasının nəzərindən qaçmır və nəticədə medianı izləyən insanların təsəvvüründə ölkəmiz barəsində müəyyən anlayış yaranır. Bnunla birlikdə son illər ölkəmizdən çox sayda tələbələrin Almaniyaya göndəriləməsi və eyni zamanda diaspora təşkilatlarımızn fəaliyyəti nəticəsində ölkəmizin müəyyən mənada tanınmasına nail olunub. Ümumi olaraq immiqrantlarla yerli əhali arasında mövcud olan sosial iqtisadi fərqliliklər aradakı münasibətə öz təsirini göstərir, və düşünürəm ki, bu, normal haldır. Buna baxmayaraq hüquqi baxımdan immiqrantlara qarşı hər hansı bir ayrıseçkilik nəzərə çarpmır.
- Almanlar Dağlıq Qarabağ məsələsi barədə nə dərəcədə məlumatlıdırlar?
- Onu deyə bilərəm ki, almanlar arasında Dağlıq Qarabağ haqqında əsasən bu sahədə elmi fəaliyyəti və ya xüsusi marağı olan insanların məlumatı var. Bununla birlikdə Qarabağ problemi haqqında Almaniyda humanitar sahəsində akademik fəaliyyətlə məşğul olan azərbaycanlılar tərəfindən nəşr olunan bir neçə kitab və məqalələr mövcuddur. Ümumi olaraq geniş xalq kütləsinin bu barədə məlumatı demək olar ki, yox dərəcəsindədir. Bu məsələ haqqında doğru məlumatların Almaniyada yayılması üçün diaspora təşkilatlarının, tələbələrin və həmvətənlilərimizin üzərinə məsuliyyət düşür.
Sevda Qurbanqızı