Gənclərə yüksək səviyyədə dövlət qayğısı göstərilir - MÜSAHİBƏ

Nəcəf Novruzov: “2 fevral Azərbaycan gənclərinə Heydər Əliyevin hədiyyəsidir”

"Gənclər Günü MDB məkanı və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda keçirilib"

Bu günlərdə Azərbaycan gəncliyi öz bayramını qeyd edir.  1997-ci il, fevralın 2-dən etibarən hər ilin bu günü Gənclər Günü kimi qeyd edilir. 2 fevral-Gənclər Günü ərəfəsində gənclərin ölkənin ictimai-siyasi həyatında hansı formada iştirakı, onların hərbi vərənpərvərlik ruhunun artırılması istiqamətində görülən tədbirlər və digər məsələlərə aydınlıq gətirmək üçün Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzovla söhbətləşdik.

-Nəcəf müəllim, qarşıdan 2 fevral-Gənclər Günü gəlir. Bu günün əhəmiyyəti nədən ibarətdir və ölkədə həyata keçirilən dövlət gənclər siyasətini necə qiymətləndirirsiniz?

-1997-ci ildən etibarən hər il fevral ayının 2-si respublikamızda Gənclər Günü kimi qeyd edilir. Bu bayram Azərbaycan gənclərinə ümummilli lider Heydər Əliyevin bir hədiyyəsi və gəncliyə göstərilən diqqət və qayğının nümunəsidir. Gənclər Günü MDB məkanı və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda keçirilib. Dünyada üzrə isə 1998-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatının qərarı ilə avqust ayının 12-də Ümumdünya Gənclər Günü kimi qeyd edilir. Azərbaycanda dövlət gənslər siyasətinə aid bir sıra dövlət proqramları, Azəbaycan Respublikasının qanunları tətbiq edilib və ölkədə yaradıcı, istedadlı gənclərə dövlət qayğısı gündən-günə artır. Azərbaycan gənclərinin bir qismi kimi Nərimanov rayon gəncləri aasında da aktivlik müşahidə edilir. Bizim rayon ərazisində də gənclərə yüksək səviyyədə dövlət qayğısı göstərilir. Məlumat üçün qeyd edim ki, artıq rayonumuzda 30-a yaxın fəal gəncə Nərimanov Rayon İcra Hakimiyyəti və idarəmiz tərəfindən aylıq təqaüdlər təsis edilib. 2 fevral-Gənclər Günü ərəfəsində hər ay 100 manat olmaqla təqaüd veriləcək. Həmçinin il ərzində müxtəlif sahələrdə fərqlənmiş gənclər rayon İcra Hakimiyyəti və idarəmiz tərəfindən mükafatlandırılır. Gələcəkdə də gənclərlə sıx işləməyi nəzərdə tuturuq. Bununla bağlı da yaxın vaxtlarda bir sıra tədbirlər həyata keçiriləcək.

-Mütəmadi olaraq rəhbərlik etdiyiniz idarə rayon ərazisində yerləşən hərbi hissələrdə görüşlər keçirir, gənclərin həmin hərbi hissələrə səfərləri təşkil olunur. Bu kimi görüşlər gənclərin hərbi vətənpərvərlik ruhunun artırılmasına nə dərəcədə müsbət təsir göstərir?

-Müntəzəm olaraq gənclərin hərbi hazırlığı ilə bağlı yarışlar keçiririk. Bunlar Şahin və Cəsurlar Hərbi İdman yarışlarıdır. Məlum olduğu kimi rayon ərazisində Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin hətbi hissələri yerləşir. İdarə olaraq həmin hərbi hissələrlə birlikdə müəyyən tədbirlər keçiririk. 2 fevral-Gənclər Günü ərəfəsində də belə bir görüş keçirməyi nəzərdə tuturuq. Həmin görüşlər zamanı hərbi xidmətdə fərqlənən hərbiçilər mükafatlandırılır. Heç şübhəsiz ki, həmin görüşlər də gənclərin iştirakı ilə baş tutur. Deyərdim ki, gənclər arasında bu kimi görüşlər çox böyük əhval-ruhiyyə yaradır və gənclərin hərbi vətənpərvərlik ruhunun artmasına müsbət təsir göstərir.

-Ümumilikdə Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında iştirakı sizi qane edirmi?

-Bu gün gənclər ölkənin ictimi-siyasi həyatında aktivdirlər. Gənclər siyasi proseslərdə fəal şəkildə iştirak edirlər. Bundan başqa fəal gənclərin, eləcə də gənclər təşkilatlarının layihələri həm Gənclər və İdman Nazirliyi, həm də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilir. Bununla da gənclərin ictimai-siyasi aktivliyi bir qədər də artır. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sıralarında 200 minə yaxın gəncin olması, həmin gənclərdən böyük əksəriyyətinin daha aktiv fəaliyyət göstərməsini deyilənlərə misal göstərmək olar. Bu gün öndə olan fəal gənclərin məhz Yeni Azərbaycan Partiyasının Gənclər Birliyində təmsil olunması da bizi sevindirir.

-Nərimanov Rayon Gənclər və İdman İdarəsi olaraq 2014-cü il üçün fəaliyyət proqramınızı müəyyən etmisinizmi və cari il ərzində bu istiqamətdə hansı tədbirlər keçirməyi düşünürsünüz? Ümumilikdə, gənclərə yeni nələr vəd edirsiniz?

-Təhsildə, ictimai fəaliyyətdə aktiv olan gənclərin hər zaman qiymətləndirilməsi nəzərdə tutulur. Bundan başqa yaradıcı gənclərlə bağlı yay düşərgələrinin təşkil olunması planlaşdırılır. Gənclərin hərbi vətənpərvərlik ruhunun artırılması istiqamətində "Ali Baş Komandanın əmrinə hər zaman hazırıq" adlı yay düşərgəsi keçirmək istəyirik. Bu da vətənpərvər ruhda böyüyən gənclərin sayının artmasına hesablanıb. Eyni zamanda il ərzində valideyn himayəsindən məhrum olan, fiziki cəhətdən qüsurlu gənclərə diqqət artırılacaq. Həmçinin cəzaçəkmə müəssisəsindən azad olunan gənclərin reablitasiya olunması, onların cəmiyyətə adaptasiya edilməsi üçün bir sıra tədbirlər keçiriləcək. Ali təhsilini bitirən işsiz gənclərin müvafiq işlə təmin olunması üçün əmək yarmarkalarının təşkil edilməsi məsələsi də Nərimanov Rayon Gənclər və İdman İdarəsinin cari il üçün nəzərdə tutduğu tədbirlər planında yer alıb. Gənclərin asudə vaxtının səmərəli şəkildə təşkili, onların narkomaniya kimi pis vərdişlərdən uzaqlaşdırılması istiqamətində də tədbirlər təşkil ediləcək. Onu da qeyd edim ki, idarənin hazırladığı tədbirlər planı Gənclər və İdman Nazirliyi, eləcə də Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq olunub.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31