“İnternet məkanında Qarabağın təbliği daha da artmalıdır” - MÜSAHİBƏ
Zaur Qəriboğlu: “Azərbaycan barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində informasiya-telekommunikasiya texnologiyalarının xüsusi rolu var”
30 Yanvar 2014 14:05 MüsahibəMəlum olduğu kimi Azərbaycan Mətbuat Şurası 2014-cü ili "İnternet Mediası İli" elan edib. Azərbaycanda yüzlərlə internet media orqanı mövcuddur. Azərbaycanın internet mediası məkanında demək olar ki, bütün mövzular işıqlandırılır. Bəs Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ məsələsi internet media məkanında nə dərəcədə aktualdır? Sözügedən məsələ ilə bağlı KarabakhİNFO.com e-jurnalının baş redaktoru, prezident təqaüdçüsü, yazar Zaur Qəriboğlu "OLAYLAR"a müsahibə verib.
- İnternet mediası məkanında Dağlıq Qarabağ məsələsinin işıqlandırılmasını qənaətbəxş hesab edirsinizmi?
- Məlumdur ki, Azərbaycan barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində informasiya-telekommunikasiya texnologiyalarının xüsusi rolu var. Lakin bizim burda gücümüz yetərlidirmi? Əlbəttdə ki xeyr. Bu gün Dağlıq Qarabağın ermənilər tərəfindən işğala məruz qalmasını dünya ictimaiyyətinə çatdırmaqda biz çox geri qalmışıq. Ermənilərə məxsus olan "erməni məsələsi" və Qarabağdan yazan kifayət qədər veb saytlar olmasına baxmayaraq bu mövzuda yazan azərbaycanlı saytların sayı heç 100-ə çatmır. Ermənilər veb saytların necə effektiv təbliğat vasitəsi olduğunu çoxdan anlayıb və tətbiq etməyə başlayıblar, hətta Ermənistanda və Qarabağda bu məqsədlə yerli internet istifadəçilərinə treninqlər də keçirilir, onlara "Ermənistan və Qarabağ barədə həqiqəti" necə yazmalı olduqlarını öyrədirlər. Bu işdə onlara Ermənistanın dövlət orqanları yaxından kömək göstərir. Bizdə isə Dağlq Qarabağa olan təcavüzü tam olaraq işıqlandıracaq azsaylı saytlar var. Sadəcə bir misal çəkim, www.karabakh.com, www.qubadli.com, www.cebrayil.com, www.aghdam.com, www.xocavend.com, www.kelbecer.com, www.lachin.com, www.karabakh.net, www.susha.com, www.karabakh.biz, www.karabakh.info, www.xocali.com, www.karabakh.ru, www.karabakh.org, www.susha.net, www.lachin.com kimi saytları ermənilər özününkü edibdir. Biz isə sadəcə domen -saytın ünvanı məsələsində belə uduzuruq. İnternet məkanda Dağlıq Qarabağ məsələsi ilə bağlı daha çox təbliğat aparmalı və ermənilərə qarşı informasiya mübarizəsində qalib gəlməliyik.
Digər bir məsələ Azərbaycanda media orqanları Qarabağ mövzusunda yazan saytlara qısqanclıq göstərirlər. Bəziləri birbaşa olaraq media etikasını qırağa qoyaraq müəllif hüquqları haqqında qanunvericiliyi kobud şəkildə pozurlar. Ermənilər bir-birlərinə dəstək olduğu halda bizdə yazılara Qarabağın səsin dünyaya çatdıran KarabakhİNFO.com beynəlxalq e- jurnala belə istinad vermirlər. Bu günlərdə "KarabakhİNFO.com" beynəlxalq e-jurnalının rəsmi məktubu nəticəsində İndoneziya Respublikasının Parlamenti Xalq Nümayəndələr Palatasının sədri, cənab DR. H. Marzuki Alie Dağlıq Qarabağın işğalı və Xocalı Soyqırımı haqqında eksklüziv müsahibəsini bir çox sayt götürüb. Heç bir istinad vermədən öz adlarına çıxıblar. Dəfələrlə biz bizim saytda çıxan yazıları, xəbərləri digər medialarda çıxdığını görürük. Lakin müraciətlərimizə, etirazlarımıza baxmayaraq hələ də bu hal davam edir.
- İnformasiyanın geniş yayıldığı bir zamanda ermənilərə qarşı informasiya mübarizəsində qalib gələ bilmək üçün hansı işlər görülməlidir?
- İlkin olaraq bu prosesdə təkcə dövlət qurumları, ayrı-ayrı təşkilatlar və vətəndaşlar deyil, həm də dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz də yaxından iştirak etməlidirlər. Saytların sayı artmalıdır. Azərbaycanla və Dağlıq Qarabağla bağlı domenlər əldə edilməlidir. Qarabağdan yazan saytlar arasında interaktiv əlaqə olmalıdır. Daha çox xarici ekspertləri cəlb etmək lazımdır. Virtual məkanda olan forumlara qeydiyyat aparılıb Qarabağla bağlı məlumatlar yerləşdirmək lazımdır. Google, Vikipediya, Yahoo və digər saytlarla əməkdaşlıq edilməli, Qarabağla bağlı dəqiq məlumatlar orda öz əksin tapmalıdır.
Bu gün tam əminliklə demək olar ki, internet məkanında ermənilərə qarşı mübarizə aparan saytlardan biri, bəlkə də birincisi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təsisçiliyi, AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun ideya müəllifliyi və təşəbbüsü ilə yaradılmış KarabakhİNFO.com (www.karabakhinfo.com) beynəlxalq elektron jurnalıdır. Bir il ərzində siyasi xadimlərlə yanaşı, Qarabağla bağlı araşdırma aparan mütəxəsissləri də ətrafına toplamağa nail olan KarabakhİNFO.com beynəlxalq elektron jurnalı tam əminliklə deyə bilərəm ki, ermənilərin informasiya siyasətinin qarşısını ala bilir. Saytın on dildə (Azərbaycan ,ingilis, alman, rus, türk, ispan, italiyan, fransız, ərəb və erməni dillərində) təqdimatı onun beynəlxalq səviyyədə geniş istifadə imkanlarını təmin edir. Qarabağ həqiqətlərini bütövlükdə özündə əks etdirən KarabakhİNFO.com beynəlxalq e- jurnalını Qarabağ haqqında ensiklopediya hesab etmək olar və bu, sözsüz ki, bölgə haqqında internet məkanında informasiya bolluğu yaradır.
- Müasir oxucu kütləsi üçün Dağlıq Qarabağ mövzusu nə dərəcədə aktualdır?
- Biz KarabakhİNFO.com beynəlxalq e- jurnalın təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, zəif də olsa var. Misal olaraq bizim elektron poçta gələn bir məktubu göstərə bilərəm: "Əvvəla Qarabağla bağlı saytın yaradılması ilə bağlı ilk təkliflər və təşəbbüskarlıq üçün sizə minnətdarlığımı bildirirəm. Bu əsil vətəndaş kimi sizin belə prioritet məsələlərə nə qədər həssas olmağınızdan xəbər verir. Onsuz da bu yönümdə fəaliyyətiniz yaxşı məlumdur. Bununla yanaşı, Virtual Qarabağla bağlı öz töhfənizi vermək istəyinizi yüksək qiymətləndirirəm".
Oxucular əsasən xarici ölkələrdəndir. Azərbaycan oxucuları şou biznes xəbərlərinə meyilli olsalar belə, Qarabağla bağlı ciddi yazılar oxunur. Bu da onu göstərir ki, oxucular bu gün də mövzuya öz aktuallığın qoruyub saxlayır.
Sevda Qurbanqızı